“Testlə qəbul olmasa test repetirorluğu səngiyər”backend

“Testlə qəbul olmasa test repetirorluğu səngiyər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Test imtahanlarının ləğvi son günlər geniş müzakirələrə səbəb olub. İnterpress.az mövzu ilə əlaqədar olaraq Azərbaycan Təhsil Şurasının Sədri, Professor, Tədris məsləhətçisi Əjdər Ağayevlə olan müsahibəni oxucuların diqqətinə çatdirir.

Test imtahanlarının ləğvi ilə bağlı verdiyiniz açıqlama ölkədə böyük hay-küyə səbəb oldu. Test imatahanlarının ləğvi yenidən korrupsiya hallarının genişlənməsinə, rüşvətxorluğun artmasına və keçmişdə olduğu kimi yalnız siyahi üzrə adları olanların ali məktəblərə qəbulu təkrar olumayacaqmı?

– Sualınıza cavab olaraq qeyd etmək istərdim ki, mən qəbul imtahanlarının testlə keçirilməsinin insanların ümumi hazırlığına ziyan vurduğunu nəzərə alaraq onun məhdudlaşdırılmasını təklif etmişəm. Çünki qəbul imtahanlarının testlə aparılması şagirdləri ümumtəhsil məktəbindən yayındırır və nəticədə onlar fiziki, estetik, siyasi-ideya, mənəvi keyfiyyətlərə lazımınca yiyələnə bilmirlər. Yəni sağlam, vətəndaş mövqeli insanlar kimi yetişməkdə çətinlik çəkirlər.

Əgər məktəb təhsil verirsə şagirdlərin repetitor yanına getməsi nə dərəcədə düzgün hesab olunur və bunun nə kimi zərərləri olur ?

– Repetitorluq məktəblərin özündə vüsət aldığına görə şagirdlər dərslərdən sonra lazımınca qidalanmadan repetitor məşğələlərinə qatılırlar, gecdən gec evə gələrkən halsız və yorğun olurlar. Bu hal bir neçə il davam etdiyindən ali məktəbə qəbul olduqdan sonra həmin məzunlar iradi, fiziki cəhətdən möhkəmliklərini itirirlər. Nəticədə həm sağlamlıq əldən gedir, həm də yalnız bir qrup üzrə yaddaş hazırlıqları keçdiklərinə görə hərtərəfli hazırlığa malik olmurlar.

90 cı illərdən üzübəri test imtahanlarının qəbulundan sonra kasıb balalarının da ali məktəbə qəbul olunmasınin əsas dayaqları olan test üsulunun ləğvindən fəsadlar törəməyəcək ?

– Mən də şərikəm ki, test imtahanları əsasən obyektiv keçirildiyinə görə hər kəs müvafiq balla ali məktəbə qəbul ola bilir. Amma son illərin təcrübəsi göstərir ki, bu tələbələrin böyük əksəriyyəti geniş dünyagörüşünə, mahiyyətə varan biliklərə malik olmur. Hətta onların içərisində incəsənət xadimlərini, dövlət xadimlərini, elm korifeylərini, aparıcı jurnalistləri, itirilmiş torpaqları tanımayanlar vardır. Yəni test gənclərin vətəndaş mövqeyini formalaşdırmağa mane olur. Onların kreativ düşüncəyə, təşəbbüskarlığa, təhlil-tərkib qabiliyyətinə, yazılı və şifahi nitq bacarıqlarına yiyələnmələrini təmin etmir.

Ali məktəblərdən birindəki bir qrupda testlə keçirilən semestr imtahanında yüksək qiymətlər almış tələbələrin həmin test suallaına mahiyyəti aşkarlayaraq cavab vermələri təklif olunub. Bütün tələbələr sualların məzmunu və mahiyyətini aşkarlamaqda yazılı və şifahi olaraq çətinlik çəkiblər. Deməli, yaddaşa söykənən test təfəkkürün inkişafına, mahiyyətin elmi əsaslarla qavranılmasına mane olur. Ona görə də mən təklif edirəm ki, ali və orta ixtisas məktəblərinə qəbul formaca və məzmunca yeniləşsin. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əvvəlcə yazılı imtahan, sonra şifahi imtahan, üçüncü olaraq isə test imtahan forması tətbiq olunsun.

Test imatahanlarının ləğv olunması korrupsiya hallarının artmasına və rüşvətxorluğun genişlənməsinə zəmin yaratmayacaqmı?

