“Günah müsəlmanların özündədir”backend

“Günah müsəlmanların özündədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Sonralar daha çox siyasi elmlərlə maraqlanmağa başladım. Bir neçə il Şərqdə tərcüməçi kimi işlədikdən sonra Fəlsəfə və Hüquq İnstitutunda araşdırmalar apardım. Moskvada Fəlsəfə İnstitutunda siyasi elmələrin tarixi mövzusunda təcrübə keçdim. Misir və Yaxın Şərqdə sağ və sol siyasi fikirlərin arasındakı ziddiyətlərin mövcudluğu barədə dissertasiya yazdım. Fələsəfə elmləri namizədiyəm.

Tale elə gətirdi ki, mən Moskvadan qayıdanda, yəni 1988-ci ildə Dağlıq Qarabağ problemi yarandı. Mən və həmkarlarım konfliktin köklərinin haradan qaynaqlanması ilə bağlı Avropa, Amerikada, Yaxın Şərqdə konfranslarda iştirak edirdik. O zaman Azərbaycanda baş verən hadisələr, Müstəqillik hərəkatı, Demokratikləşmə və Dağlıq Qarabağ konflikti, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətini hər kəsin diqqətinə çatdırırdıq.

Torpaqlarımızın işğal olunduğuna sevinən konqresmen

Azərbaycan müstəqillik qazanandan sonra ABŞ-ın paytataxtı Vaşinqtonda Azərbaycanın işlər vəkili kimi fəaliyyət göstərdim. Bu, Azərbaycanın Amerikadakı ilk diplomatik addımları idi. Prezident Bill Klintonun inauqurasiya mərasimində Azərbaycanı təmsil etdim. 1993-cü ildə isə cənab səfir Hafiz Paşayev də Amerikaya gəldi. O, Azərbaycanın Amerikada birinci səfiri olub. O zamanlar Azərbaycana qarşı 907-ci maddə artıq tətbiq olunmuşdu. Ona qarşı Azərbaycan səfirliyi müəyyən uğurlu işlər aparırdı. Səfirlikdən ayrılandan sonra da mən diaspora çərçivəsində bu fəaliyyətimi davam etdirdim. Demək olar ki, Azərbaycan Diasporasının təşkil olunması prossesində dostlarla birlikdə xüsusi fəaliyyət göstərmişik.

Amerika-Azərbaycan Şurası olaraq həm türk, həm də yəhudi dərnəklərilə birlikdə Amerikadakı erməni təşkilatlarının Azərbaycana qarşı haqsızlıqları ilə bağlı Konqresdə və Amerika hökumətinin müxtəlif tədbirlərində öz haqq sözümüzü demişik. Baxmayaraq ki, ermənilər həqiqətən orada güclü bir lobbiyə malikdirlər. İnformasiya baxımından Azərbaycan tərəfi həm rəsmi, həm də qeyri-rəsmi çərçivədə böyük nailiyyətlər əldə edib. Bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzü faktı heç kəsdə şübhə yaratmır. Amma təəssüflər olsun ki, Ermənistana qarşı hansısa sanksiyalar da tətbiq olunmur. Həmçinin BMT-nin qətnamələrinə də məhəl qoyulmur.

Biz Amerika-Azərbaycan Şurasından başqa, orada yaşayan bir qurup gənc azərbaycanlılarla birlikdə Amerika Azərbaycanlıları Şəbəkəsini (US Azeris Network) qurduq. Elektron bəyanatların yayılması sahəsində böyük bir kampaniya aparırıq. Bir neçə ildir ki, həmin təşkilatın idarə heyətinin üzvüyəm. Bu təşkilatın məqsədi orada Azərbaycan üçün ürəyi yanan və nəsə etmək istəyən insanları bir araya gətirməkdir.

-Amerikada çalışdığınız ilk illəri necə xatırlayırsınız?

-O zaman çətin dövrlər idi. Erməni lobbisinin neçə illərdir Türkiyəyə qarşı apardığı təxribat və iftira kampaniyası 1988-ci ildən sonra Azərbaycana qarşı çevirildi. Amma təəssüflər olsun ki, həmin vaxt Azərbaycanın orada nə rəsmi nümayəndəliyi, nə də haqq sözünü deyən bir təşkilat var idi. İllər boyu yaxılan iftiraları təmizləmək həqiqətən də, asan deyildi. Resurs və imkanlar da zəif idi. Burada isə Ermənistanın təcavüzü davam edirdi. Mən orada olarkən Kəlbəcər hadisələri də baş verdi. Sonralar isə başqa bölgələrimiz işğal olundu.

