Müsavatın qərargahı önündəki aksiya müxalifəti diriltmək cəhdidirmi…backend

Müsavatın qərargahı önündəki aksiya müxalifəti diriltmək cəhdidirmi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə müxalifətinin passiv olduğu bir dönəmdə belə aksiyaların təşkil olunması suallar doğurur. Maraqlıdır ki, son illərdə belə hadisələr dəb halını alıb. Sanki hakimiyyət zəif müxalifəti “diriltmək” üçün cəhdlər göstərir. Əslində, dünya praktikasında bu cür hadisələr təbliğat kimi də qəbul olunur. Belə ki, aksiyadan telekanallar geniş verilişlər hazırlayır, eyni zamanda, mətbuat çoxsaylı xəbərlər dərc edir, aksiyanı günlərlə gündəmdə saxlayır. Əks təbliğat da təbliğata çevrilə bilir…

Bütün bunlara görə, aksiya ilə bağlı bir sıra iddialar var. Hakimiyyətin rəqiblərinin tam sıradan çıxmasını istəmədiyi də vurğulanır. Çünki hər bir ölkədə müxalifətin olması çox vacibdir və müxalifət olmayanda hakimiyyətdaxili savaş güclənir…

AĞ Partiya başqanı Tural Abbaslı bu iddialarla bağlı dedi: “Müsavatı və digər müxalif qurumları gündəmə gətirmək üçün bu tipli aksiyalardan istifadə olunduğunu deyə bilmərəm. Bunun məqsədini yalnız onu təşkil edənlər bilər. Müxalifəti “diriltmək”, gündəmə gətirmək müxtəlif anlayışlardır. Bu gün hər hansı bir partiyanın önə çıxması, yaxud önə çıxarılması o demək deyil ki, müxalifət dirçəldilir. Əksinə, bəlkə də bu, hakimiyyətin müxalifət daxilindəki güc balansını istədiyi kimi tənzimləmək siyasətidir. Amma bu danılmaz faktdır ki, bu cür aksiyalar hakimiyyətin, yaxud hansı məmur tərəfindən təşkil olunmasına baxmayaraq, kimin əleyhinədirsə, həmin şəxs gündəmə gələcək. Bu amil onun nüfuzunu qaldırıb-qaldırmayacağı, cəmiyyət tərəfindən necə qarşılanması başqa mövzuya aiddir. Cəmiyyət də əvvəlki cəmiyyət deyil. İnformasiya mənbələri çoxalıb. Cəmiyyət artıq hakimiyyət və müxalifətə yaxın mətbu orqanlarından asılı deyil. Alternativ informasiya mənbələrinə çıxışlar var. Bu baxımdan inanmıram ki, bu aksiya əvvəlki effekti versin. Kim olursan ol, telekanallar sənə qarşı əks-təbliğat aparsalar belə, bu sənin təbliğatındır. Reklamın yaxşısı pisi olmur. Bununla bağlı analizlərim var. Amma indiki vaxtda güman etmirəm ki, bunu mətbuata deməklə ümumi proseslərə xeyir vermiş olaram. Hər halda uzun müddətdir ki, proseslərin içindəyik və baş verənləri analiz etmək qabiliyyətinə malikik”.

Müsavatın qərargahı önündəki aksiya müxalifəti diriltmək cəhdidirmi...

T.Abbaslı hər il bir müxalifət lideri ilə bağlı bu cür aksiyaların təşkil olunmasının arxasında gizlənən məqsədlərə də toxundu: “Bundan əvvəl də bir müxalifət liderinin evinin qarşısında belə aksiya təşkil olunmuşdu. Hansı ki, həmin vaxt özümü hakimiyyətin yerinə qoyaraq düşünürdüm ki, bu aksiyaların iqtidara heç bir xeyri yoxdur. Amma əksi oldu, evinin qarşısında aksiya keçirilən lider gündəm oldu, gündəmə gətirildi, televiziyalara çıxarıldı. Hamıya artıq hər şey aydındır. Hakimiyyət daxili də monolit deyil. Müxtəlif qruplaşmalar mövcuddur. Bu qruplaşmaların maraqları bir çox hallarda üst-üstə düşmür. Bu da sirr deyil ki, hakimiyyətdaxili bu qruplaşmalar bəzən bir-birilərinə qarşı mübarizədə müxalif qurumlardan istifadə edirlər. Məsələn, bir qrup digərini vurmaq üçün hansısa informasiya ötürür, yaxud digərini zəiflətmək üçün müxalifətdəki güc balansını dəyişməyə çalışır. Son aksiya bu baxımdan bir qrupun müxalifət daxilindəki güc balansını istədiyi istiqamətə yönəltmək üçün atılmış addım ola bilər. Zamanında belə hadisələrin az şahidi olmamışıq. Bir məmur vurulanda bunun dövlətçilik naminə edildiyi deyilirdi. Amma sonradan məlum olurdu ki, həmin məmurun öz mövqelərini gücləndirmək üçün fəaliyyət göstərdiyi üzə çıxıb. Burada birbaşa təbliğatın olduğu şübhəsizdir. Buradan yəqin ki, hakimiyyətdaxili qrup öz güddüyü marağın peşindədir. Belə aksiyalarla gündəmə gəlmiş siyasi qurumlar isə öz maraqlarını təmin etmiş olacaqlar”.

AĞ Partiya başqanı iqtidarın siyasi mühiti canlandırmaq fikrində olmadığını düşünür: “Hakimiyyət cəmiyyət və dövlət üçün vazkeçilməz anlarda belə siyasi mühitin canlanmasında maraqlı olmayıb. Hakimiyyətə siyasiləşməmiş cəmiyyət lazımdır. Buna görə də, bu cür aksiyaları onların siyasi mühiti canlandırmaq tədbirləri kimi dəyərləndirmirəm. Müxalifət düşərgəsində bir siyasi canlanma yoxdur. Yalnız bəzi cəhdlər var ki, yəqin yaxın zamanlarda bu barədə mətbuatda məlumatlar gedəcək. Düşünürəm ki, hakimiyyət uzun zamandır rəqib olduqları, güclərinə bələd olduqları, bacarıqlarını bildikləri şəxsləri gündəmdə saxlamaq üçün də belə aksiyalardan istifadə edə bilər. Çünki həmin şəxslərə qarşı atacağı addımları yaxşı bilir. Siyasətdə belə bir anlayışda var, müxalifətini özün seçməyin. Ümumilikdə götürəndə belə halları müsbət qiymətləndirmirəm. Siyasi etikadan kənar hallar sayıram. Hansısa siyasi qurum digər qurumun qərargahı önündə aksiyalar təşkil edə bilər, amma orada səslənən şüarlar, ifadələr çox önəmlidir. Özün eşitmək istəmədiyin nəyisə başqasına da deməməlisən. Bu hadisələri təsadüfi saymıram”.

Qeyd edək ki, fevralın 2-də bir qrup gəncin Müsavat qərargahı önündə aksiya keçirmələrinə səbəb partiyanın sabiq başqanı, MSDM sədri İsa Qəmbərin yanvarın 31-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə etdiyi çıxışdır.

İnterpress.az