Rus səfir Dilqəm Əsgərovla görüşəcək?backend

Rus səfir Dilqəm Əsgərovla görüşəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kimin nə deməsindən asılı olmayaraq, bu, adi hadisə deyil. Söhbət 3 ölkənin vətəndaşlığını daşıyan birinin qandallanmasından gedir, Ukraynanı bir kənara qoyaq, xüsusilə də Rusiya və İsrail dövlətlərinin.

Bəli, Lapşinin qandallanması Serj Sərkisyanın, Seyran Ohanyanın, heç Bako Saakyanın da həbsi, yaxud Qarabağın bir kəndinin qaytarılması da demək deyil. Bu mənada eyforiyaya qapılmağın da tərəfdarı deyiləm. Amma əgər biz bu gün işğalçı ölkənin cani rəhbərliyini cəzalandıra, ərazilərimizi işğalçılardan təmizləyə bilmiriksə, bunun səbəbi özümüzdə deyil. Azərbaycanın qarşısında işğalçının böyük havadarı olmasa, çoxdan bu məsələlər həllini tapmışdı və Azərbaycan vətəndaşı olan Azat oğlu Serjik çoxdan Qobustandakı ömürlüklər üçün olan korpusunda “əfv” diləyirdi.

Ancaq ikili standartların olması faktdır. Azərbaycan münasibət bu günün məsələsi deyil, tarixən başımıza gələnləri xatırlasaq, kifayətdir. Xocalı soyqırımının törədilməsindən 25 il keçir. Amma bu günə qədər barəsində həbs qərarı çıxarılan və bununla bağlı İnterpola adları təqdim edilən 297 soyqırım günahkarlarından biri də saxlanılıb Azərbaycana təhvil verilməyib. Təsəvvür edin, Serj Sərkisyan özü etiraf edib ki, Xocalı soyqırımını törətməklə azərbaycanlıların gözünün odunu almaq istəyib, amma onun bu etirafı da beynəlxalq qurumları hərəkətə gətirməyib. Əksinə, Azərbaycanı cani prezidentlə mənasız danışıqları davam etdirməyə vadar edirlər.

Azərbaycan XİN Qarabağa qanunsuz gedənlərlə bağlı “qara siyahıya” indiyədək 623 nəfərin adını daxil edib. Keçən il onların 20-yə yaxını rəsmi şəkildə üzr istəyib, əfv diləyib. Ancaq görünən budur ki, belə üzrxahlıq işğal altındakı ərazilərimizə axını dayandıra bilmədi. Əks təqdirdə 50-dən çox ölkənin vətəndaşı Qarabağa getməyə cəsarət etməzdi. Deməli, daha təsirli tədbir görməyə ehtiyac var idi və yəhudi bloggerin həbsi ilə bu istiqamətdə ilk uğurlu addım atıldı. Neçə gündür dünya mediası Lapşinin Bakıya ekstradisiyasından yazır. Qarabağın harada olduğunu bilməyən bir çoxları da Lapşin mövzusuna bələd olandan sonra erməni toruna düşməməyə çalışacaqlar.

Keçən il Tiflisdə keçirilən “Şəhər günü” tədbirində bir əcnəbi cütlüklə rastlaşdım. Dünyanı “havayı” səyahət edən bu avropalı gənclər deyirdilər ki, Gürcüstana Azərbaycandan gəliblər, daha sonra Ermənistana gediblər. Təbii ki, məni daha çox onların Qarabağa gedib-getmədikləri idi. Avropalılar dedilər ki, ermənilər onları Qarabağa aparmaq üçün çox canfəşanlıq göstəriblər, ancaq bunlar “vaxtlarının az olduğunu” bəhanə edib getməyiblər. Yəni ermənilər hər turistə Qarabağın yolunu göstərir. Bu mənada Lapşin dərsinin təsirləri sözsüz ki, olacaq. Elə ermənilər də “bundan sonra Qarabağa kim gələcək” deyib şivən qoparmırmı?

Rusiyalı milyarder German Sterliqovu xatırlayırsınızmı? Həmin bu rus iş adamı arvad-uşağını götürüb Şuşaya köçmüşdü, Cıdır düzündə eşşəklə gəzirdi, arvadı da xalça sərgisi təşkil edirdi. Sterlyaqovu Rusiyadan alıb cəzalandırmağa gücümüz çatmadı. Lakin Bakı o zaman ehtiyatla da olsa, Rusiyanı bu təhlükəli oyuna son qoymağa razı sala bildi. XİN-in “qara siyahısı”ndakıların çoxu elə Rusiya daxil, həmsədr ölkələrə məxsusdur. Azərbaycan məhz belə gərgin situasiya ilə üz-üzə qalıb.

Lapşinsə az sonra mühakimə olunacaq. Bu hadisə 2014-cü ilin iyulundan Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni daha ciddi şəkildə gündəmə gətirdi. İndi Moskva iki vətəndaşından birinə – Dilqəmə niyə ögey münasibət göstərməsinin səbəbini deyə bilmir. Çünki arqumenti yoxdur. “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” iddiasında olan Sergey Lavrov da susub. Qoy desin, Rusiya vətəndaşı Dilqəm Əsgərovun məsələsi necə, Rusiyanın “daxili işi”dirmi? Lapşindən fərqli olaraq, Dilqəm yalnız Rusiya vətəndaşıdır və ermənilər onu girov saxlamaqla həm də Moskvaya sataşıblar. Lapşinlə bağlı dərhal Bakıya nota verən, səfirlik əməkdaşlarını təcridxanaya göndərən Kreml niyə eyni münasibəti Dilqəm Əsgərova göstərmir? Nədən Bakıdakı, yaxud İrəvandakı rus səfirlər işçilərini Şuşa həbsxanasındakı Dilqəmlə görüşə yollamır? (musavat)

İnterpress.az