Bir məqamı qeyd edim. O zaman enerji lobbisinin nümayəndəsi məni bir konqresmenlə görüşdürdü. Görüş zamanı o, dedi ki, bizim şirkətlərin Azərbaycana qarşı maraqları var, əməkdaşlıq etmək istəyirlər. Həmçinin, Azərbaycana qarşı olan mənfi fikirləri dəyişmək üçün bizə kömək etmək fikrindədirlər. Nahar vaxtı xəritələri qarşımıza qoyduq və mən ona başa saldım ki, Azərbaycan, Dağlıq Qarabağ, Laçın və Ermənistan harada yerləşirlər. O zaman Laçın da, Dağlıq Qarabağın bütün şəhər və kəndləri də işğal olunmuşdu. Bunları ona izah etdikdən sonra soruşdu ki, bu ərazilər – yəni, Dağlıq Qarabağ, Şuşa, Laçın BMT tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb? Cavab verdim ki, bəli! Bu zaman o, çox sevindi, dedi ki, gəl bir içki içək, kefim açıldı. Cavab verdim ki, niyə belə edirsiniz, axı bizim ərazilərimiz işğal olunub, sevinməli nə var? Dedi ki, siz məni düzgün başa düşmədiniz, mən elə hesab edirdim ki, Azərbaycan gedib Ermənistanın torpaqlarını işğal edib. Seçicilərim məndən xahiş etmişdilər ki, Azərbaycana haqq qazandırım. Mənsə Azərbaycanla bağlı həqiqətləri bilmədiyimə görə, fikirləşirdim ki, belə bir ölkəyə necə haqq qazandıracağam? Siz mənə həqiqətləri deyəndən sonra kefim açıldı. Sabahdan etibarən mən Azərbaycanın haqq sözünü Konqresdə böyük məmnuniyyətlə səsləndirəcəyəm.

O, ilk dəfə Konqresdə belə çıxış edəndə həmkarları gəlib dedilər ki, sən başa düşürsən, orada nə baş verir? Müsəlmanlar xristianları öldürür, təcavüz edirlər, sən necə onları müdafiə edə bilirsən? Mən isə onlara dedim ki, bir dəqiqə dayanın, sizə xəritələri göstərib, hər şeyi izah edəcəyəm.

“Günah müsəlmanların özündədir”

Bu gün Moskva-İrəvan münasibətlərinin hərbi baxımından güclənməsi istər-istəməz Amerikada Ermənistan barədə çox mənfi rəy formalaşdırır. Donald Tramp isə nadir prezidentlərdən biridir ki, ermənilərə “qondarma soyqrımı” tanımaqla bağlı vəd verməyib. Azərbaycan Cənubi Qafqazda inkişaf edən bir ölkədir. Eyni zamanda, İran və Rusiya ilə sərhəddə yerləşsə də, müstəqil və suverən siyasətini davam etdirir. Amerika bütün bunları açıb deməsə də, analitik səviyyədə bildirirlər ki, Ermənistan artıq müstəqilliyini itirib. Amerikalı diplomatlar, təhlilçilər ilə qeyri-formal danışanda etiraf edirlər ki, Ermənistan bu gün müstəqil bir ölkə kimi onlar üçün heç bir maraq kəsb etmir. Amma yenə də erməni lobbisi Amerikada öz işini davam etdirir. İndi taktikalarını dəyişiblər. Yəni “Azərbaycan təcavüzkarıdır”, “müsəlmalar bizi öldürürlər” kimi tezisləri qırağa qoyublar. Ermənilərin yeni təxribatları budur ki, guya Azərbaycanda demokratiya və insan haqqları pozulduğu üçün, Dağlıq Qarabağ erməniləri orada yaşaya bilməzlər. Ermənilərin bu mahnısını Obama administrasiyası öz repertuarına salmışdı. Tramp isə deyir ki, Amerikanın maraqları mənim üçün birinci yerdə dayanır. Sözsüz ki, Azərbaycan da öz maraqlarını üstün tutmalıdır. Beləliklə, yeni şəraitdə əməkdaşlıqdan həm Azərbaycan, həm də Amerika faydalana bilər.

