“Şahin Mirzəyev məsələsinə də milli-etnik yöndən yanaşılması yolverilməzdir”backend

“Şahin Mirzəyev məsələsinə də milli-etnik yöndən yanaşılması yolverilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Talış azadlıq hərəkatı”nın üzvü Şahin Mirzəyevin Ermənistandan “müvəqqəti sığınacaq” alması xəbəri ölkə ictimaiyyətində kəskin tənqid və təhqirlərlə qarşılandı. Hətta onun həmyerliləri də bildirdilər ki, Şahin Mirzəyevin bu addımı vətənə xəyanətdir. Sosial şəbəkələrdə də ictimai şəxslər statuslar yazaraq vurğuladılar ki, Şahin Mirzəyevin talış olduğunu qabartmaqla ölkədə bir qrup şəxslərin etnik qarşıdurma yaratmaq niyyəti var və buna getmək lazım deyil. Kəndin icra nümayəndəsi isə müsavat.com-a açıqlamasında Ş.Mirzəyevin də doğulduğu Lerik rayonunun Kəlvəz kəndinin talış yurdu olmadığını deyib.

Şahin Mirzəyevin atası 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev də mətbuata açıqlama verərək, oğlundan imtina etdiyini bildirib. Azvision.az saytına açıqlamasında Sayil Mirzəyev bildirib ki, 6 aydan çox olar ki, onunla bütün əlaqələri kəsib: “Xəstəlik adı ilə Gürcüstana getdiyini bilirdim. Mən 65 il müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim tələbələrim, şagirdlərim akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq.

Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq eləyib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir\”.

Ş. Mirzəyevin sosial şəbəkədəki səhifəsinə də xeyli sayda həmyerlilərimiz fikirlərini yazaraq, onu bu hərəkətinə görə qınayır, “vətən xaini” adlandırırlar.

Əslən Lənkərandan olan ekspert Qadir İbrahimli “Yeni Müsavat”a bildirib ki, bu məsələnin ümumən millətə heç bir aidiyyəti yoxdur:

“Bir misalı deyim ki, gənclərdən biri Avropaya gedib, orada siyasi sığınacaq almaq üçün bildirib ki, bacısı bar qızı olduğu üçün cəmiyyətdə ona aqressiv münasibət var və təqib olunur. Bu yolla siyasi sığınacaq alıb və faktiki olaraq həmin adam indi Avropada yaşayır. Şahin Mirzəyev məsələsinə də milli-etnik yöndən yanaşılmasını yolverilməz hesab edirəm. Bu adam fərdi qaydada addım atıb və ona münasibət də fərdi qaydada olmalıdır. Buna hansısa etnik zəmində don geyindirmək, zərərli bir tendensiyanın başlanması deməkdir. Ümumilikdə götürdükdə, Azərbaycan cəmiyyətində heç zaman talış problemi olmayıb. Həm Qarabağ savaşında, həm də siyasi proseslərdə ruslar da, türklər də iştirak ediblər. Burada heç bir ayrı-seçkilik olmayıb. Azərbaycan türklərlə yanaşı talışların da vətənidir, dövlətidir. Dövlətdən sapınmalar Ələkrəm Hümmətovun zamanında da olmuşdu. O proses də ümumən talış xalqının iradəsini əks etdirmirdi. Ona görə də talışlar özləri Ələkrəmi devirdilər. Məsələ bu qədər sadədir. Bu baxımdan, bir daha qeyd edirəm ki, məsələyə fərdi yanaşmaq lazımdır. Xaricdə sığınacaq istəmək cəhdləri hər zaman olub. Bu cəhdlərin çoxu uğurlu nəticələnib. Sadəcə olaraq, bu adam daha çox anormal bir yola gedərək, Azərbaycana düşmən olan ölkədən siyasi sığınacaq istəyib. Bəllidir ki, hazırda Avropadan ”sığınacaq\” almaq məsələsi bir qədər çətinləşib. Düşünürəm ki, bu hadisə də həmin məsələ ilə əlaqəlidir. Ola bilər o düşünüb ki, Ermənistan vasitəsilə üçüncü dövlətə keçəcək. Yəni bu, fərdi məsələdir, ümumiləşdirilməsi isə zərərlidir. Bunun Qarabağda yüzlərlə şəhid verən talışlara heç bir aidiyyətı yoxdur. Qarabağ münaqişəsinə ən sərt reaksiya da talışların kompakt yaşadığı Lənkəranda verilib. 1990-cı il yanvarın 11-də Qarabağ münaqişəsinə Kremlin biganə münasibətinə etiraz əlaməti olaraq sovet hökuməti Lənkəranda rəsmən devrilib\”.

Jurnalist Vüsal Məmmədov da sosial şəbəkədə status yazaraq bildirib ki, erməni kəşfiyyatı elə düşünüb ki, talışlar kimi mərd millətin hansısa yolunu azmış bir üzvünü tovlamaqla Azərbaycanda milli münasibətlərə, qardaşlığa xələl gətirə bilər:

“Elə şey qətiyyən mümkün deyil. Erməninin qucağına qaçan azərbaycanlı şərəfsizin milliyyəti olmur. O, türk də, talış da, ləzgi də, kürd də olsa, etnik mənsubiyyəti bir olacaqdı: şərəfsiz. Bəli, şərəfsizlər ayrıca etnik qrupdurlar, onların heç bir millətə aidiyyəti yoxdur”.

İnterpress.az