“Xankəndidə yaralılar çoxdur, ölənlər var…” – Polkovnikbackend

“Xankəndidə yaralılar çoxdur, ölənlər var…” – Polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ordumuzun son günlər Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinə vurduğu zərbələrin nəticələrini və ermənilərin itkilərinin sayını gizlətməyə çalışmasını şərh edərkən deyib.

Polkovnik hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz itkilərinin sayını həmişə gizlədib: “Əvvəlcə onları itkin kimi qələmə verirlər, sonra isə əgər haradasa məlumat sızsa, onda don geyindirib məsələni başqa cür təqdim edirlər. Bəzi erməni mənbələrinin məlumatlarına görə, Xankəndidə hospitallarda yaralılar çoxdur, ölənlər var, hətta bəzi ağır yaralıları Ermənistana aparırlar. Ordu rəhbərliyi isə itkilərin sayını gizlədir, heç bir açıqlama vermir. Onların itkilərinin sayını dəqiq deyə bilmərəm, ancaq Ermənistan cəmiyyətindəki narahatlıq göstərir ki, ölən və yaralananların sayı rəsmi olaraq göstəriləndən qat-qat çoxdur\”.

Hərbi ekspertin fikrincə, Ermənistanda rəhbərlikdən tutmuş adi vətəndaşa kimi hamı bilir ki, Azərbaycan dövləti heç vaxt işğal faktı ilə razılaşmayacaq və Dağlıq Qarabağ da daxil olmaqla o torpaqlar gec-tez azad olunacaq: \”Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də deyib ki, əgər məsələni sülh yolu ilə həll edə bilməsək, torpaqlarımızı başqa yolla qaytaracağıq. Başqa yol da o deməkdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal edən silahlı qüvvələri məhv olunacaq və ermənilər böyük itkilər verəcəklər. Ona görə də erməni əsgərlərinin valideynləri, zabitlərin ailələri həmişə qorxu içindədirlər. Azərbaycan ordusunun güdrəti, iqtisadi gücü, insan resursları, müdafiə sənayesi barədə Ermənistanda məlumatlıdırlar və bilirlər ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bunlardan istifadə edəcək. Aprel döyüşləri də göstərdi ki, Azərbaycan xalqı Qarabağ məsələsində ali baş komandanın ətrafında bir nəfər kimi birləşib və bu problemi günü bu gün güc yolu ilə həll etməyə hazırdır\”.

Ş.Ramaldanovun fikrincə, cəbhədə erməni təxribatlarının arxasında konkret planlar durur: \”Erməni tərəfi aprel ayında itirilmiş mövqeləri hələ ötən ilin payız aylarından gec olmayaraq qaytarmağa söz vermişdi. Təbii ki, bu, onlarda alınmadı. Bunun qarşılığında payız aylarından bəri çoxlu sayda təxribatlar törətməyə çalışırlar. Amma onların qarşısı alınır və ermənilər çoxlu itkilər verirlər. Ermənistan ordusunun rəhbərliyi dəyişəndən sonra onlar bir az da aktivləşiblər. Son günlərdə isə ermənilər bizim zəif yerlərimizi tapıb, həmin istiqamətdə hansısa bir ərazini ələ keçirmək və Ermənistan ordusunun nəyə \”qadir olduğunu\” göstərmək istəyirlər. Lakin bizim zabit və əsgərlərimiz yerlərdə ayıq-sayıqdırlar və öz vəzifə borclarını yaxşı bilirlər. Ona görə də hər hansı istiqamətdə ermənilərin törətdikləri təxribat-diversiya hərəkətləri işə yaramır. Təbii ki, həmin diversiya qruplarının arxasında onların fəaliyyətinin nəticəsini gözləyən daha böyük qüvvələr var. Onlar da bu uğursuzluqdan məyus olurlar\”.

Polkovnikin qənaətincə, əgər Azərbaycan tərəfi hücuma keçsə, bu, ermənilər üçün faciəli sonluqla nəticələnəcək: \”Müdafiə naziri Zakir Həsənov da bildirmişdi ki, biz Ermənistanın hər bir təxribatına onqat cavab verəcəyik. Ona görə də bizim Silahlı Qüvvələrin rəhbərliyi ermənilərin atacağı addımları əvvəlcədən öyrənib atəş vasitələri ilə bu təxribatların qarşısını alır. Bu isə Azərbaycan Ordusunun bugünkü gücünün, döyüş hazırlığının səviyyəsini göstərir. Düşmənə ardıcıl zərbələr endirilməsində də məqsəd ilk növbədə onların əməllərinin cavabsız qalmayacağı mesajını vermək və gələcəkdə növbəti təxribat fikirlərindən yayındırmaqdır. Aprel ayında da belə olmuşdu. Ermənistan ordusunun birləşmələri yaşayış məntəqələrimizi atəşə tutur, dinc sakinləri narahat edir, ardıcıl təxribatlar törədirdi. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin qarşısında yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün erməni mövqelərini məhv etmək tapşırığı qoyuldu. Onlar da buna nail oldular. Azərbaycan dövlətinin məqsədi bir daha həm bütün dünyaya, həm də Ermənistana, işğalçı qüvvələrə öz gücünü nümayiş etdirmək, eyni zamanda işğalçıların torpaqlarımızı xoşluqla azad etmək istəməmələrinin hansı faciələrə gətirib çıxara biləcəyini göstərməkdir. Azərbaycan Ordusu hələ ki, hücuma keçməyib. Amma biz torpaqlarımızı güc yolu ilə azad etməyə başlasaq, nəinki Xankəndi və İrəvandakı hospitallarda, ermənilər bütün tibb məntəqələrində ölülərini və yaralılarını yerləşdirməyə yer tapmayacaqlar\”.

İnterpress.az