– Sizcə, Trampın dövründə Qarabağ münaqişəsinin həllində, ümumilikdə Azərbaycana qarşı münasibətdə nələr dəyişəcək?

– Məsələ burasındadır ki, nə Avropa, nə də Amerika gəlib Azərbaycanın torpaqlarını ya hərbi yolla, ya da hansısa digər üsulla azad etmək niyyətində və yaxud qüdrətindədir. Rusiyanın Ermənistanda, ümumilikdə Qafqazda təsir dairəsi böyükdür. Hesab edirəm ki, diplomatik baxımdan Tramp Administrasiyası səylərini artıra bilər. Amma bunun nə effekti ola bilər? Birinci ssenariyə görə, Tramp-Putin, Vaşinqton-Moskva arasında hansısa müsbət bir anlaşmaya gəlinir ki, müxtəlif bölgələrdə sabitlik yaransın, konfliklər həll olunsun. Əgər Rusiyada bu prossesdə səmimi şəkildə iştirak etmək istərsə, Ermənistan məcbur olacaq ki, Azərbaycan ərazilərini sülh yolu ilə boşaltsın.İkinci ssenariyə görə, Trampla Putinin maraqları üst-üstə düşmür. Bu zaman sözsüz, Moskva çalışacaq ki, Dağlıq Qarabağ konflikti Rusiyanın aparıcı rolu çərçivəsində həll olunsun və yaxud da heç həll olunmasın.
Azərbaycan da hər zaman öz qüdrətindən istifadə edərək, erməni qoşunlarını torpaqlarından çəkilmələri ilə bağlı hədələyə bilər. Azərbaycan Ermənsitanın sərhəddini keçib, təcavüzkarlıq etmir. Öz ərazisini,öz torpaqlarını istəyir. Bütün bunlara rəğmən, Rusiyanın mövqeyi hər şeyi problemə çevirir. Azərbaycan hər zaman çalışır ki, bu problem diplomatik yolla həllini tapsın. Neçə illərdir ki, öz iqtisadi və hərbi qüdrətini gücləndirmək istiqamətində işlər görür. Prezident İlham Əliyevin apardığı siyasət çox praqmatikdir və torpaqların qan axmadan, faciələr baş vermədən azad olunmasına yönəlib. Dağlıq Qarabağ konflikti çox mürəkkəbdir. Çətin döngələr var. Amma səbrli olmaq lazımdır. Hesab edirəm ki, biz nə vaxtsa onun həllinə nail olacağıq.

– ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətini necə dəyərləndirirsiniz?

– Əlbəttə, mən o təşkilatın fəaliyyətini müsbət dəyərləndirmirəm. Çünki ortada bir nəticə yoxdur. Qarabağ məsələsində Türkiyə maraqlıdır ki, Azərbaycan əraziləri işğaldan azad olunsun. O biri tərəfdən isə Rusiya və Avropa faktorları da mövcuddur. Amerika və Avropa istəyirlər ki, bu münaqişə müəyyən bir modelə uyğun olaraq həll edilsin. Rusiya bir tərəfdən deyir ki, tərəflər öz aralarında razılığa gəlsinlər, amma o biri tərəfdən də keçmişdə olduğu kimi, İrəvana başqa təlimatlar verirlər. Heç bir ölkə – nə Amerika, nə Rusiya, nə də Avropa Ermənistana real bir təzyiq göstərib. Bəlkə də deyiblər ki, qoy, elə məsələ dondurulmuş vəziyyətdə qalsın. Bunu Ermənistan da istəyir. Rusiyada hər iki tərəfə də silah verir. Bunları nəzərə alsaq, Minsk Qurupu heç bir nəticə əldə etməyib. Əslində problemin necə həll oluna biləcəyi hamıya bəllidir. Yəni Qarabağın Azərbaycandan ayrılması mümkün deyil. Çünki Azərbaycan heç vaxt buna razı ola bilməz. Bu gün Ermənistan özünü ərköyün uşaq kimi aparır ki, eləmirəm, qurtardı, nə edəcəksiniz? Bölgədə güc baxımından hansısa balans dəyişikliyi olsa, sabah Ermənsitan özünü belə ərköyün apara bilməyəcək.