-Mən korrupsiyanın mövcudluğunu və bu prosesdə müəyyən təsirə malik olacağını bildiyim üçün təşkilatı baxımdan qəbul prosesinin keçirilməsi modelinin yaradılmasını da təklif edirəm. Digər tərəfdən korrupsiya var deyə sağlam nəsil yetişdirmək arzularımızı və imkanlarımızı məhdudlaşdırmağın tərəfdarı deyiləm. Olmazmı ki, şəffaf, ədalətli, obyektiv qiymətləndirmə xatirinə korrupsionerlər ifşa edilib sıradan çıxarılsın. Mənim fikirlərim ilk növbədə vətəndaş mövqeyimdən, millətin balalarının sağlamlığının geniş hazırlığa malik olması mövqeyindən və 50 illik pedaqoji təcrübəmin nəticələrindən irəli gəlir. Mənim fikirlərim yalnız özümə aiddir. Mən indiyə qədər heç bir kənar təsir altına düşməmişəm. Kiminsə fikrini söyləməmişəm, heç vaxt qərəzli və şəxsi mənafeli olmamışam. İstərdim ki, bunu mənim çoxsaylı tələbələrim və geniş ictimaiyyət bilsin və kiminsə yozumunun təsirinə düşməsin. 90-cı illərdə testin tətbiqi zərurətdən yarandı. Pedaqoji proses və cəmiyyətdəki qarışıqlıq digər yol seçməyə imkan vermirdi. Bəllidir ki, ilk 5 ilin qəbulları obyektivliyi təmin etdi və tələbələr yüksək bilik nümayiş etdirdilər. Niyə? ona görə ki, həmin məzunlar yüksək təlim prosesi və sistemi olan məktəblərdən gəlmişdilər. Bütün məktəb fənlərinin öyrənilməsində iştirak etmişdilər. Elementar səviyyədə hərtərəfli hazırlığa malik idilər. Fikirlərini, elmi yanaşmalarını yazılı və şifahi şərh edə bilirdilər. Yəni o testlə imtahan qəbullarının uğuru ilk növbədə ümumtəhsil məktəbinin nailiyyəti idi.

Ümumtəhsil məktəblərinin hər tərəfli hazırlığı varmı və bugünün təhsili sizi qane edirmi?

-Ümumtəhsil təhsil məktəblərinin əksəriyyəti təlim-tədris işini yüksək tələblər səviyyəsində qurmur. Elə məktəblər var ki, tədris planında yer tutan fiziki tərbiyə, texnologiya, musiqi, təsviri incəsənət kimi fənlərin tədrisinə diqqət yetirmir. Bəzi fənlərin tədrisində isə şagirdlərdə ifrat yorğunluq yaradır. Məktəblərdə pedaqoji-psixoloji tələblər gözlənilmir. Bəzi məktəblərdə isə repetitor məktəbinə yardımçı olmaq məqsədi ilə direktorlar maddi qazanc mövqeyində olurlar. Məktəblərin bir çoxunda idarəedicilik funksiyası təhsil elminə əsaslanmır. İdarəedicilərin bir çoxu təlim-tərbiyə, təhsil sahəsinin qanunauyğunluqları, tələbləri, elmi əsasları olduğunu bilmir, heç bilmək də istəmirlər. Özlərinin bəsit təsəvvürlərinə üstünlük verirlər. Belə məktəblərin məzunları çıxış yolunu test tapşırıqlarının əzbərlənməsində tapırlar və ali məktəbə qəbul olunurlar. Düşünürəm ki, testlə qəbul olmasa test repetirorluğu səngiyər və məktəb öz işinin keyfiyyətini yüksəltməyə çalışar. Bu barədə geniş danışmaq olar, elə bilirəm ki, arifə bir işarə bəs olduğu kimi, söylədiklərim məni düzgün anlayanlara kifayətedici olacaq.

Tədris planından çıxarılmış fənlərin təhsilə nə kimi zərəri yaranır?

-Yeri gəlmişkən qeyd etmək istərdim ki, vətəndaş mövqeyi aşılayan bir sıra fənlər son illərdə tədris planından çıxarılmışdır. Azərbaycan Konstitusiyasının əsasları, iqtisadiyyatın əsasları kimi fənlər, bu günlərdə isə Həyati bacarıqlar fənninin fakültativ tədrisi dayandırılmışdır. Düşünürəm ki, bu fənlərin dayandırılması. Azərbaycan tarixi fənninin bütün ixtisaslarda qəbul imtahanlarına və yaxud buraxılış imtahanlarına salınmaması məzunların vətəndaş hazırlığı problemini meydana çıxarır.

Aynur Arifqızı
İnterpress.az