“Araz Əlizadə xalqdan üzr istəməlidir!”backend

“Araz Əlizadə xalqdan üzr istəməlidir!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında qalmaqallı fikirləri bir neçə gündür mətbuatın gündəmini məşğul edir və cəmiyyətdə gərginlik yaradıb.

“Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi” deməsi tarixçiləri və elm adamlarını ayağa qaldırdı.

İlk əvvəl millət vəkili Fazil Mustafanın məqalələrindən birinə istinad edərək açıqlama verdiyini bildirən Araz Əlizadə səhvini başa düşüb Fazil Mustafaya zəng edərək üzr istəyib. Məlum açıqlamaya cavab olaraq Fazil Mustafa “Facebook” səhifəsində də : “Bayaqdan mənə media quruluşlarından, ayrı-ayrı vətəndaşlardan zənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə yoxdur və ola da bilməz. Çünki illərdir Nuri Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuri Paşanın adını çəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür.”deyə yazdı.

Əgər Araz Əlizadə Fazil Mustafadan üzr istədisə o zaman görəsən hansı mənbəyə istinadən bu açıqlamanı verib? Bir millət vəkili necə xalqın və ölkənin həssas yanaşdığı, tariximiz və eyni zamanda iki ölkə arasında önəmli olan bir məsələ ilə bağlı bu qədər məsuliyyətsiz və mənbə göstərmədən açıqlama verir? Bunun arxasında hansı məqsədlər durur? Bir millət vəkilinin tarixə və keçmişə bu qədər laqeyid və cəfəng açıqlamasının hansısa bir dayaq nöqtəsi varmı? Bu suallarla tarixçi-alim Nəsiman Yaqubluya müraciət etdik.

Nəsiman Yaqublu: İnsanlarımız baş verən hadisələr barəsində ciddi məlumata malik olub sonra açıqlama versinlər.

“Araz Əlizadə xalqdan üzr istəməlidir!”

Erməniləri 1918-ci ildə Osmanlı Türkiyəsi ilə Azərbaycan xalq cümhuriyyəti arasında Azərbaycana hərbi kömək göstərməklə bağlı müqavilə imzalandı. O dövrdə Bakını erməni daşnaqlarının əlindən azad etmək üçün Azərbaycan cümhuriyyəti Türkiyədən kömək istəyib. Azərbaycan torpaqlarının azad edilməsində böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri də Nuru Paşa olub. Nuru Paşa Azərbaycanın xilaskarlarından biridir. O, dövrdə ermənilər Van, Zonquldaq və Türkiyənin digər bölgələrində silahlı üsyanlar, toqquşmalar yaradırıdlar. Ermənilərin əsas məqsədi Türkiyə ərazilərində dövlət yaratmaq idi. Lakin Türkiyə güclü hərbi dövlət olduğuna görə onların bu niyyəti baş tutmadıqda həmin silahlı quldur dəstələrindən bir qrupu Qafqaz, xüsusən də Azərbaycan ərazisində qətliamlar törətməyə başladılar. Həmin o silahlı erməni dəstələri Birinci Dünya Savaşında çar ordusu tərkibində Türklərə qarşı vuruşurdular. Həmin o müharibə bitdikdən sonra o silahlı dəstələr Azərbaycan ərazilərinə gəlib qətliam törətdilər. Burda Türkiyənin nə kimi günahı var, bax mən onu başa düşə bilmirəm.

Bir Millət vəkilinin bu cür fikir bildirməsinə necə yanaşırsız? Burada hər hansı bir məqsəd ola bilərmi? İnsanlarımız baş verən hadisələr barəsində ciddi məlumata malik olub sonra açıqlama versinlər. Xüsusən də Qafqaz İslam ordusu, Nuru Paşa haqqında fikir bildirən insanlara mənim bu kitablarımı oxumalarını tövsiyyə edirəm. “Bakının qurtuluşu”, “Qafqaz İslam ordusunun Azərbaycandakı izləri”, “Ermənilər Türklərə qarşı” və “Məmməd Əmin Rəsulzadə ensiklopediyası” kitablarını oxuyub maariflənsinlər, bilgilərini artırsınlar və bilsinlər ki, əsl həqiqətlər necə olub. Bu dörd kitabı oxuyanlar kifayət qədər məlumat əldə edəcəklər.