– Trampın müsəlman miqrantlara qaşı tətbiq etdiyi qaydalara münasibətiniz necədir? Amerikada yaşayan müsəlman kimi narahatsınızmı?

– Mən artıq 16 ildir ki, Amerika vətəndaşıyam. Bu qaydaların mənə aidiyyatı yoxdur. Həmçinin də Azərbaycan vətəndaşıyam. Ona görə də mənim gedib-gəlməklə bağlı viza problemim yoxdur. Amma buna biganə qalmaq düzgün deyil. Amerikalılar özərini müdafiə etmək istəyirlər. Bu baxımdan onları başa düşmək olar. O biri baxımdan isə, viza alıb ora getmək istəyən, terrorist olmayan adi insanlar da var. Onlar bu qərarın qurbanı oldular. Hesab edirəm ki, bu qərarı gərək müxtəlif qurumlar əvvəlcədən götür-qoy edərdilər. Tələsik olduğuna görə bir az xaos yaratdı. Amma bütün bunlar müvəqqətidir.

Əslində müsəlman ölkələri, dini liderləri, fondlarları öz milyardlarla dollar pullarından xərcləyib, Amerikada İslamın sülh dini olduğunu təbliğ etməlidirlər. Bu, müsəlman ölkərinin nöqsanıdır. Ümumilikdə müsəlman dünyası İslam dininin təcavüzkar din olmadığını nümayiş etdrməlidir. Ola bilsin ki, Azərbaycan İslam Konfrası Təşkilatının üzvü kimi gələcəkdə belə bir təşəbbüslər irəli sürə bilər.
Yəhudilər istər Sinaqoqları, istərsə də lobbilərin üçün sərvətlərini əsirgəmirlər. Şeyxlər isə yaxtalarda dünya okeanlarını gəzib kef edirlər, əyləncələrə 100 milyonlarla pul xərcləyirlər. Sonra da deyirlər ki, bizi orada sevmirlər. Çünki sizi orada tanımırlar, siz orada yoxsunuz.

Sazz necə yarandı?

– Keçək biznes fəaliyyətinizə. Necə oldu ki, “Sazz” yarandı? Niyə məhz internet sahəsini seçdiniz?

– Mən Amerikada, Kosta-Rikada, Peruda, Gürcüstanda da bizneslə məşğul olmuşam. İndi Azərbaycanda müəyyən layihələrimiz var. Məni həmişə internet texnologiyası, informasiyanın necə yayılması maraqlandırıb. İnternet bu gün bizim həyatımızda elektrik, qaz kimi vacibdir. Mən Azərbaycanda WiMAX texnologiyasının tətbiqi ilə bağlı təkliflər verdim. Bu, yaxşı qarşılandı və şirkətə sərmayə yatırılıdı. Əgər hansısa bir biznesə başlamaq istəyirsinizsə, ilk növbədə bazarı analiz etmək, nəyə ehtiyac olduğunu ortaya çıxarmaq vacibdir. İlkin biznes plan hazırlanmalıdır. Əsas odur ki, təklifini hansısa maliyyə qurumlarına, investorlara təqdim edə biləsən. Bundan sonra məhsulun brendi, satışı, qiyməti, logistikası və s. üzərində düşünülməlidir. Nəhayət, mən də konsultant biznesindən əməliyyat biznesinə qoşuldum. Bu gün haradasa nəticələrdən məmnunam, hardasa məmnun deyiləm. Amma işimiz davam edir. “Sazz”ı brend olaraq tanıyırlar. Kimsə müsbət, kimsə də mənfi münasibət göstərir. Amma brend brenddir.
Biznes elə bir şeydir ki, burada həm yüksəliş, həm də durğunluq var. Əsas odur ki, insan ruhdan düşməsin. Biz də hazırda şirkətin inkişafı üzərində işləyirik. Yeni texnologiyaların gətirilməsi, daha yüksək sürətli texnologiyalara keçməklə bağlı planlarımız var. Hazırda bununla bağlı investorlarla danışıqlar aparırıq. Elə bil ki, biz 5G texnologiyasının astanasında durmuşuq. Artıq mobil internet, mobil telefon paradiqması dəyişir. Yəni simsiz genişzolaqlı mobil internetə, bu günkü WiMAX texnolologiyalarından TD-LTE–yə keçid dövrü başlayıb. Bizim burada istifadə etdiyimiz tezliklər dünyada bir standart kimi kimi təsdiq olunub. Çalışmalıyıq ki, Azərbaycana gələcəkdə ən aparıcı, müasir texnologiyaları gətirək.

