“İqtidarlı-müxalifətli birləşib”…backend

“İqtidarlı-müxalifətli birləşib”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş deputat, iş adamı, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayev özünün facebook səhifəsində Azərbaycanın üzləşdiyi iqtisadi böhranla bağı bəzi təkliflərlə çıxış edib. Musavat.com H.Abdullayevin həmin yazısını təqdim edir:

“Dəyərli oxucularım!

Heç şübhəsiz ki, indi hər birimizi düşündürən, eləcə də ölkəmiz üçün həyati önəm daşıyan ən vacib məsələlərdən biri, iqtisadiyyatımızın düşdüyü ağır şok vəziyyətindən nə vaxt və necə çıxması ilə bağlıdır. Lakin hazırki mənzərə onu göstərir ki, böhranın bu cür dərinləşməsində əsas katalizator rolunu oynayan hakimiyyət konkret addımlar atmaq əvəzinə, boş, primitiv və populist bəyanatlar verməkdən başqa, heç bir əməli tədbirlər görmür. Bu baxımdan bir azərbaycanlı olaraq (hər halda patriotizim hansısa partiyanın ideologiyasında deyil, hər bir Azərbaycanlının qanında və xarakterində olmalıdır) hesab edirəm ki, həm iqtidar, həm də müxalifət nümayəndələri bir araya gəlməli, müvəqqəti olsa belə, öz şəxsi intriqalarını kənara qoyub, dərinləşməkdə olan böhrandan necə çıxmaq yollarının konkret strategiyasını müəyyənləşdirməlidilər.

“Mən öz növbəmdə aparıcı alman ekspertlərinin və tanınmış sənayeçi iş adamlarının bu prosesə cəlb olunmasına hər cür yardım göstərməyə hazıram”

Əks halda, ictimai sabitliyin qorunması və daha dəhşətli xarakter daşıyacaq gözlənilən kriminogen vəziyyətin nəzarətdə saxlanması mümkün olmayacaq.
Təbii ki, bu təşəbbüs və siyasi iradəni xüsusi ilə iqtidar tərəfi göstərməlidir. Şəxsən mənim görmək istədiyim həmin nümayəndə heyəti yüksək qabiliyyətli, peşəkar və mənsub olduğu xalqın marağını hər şeydən uca və üstün tutan ciddi iqtisadçılardan ibarət olmalıdır. Belə bir komandanın yaradıldığı təqdirdə, Azərbaycandakı makro iqtisadi vəziyyət diqqətlə analiz edilməli və gərəkirsə, hətta xaricdən belə, tanınmış mütəxəssislər cəlb edilməli və məhz onların monitorinqi altında çevik və təxirə salınmaz tədbirlər görülməlidir (mən öz növbəmdə aparıcı alman ekspertlərinin və tanınmış sənayeçi iş adamlarının bu prosesə cəlb olunmasına hər cür yardım göstərməyə hazıram).

Əgər tarixə yaxşı nəzər yetirsək, görərik ki, II Dünya Savaşından məğlub durumda çıxmış və hər qarışı dağıntılar altında qalmış o vaxtkı Almaniyanın durumu bizim indiki vəziyyətdən heç də yaxşı deyildi. Amma baxın, bu gün Almaniya dünyanın ən güclü iqtisadiyyatına sahib ölkələrdən biri olmaqla yanaşı, möhtəşəm bir sənaye ölkəsinə çevrilmişdir. Yeri gəlmişkən qeyd edim ki, alman şirkətləri orta hesabla hər il 1 trilyon 500 milyard avroluq məhsul ixrac edirlər. Fikrimi bu məqama gətirməkdə məqsədim, yenə də II Dünya Müharibəsində Xirosima – Naqasaki faciəsini yaşamış Yaponiyanın necə “Alman təcrübəsi”ndən istifadə etməsini və qısa bir sürədən sonra, öz milli sənayesini yaradaraq, Asiya-Pasefik qitəsinin ən böyük iqtisadiyyatlarından birinə sahib olmasını göstərməkdir.

Əziz soydaşlarım!

Mən mühacir statusu ilə yaşadığım Almaniyadakı tanışlarımla diskussiya apardıqda, eləcə də onların iqtisadiyyatının bu qədər uğurla inkişaf etməsinin sirrini öyrəndikdə, müsahiblərimin çoxu bu nailiyyətlərə görə ölkənin Kansleri olmuş, əfsanəvi dövlət qurucusu Konrad Adenauerə borclu olduqlarını bildirirlər. Hətta “\’Onu bizə Allah göndərdi” deməkdən belə çəkinmirlər. Bununla qürur duyurlar. Bu, alman dövlətçiliyinə olan sevginin qürurudur. Bu, alman xalqının mənəvi istinad nöqtəsidir.

“Dövlət bir gəmiyə bənzər. Bizim bu gəmi fors-major nəticəsində ağır bir zədəyə məruz qalıb. Biz həmin gəmini təmir edib, yolumuza davam etməliyik”

Bəli, mən də bu fikirdəyəm ki, 3-cü Reyxin dağılmasından sonra, Kansler seçilmiş dahi Adenauerin israrlı və prinsipial mövqeyindən sonra, yeni bir nəhəng Almaniya iqtisadiyyatı yaranıb. Bununla yanaşı milli gəlirlərin tən yarısı təhsil sisteminə qoyulmuş və beləliklə də alman xalqının xoşbəxt və firavan gələcəyi təmin olunmuşdur. Əminəm ki, bütün azərbaycanlıların ən böyük arzusu bizim ölkənin də sağlam, güclü və özünə layiq bir iqtisadiyyata sahib olmasını görmələridir. Sözümün canı odur ki, dövlət bir gəmiyə bənzər. Hər birimiz ictimai və siyasi mövqeyindən asılı olmayaraq, bu gəmidə yaşamağa məhkumuq. Maləsəf, bizim bu gəmi fors-major nəticəsində ağır bir zədəyə məruz qalıb. Və biz istəsək də, istəməsək də həmin gəmini təmir edib, öz yolumuza davam etməliyik”. (musavat)

İnterpress.az