“Yəqin ki Araz Əlizadə hardansa aldığı tapşırıqlar əsasında bu cür açıqlamalar verib.”

Məsələ ilə bağlı \”31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında\” kitabının müəllifi, Şərq qəzetinin baş redaktoru Akif Aşırlının mövqeyi daha sərt oldu:

“Araz Əlizadə xalqdan üzr istəməlidir!”

“Araz Əlizadənin söylədiyi bu fikirləri hardan götürdüyünü heç cür anlaya bilmirəm. Bu barədə kifayət qədər yazılar var. Əgər Araz Əlizadə həmin kitabları, monoqrafiyaları, Cəmil Həsənlinin yazdıqlarını və ümumilikdə Azərbaycan tarixini oxumuş olsaydı bu barədə belə açıqlama verməzdi.
Ermənilər və onların havadarları Azərbaycanı qan ocağına çevirmişdilər. 1918-ci ilin 31 martında təkcə Bakıda üç gün ərzində 18 min insan qətlə yetirillmişdi. Şamaxıda bir gün ərzində 7000 insan öldürülmüşdü. Əgər Qafqaz İslam Ordusu olmasaydı bu qırğınlar baş alıb gedərdi. 18.000 nəfər silahlı qoşun hissələri Gəncəyə doğru irəliləyirdi. Məmmməd Əmin Rəsulzadənin həmin dönəmi xarakterizə edən çox gözəl bir deyimi var. “Bizi bu fəlakətdən qurtaracaq yeganə qüvvə Türkiyədir və Nuru Paşanın Azərbaycana gəlişini xalq göydən enmiş bir mələk kimi qarşıladı”. Osmanlı Türkiyəsi həmin 6 ay ərzində 5 dəfə hərbi yardım etmişdi. İndi bu absurd və cəfəng fikri Araz Əlizadə hardan çıxarıb ki, guya Hacı Zeynalabidin Tağıyev bir fayton qızıl verməsəydi Nuru Paşa Gəncədə oturub yerindən tərpənmirdi. Ümumiyyətlə Araz Əlizadənin Türkçülüyə qarşı bir nifrəti var və o nifrətini biruzə verməkdən ötrü bu cür vasitələrdən istifadə edir. Azərbaycanın istiqlaliyyətinin, bu gün Bakının Azərbaycanın paytaxtı olmasında Qafqaz İslam Ordusunun böyük rolu var. Hansı ki, həmin o ordu Azərbaycanda 1136 şəhid verib. Belə bir ordunun və onun komandanı haqqında bu cür böhtan və iftiranın heç bir əsası yoxdur.”

Araz Əlizadə Azərbaycan tarixinə ləkə olan fikirlər söyləyir.

Bir millət vəkilinin bu cür məsuliyyətsiz açıqlama verməsini necə qiymətləndirirsiz sualına isə Akif Aşırlı belə cavab verdi: “Yəqin ki Araz Əlizadə hardansa aldığı tapşırıqlar əsasında bu cür açıqlamalar verib. Mən elə düşünürdüm ki, Araz Əlizadənin kifayət qədər mütaliə dairəsi var amma görürəm ki, nəinki Azərbaycan Xalq Cümhuriyyəti, heç Azərbaycan Tarixi barədə biliyi yoxdur. Çox təəssüf edirəm ki, Araz Əlizadə həmişə milli məsələlərdə və Türkçülüyə qarşı bəlli bir qüvvənin mövqeyindən çıxış edərək Azərbaycanın tarixi həqiqətlərini təhrif etməklə məşğuldur. Bu bəlli qüvvə isə təbbii ki, Rusiyadır. Rusiyanın maraqlarından ötrü Araz Əlizadə Azərbaycan tarixinə ləkə olan fikirlər söyləyir. Bir Millət vəkilinin dediyi bu fikirlər həmin insanı məsuliyyət daşımalı olmağa dəvət edir. Çox təəssüf ki, onun söylədiyi bu fikirlərdən ermənilər də yararlana biləcəklər. Yəqin ki, öz saytlarında Araz Əlizadənin çıxışlarına istinad edəcək və Türklərin ermənilərə qarşı soyqırım etdikləri haqda iddiaların əsaslı olması ilə bağlı yazılar yerləşdirəcəklər.”