– 5G-yə keçid nə vaxt mümkün olacaq?

– Ümid edirəm ki, bu ilin sonuna qədər pilot layihəni bitirəcəyik. 2018- 2019 və 2020-cillərdə Abşeron yarımadasında, Azərbaycanın əsas şəhərlərində buna nail olacağıq. Gələcəkdə də çalışacağıq ki, bütün ölkəni əhatə dairəmizə alaq.

– Qiymət siyasətində hansısa bir dəyişiklik olacaqmı?

– Mənim insanların işləri, maaşları barədə kifayət qədər məlumatım var. Müəyyən təbəqələr hesab edirlər ki, Azərbaycanda internet qiymətləri bahadır. Mənim fikrimcə isə, Azərbaycanda interentin qiymətləri dünya ilə müqayisədə ən ucuzdur.

– “Sazz” mobil operator bazarına daxil olacaqmı?

– Hazırda “Sazz”-ın bəzi internet qurğularını – data kart, USB modem və ya cib üçün olan WiFi modemimizi kompüterinizə, noutbukunuza daxil edib, internet vasitəsi ilə avtomobilinzdə rahat şəkildə videoya baxa bilərsiniz. Biz ənənəvi mobil operator xidmətləri vermirik. Əlbəttə, bizim məqsədimiz əhatə dairəsini, keyfiyyətı daha da artırmaqdır. Hansısa kəndə gedən zaman yolda birdən nəsə problem yarana bilər. Amma bu gün Abşeron kəndələrinin əksəriyyətində siz belə problemlə qarşılaşmayacaqsınız. Əhatə etdiyimiz Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Beyləqan, Lənkəran, Mingəçevir, Gəncədə də həmçinin. Amma mən iddia edə bilmərəm ki, siz Bakıdan Gəncəyə gedəndə yolda bizim mobil internet tam işləyəcək. Sumqayıtda, Gəncədə maşınla gəzsəniz, görəcəksiniz ki, mobil internetiniz var. Planımız daha aparıcı texnologiylara keçməkdir. Müxtəlif dövlət və hökumət qurumları da bizə bu işdə dəstək verirlər. Bu gün Azərbaycanda rəhbərliyin marağı budur ki, istər diaspora, istər xarici investorlar, xaricdə yaşayan azərbaycanlılar həm sərmayə, həm də texnologiyanın nəqli üzərində işləsinlər. Biz isə bu işə artıq başlamışıq və davam etdirəcəyik.

– İlk dəfə nə qədər sərmayə ilə bu biznesə girişdiniz? İdeyalarınızı kimlər dəstəklədi?

– Mən diplomatik işimi bitirdikdən sonra demək olar ki, sıfırdan başlayırdım. Çünki, o zaman diplomatların maaşları elə də böyük deyildi. Mən konsaltinq xidmətlərilə ailəmi dolandırırdım. Sonra yavaş-yavaş bu konsaltinq biznesi böyüdü, müştəri bazası çoxaldı. 1990-ci ilin ortalarında mən bir şirkətə konsaltinq xidmətləri verirdim. Sonradan onlar məni partniyor kimi götürdülər. Və biz Amerikanın nəhəng kommunikasiya şirkətini Çində, Braziliyada, Türkiyədə, Yaxın Şərqdə, OrtaAsiyada təmsil edirdik. Həm konsaltinq verirdik, həm də onların məhsullarının satışı ilə məşğul olurduq. Hardasa 10 il bu sahədə fəaliyyət göstərdik. Bir Fransa şirkəti o firmanı aldıqdan sonra biz beş-altı nəfər şərik hərəmiz öz biznesimizi qurmağa başladıq. O vaxt inkişaf edən ölkərlərə internet texnolgiyalarını aparmaq iqtisadi baxımdan daha səmərli idi. Amerika böyük imkanlar açan bir ölkədir. Əgər bilikli, çevik, enerjilisənsə, ağılla hərəkət edib, yaxşı əlaqələr qura bilirsənsə, gec-tez Amerikda müvəffəqiyyət qazanacaqsan. Məni vətənim Azərbaycana qayıdanda da çox gözəl qarşılayıblar. Mən hər zaman Azərbaycanda qayğı hiss etmişəm.

