Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşübbackend

Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər 2017-ci ildə Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olmasını xüsusi qeyd edərək, bu dövr ərzində iki ölkə arasında mütəmadi qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi fonunda siyasi dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın inkişaf səviyyəsindən məmnunluq ifadə etdilər.

Tərəflər ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, enerji və nəqliyyat sahələrində də qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək, regional əhəmiyyət daşıyan bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladılar. Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yol və Cənub Qaz layihəsinin əhəmiyyəti qeyd olundu.

Nazir Elmar Məmmədyarov dost və qonşu dövlət kimi Azərbaycan və Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğunu bildirdi.

Nazir Mixeil Canelidze Azərbaycanı Gürcüstan üçün mühüm tərəfdaş adlandıraraq, iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə inkişaf etdiriləcəyinə və birgə səylərlə daha yeni layihələrin icra ediləcəyinə əminliyini vurğuladı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə gürcüstanlı həmkarına məlumat verdi və qeyd etdi ki, Ermənistanın işğalçılıq siyasətinə görə münaqişənin həll olunmaması regionun hərtərəfli inkişafına, sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün ciddi təhdid təşkil edir. O, həmçinin əlavə etdi ki, Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor atom elektrik stansiyası bütöv regionu nüvə təhlükəsi ilə üzbəüz qoyur.

Tərəflər Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı dəstək ifadə etdilər.

Görüş zamanı həmçinin iki ölkənin parlamentləri arasında əlaqələr, konsulluq sahəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər də müzakirə olundu.

İnterpress.az