“Bir dəli quyuya daş atdı və min ağıllı yığılıb o daşı çıxarda bilmədi”.

Millət vəkili Fəzail İbrahimli isə öz həmkarına ümumiyyətlə tarixdən danışmamağı məsləhət görüb: \”Araz Əlizadə tarixçi deyil, o dövrü bilmir, o dövr barədə təqdiqat aparmayıb hansı elmi ünvanla Nuru Paşadan və ya Azərbaycan tarixindən danışır? Ümumiyyətlə bu tip açıqlamalara mən məsuliyyətsiz bəyanatlar deyirəm. Bu cür açıqlama verənlər Türkiyə-Azərbaycan münasibətlərinə zərər vuran, bu millətin azadlığı uğrunda canından keçən qəhrəmanlarının ruhuna sataşanlardır. Nuru paşanın Azərbaycana gəlməsi üç ay çəkdi. Çünki Almanlar Türk qoşununun Azərbaycana girməsinə imkan vermirdi. O, qızıla gəlməmişdi Azərbaycan xalqını erməni daşnaqlarının əlindən xilas etməyə gəlmişdi. Əgər o vaxt Nuru Paşa bura gəlməsəydi indi Araz Əlizadənin özü də yox idi. Biz onların varisləriyik. Bütün Qafqazda “Allahu Əkbər” deyən bir başı papaqlı kişi qalmazdı. Bütün Qafqazda Türksüz bir erməni dövləti yaratmaq istəyirdilər. Bugünkü gündə bizim hər birimiz şükr etməliyik ki, Nuru Paşa Azərbaycana gəldi. Türklərin gəlişi ilə Azərbaycanın istiqlaliyyəti oldu Cümhuriyyət yarandı. Azərbaycan 23 ay öz sərhədlərinin tarixinə sahib oldu.\”

“Təzə dəllək gəlib kəkili daldan qoyur.”

Millət vəkilinin dilindən belə bir açıqlamanın yayımlanmasına fikir bildirən Tarixçi-alim, Günahın ən böyüyü Araz Əlizadənin belə cəfəng fikirlərini yayan jurnalistlərdədir dedi:

“Hansısa mənbədə, Sovet ədəbiyyatında və ya erməni mənbəsində belə bir faktın olması ilə bağlı bir məlumat olubmu? Sualına isə Fəzail İbrahimlli belə cavab verdi:

“Araz Əlizadə xalqdan üzr istəməlidir!”

“Mən bilmirəm ki, bu hardan bunu oxuyub, hardan bu fikrə gəlib. Ümumiyyətlə gündəmdə olmaq üçün nəsə danışan adamlar var. Tarixi məsələlərə müdaxilə edib məsuliyyətsiz bəyanatlar etməklə tarixi şəxsiyyətlərin adına ləkə gətirməyə heç kimin haqqı yoxdur. Biz deyirik ki, “Bir millət iki dövlətik”. Birdə ki, əsas onu bilmək lazımdır ki, bu sualı Araz Əlizadəyə hansı jurnalist verib? Araz Əlizadə tarixçi deyil, o sualı verib həmin fikri çap edən jurnalist kifayət qədər məsuliyyət daşımalıdır. Araz Əlizadə yeni seçiləndə bir dəfə fikir söyləmişdi onda dedim ki, təzə dəllək gəlib kəkili daldan qoyur. Yaşı 60 keçib, saçı saqqlı ağarıb. Haranın havasını çalır, niyə Türkçülüyə qarşı belə bir düşmənçiliyi, düşüncəsi var heç nə başa düşmürəm. Bu fikirlərinə görə Araz Əlizadə millətdən üzr istəməlidir. Çünki onun söylədikləri millətin tarixinə bir ləkədir.

Aynur Arifqızı
İnterpress.az