– Biznes sahəsində uğur qazanamağın şərtləri nədir?

– Lap əvvəldən biznes sahəsini düz seçməlisən. Təlabatın olub-olmaması vacibdir. Təlabat varsa, təminatı necə təşkil edəcəksən? Biznesin nəzəri tərəfilə də tanış olmaq lazımdır. Məşğul olacağın biznes sahəsinin incəliklərini öyrənməlisən. Biznesdə xarizmatik bir lider olmalısan, insanları səfərbər etməyi, öz ideyanın arxasınca aparmağı bacarmalısan. İnsanları dinləməyi bacarmaq lazımdır. İnsan faktoru çox vacibdir. Hansı kadrlarla işlədiyini bilməlisən. Biznesdə marketinq, satış və brendinq də əsasdır. İndi idarəçi kimi bir çox hallarda yaradıcı insanlar ortaya çıxırlar. İnsanın sosial əlaqə qurmaq imkanları güclü olmalıdır. Bilgi, yaradıcılıq və riskləri analiz etmək də mühümdür. Biznesdə tənəzüllər, böhranlar da olur. Əvvəlcədən müəyyən etmişdik ki, hansı ölkədə hansı problemlərlə üzləşə bilərik. Azərbaycan bazarı daha sabitdir. Biznes şəraiti də müsbət olduğuna görə, biz daha çox sərmayəni bu bazara yatırdıq. İlk dəfə mən 2004-cü ildə bu ideya ilə Azərbaycana gəldim. Hardasa 2007-2008-ci illərdə pilot layihəni reallaşdırdıq. 2009-cu ildə isə bugünkü şəbəkəni qurmağa başladıq. Azərbaycanın iqtisadi reformlara başlaması, enerji siyasəti və qeyri-neft sektorunun inkişafı bizim kimi texnoloji şirkətlərə üstülük verir. Bu gün İKT sektoru Azərbaycanda aparıcı sahələrdən biridir. İKT sektoru bütün ölkələrin qtisadi inkişafına böyük xeyir verir. Ona görə də, hesab edirəm ki, Azərbaycan bazarı tam yüklənməyib. 10-15 il müddətində internetdən istifadə baxımından Azərbaycan bazarı inkişafda olacaq.

“Ailə dəyərləri müqəddəsdir”

– Qardaşınız, millət vəkili Asim Mollazadə ilə münasibətiniz necədir?

– Asim müəllimlə biz həm qardaş, həm də dostuq. O, məndən 7 yaş böyükdür. Uşaqlıqdan bəri böyük qardaşım kimi ona hörmətlə yanaşmışam. Bizim aramızda həmişə açıq, səmimi münasibət olub. Onun öz taleyi, öz yolu var. Milli Məclisdə, beynəlxalq aləmdə, siyasi müstəvidə Azərbaycanı təmsil etmək istiqamətində səmərəli iş aparır. O, həmkarları ilə birlikdə bəzən bizim Amerikada uzun illər boyu qazandığımız əlaqələrdən istifadə edir. Biz də həmişə Azərbaycandan gələn liderlərin ölkəmizi orada layiqincə təmsil etmələri üçün görüşlər, proqramlar təşkil edirik. Bizim üçün orada əsas dəyər Azərbaycanın dövlətçiliyi və maraqlarıdır. Asim müəllimin qızı Ayna xanım da bir vaxtlar jurnalistika üzrə Amerikada magistr təhsil aldı. Asim müəllim mənim işlərimə, mən də onun işlərinə qarışmırıq. Amma bir qardaş olaraq bir-birimizə hər zaman dəstək olmağa hazırıq.

– Özünüz necə bir ailə başçısısınız?

– Ailə dəyərləri Azərbaycan cəmiyyətində çox vacib institutdur. Bəzən belə fikirlər olur ki, Amerikada tam azadlıq, sərbəstlikdir və ailə yoxdur, vəziyyət başqa cürdür. Hesab edirəm, ABŞ çox dindar bir ölkədir. Dinin çərçivəsində olan ailə institutu da cəmiyyət olaraq onlar üçün müqəddəsdir. Amerikada da, burada da bəzən ailələrdə nifaq yaranır, valideynlər ayrılır… Bu prosseslər hər yerdə var. Amerikada ailələr birlikdə kilsəyə də, sinaqoqa da gedirlər. Müsəlmanlara da heç bir məhdudiyyət qoyulmur. Uşaqların təlim-tərbiyəsi, inkişafı, gələcəyi mən və qardaşım üçün çox vacibdir. Deyə bilmərəm ki, Amerikada ailə dəyərləri bir o qədər də vacib deyil.

İki övladım var. Uşaqlarım mənim çox yaxın dostlarımdır. Biz qəlbən bir-birimizi yaxşı başa düşürük. Onlar əlaçı tələbədirlər. “Middle-school”u bitirən zaman qızım Dəniz yeganə şagird idi ki, məktəbin rəhbərliyi ona məzun günü 3 sinfin adından çıxış etməyi tapşırdı. Qəşəng çıxış elədi, orada olanlar yaxınlaşıb onu təbrik etdilər. Dəniz həmçinin qlobal düşüncəli şagird kimi də mükafat aldı. Onun qiymətləri də yüksəkdir. Əgər onlar xəstələnib bir-iki gün məktəbə getməsələr, iştirak etmədikləri dərslərin proqramlarını öyrənib, hazılaşırlar. Anlayırlar ki, təhsil, bilgi və xarici dilləri öyrənmək çox mühümüdür. Onlar çox ölkələrdə olublar. Hər yay Azərbaycana gəlirlər. Mən onlarla ancaq Azərbaycan dilində danışıram, uşaq vaxtlarında Azərbaycan nağıllarını oxuyublar, dilimizi, himnimizi bilirlər. Eyni zamanda, rus dilini bilirlər. Həmçinin məktəbdə ingilis-ispan dillərində təhsil alırlar. Dəniz həmçinin üç ildir ki, Çin dilini də öyrənir.
Oğlum Can da “Middle-School”da təhsil alır. O, bacısından örnək götürür. Bu məktəbə başlayan zaman dedi ki, bacım kimi, məzun gecəsində yalnız mən çıxış edəcəyəm. Mən onlara gələcəkdə hansı peşə seçiminin yaxşı olacağı barədə məlumat verirəm. Amma yenə də hər zaman deyirəm ki, seçim özlərinə məxsusdur. Çox istedadlı və yaradıcıdırlar. Dəniz piano ilə, Can isə saksafon ilə maraqlanır. Mən onlarla heç vaxt sərt danışmıram. Valideyn kimi onlarla çox liberal və demokratik davranıram Hesab edirəm, buna görə onlar ərköyün böyümürlər. Məncə, bu üsul yaxşı nəticə verir.

– Bəs başqa gənclərə nələri məsləhət görərdiniz?

– Bizim Azərbaycan cəmiyyətində çox istedadlı, yaxşı zehni və genefondu olan gənclər var. Gəncin gələcəyi necə təhsil almasındadır. Onlar heç nəyə biganə qalmamalı, hər şeylə maraqlanmalıdırlar. “Bu, mənim nəyimə lazımdır, oturmuşam da özüm üçün” deməməlidirlər. Xarici dilləri bilmək lazımdır. Bu gün mənim uşaqlarım ən azı 4-5 xarici dil bilirlər. Şagird-tələbə olan zaman elə bilirsən ki, həyat qabaqdadır, hələ çox şeylər edə bilərsən. Amma həyat çox tez gedir. Ona görə də, günün hər saatı üçün cədvəl qurub, ona uyğun hərəkət etmək lazımdır. Vətənə, ailəyə sadiq olmaq lazımdır. Çox istərdim ki, gənclərdə ruh yüksəkliyi olsun və bunu da bir dəyər kimi qəbul etsinlər. Vətəndaşlıq borcunu itirmək olmaz. Bu günkü Azərbaycan gənclərində ruh yüksəkliyi də var. Bunu ötənilki aprel döyüşlərində aydın gördüm.
Sonda isə demək istəyirəm ki, ailə, valideyn, bacı-qardaşlar çox vacib dəyərlərdir. Arzu edirəm ki, Azərbaycanda yeni nəsillər də ölkənin gələcək inkişafında böyük rol oynasınlar. (azvision.az)

İnterpress.az