İqtidar-müxalifət dialoqu yenidən müzakirədəbackend

İqtidar-müxalifət dialoqu yenidən müzakirədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında maraqlı bir fikir səsləndirib. O, Azərbaycan hakimiyyətinin yeni siyasi münasibətlərə hazır olduğunu bildirib. Mehman Əliyev qeyd edib ki, yaxınlarda prezident İlham Əliyevin Brüsselə səfəri və Avropa Birliyi ilə yeni sazişin imzalanması gözlənilir:

“Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti yeni siyasi münasibətlərə hazırdır. Tərəflər arasında növbəti addımların atılması, razılaşmaların olduğu görünür. Hesab edirəm ki, intensivlik artır, getdikcə bu daha da artacaq. Belarusda həmin proses gedir. Gürcüstan, Ukrayna, Moldova kimi ölkələr Avropa Birliyi ilə assosiativ sazişlər imzalayıblar və günü-gündən Avropa ilə daha sıx əlaqələr yaradırlar”.

Bəs görəsən, iqtidar-müxalifət dialoqunun ən aktiv iştirakçıları olan müxalifət liderləri necə düşünür? Azərbaycan hakimiyyəti yeni siyasi münasibətlərə hazırdırmı?

İqtidar-müxalifət dialoqu yenidən müzakirədə

“Yeni Müsavat”ın sualını cavablandıran KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, hələ ki bu istiqamətdə mediada gedən müzakirələrdən başqa real addım yoxdur: “Hazırda iqtidarın gündəmində belə bir məsələ yoxdur. Düzdür, analitiklər bu barədə rəy verə bilərlər, bu onların işidir. İqtidar hətta nəbz yoxlaması olaraq da belə fikirdə deyil. Arxa planlarında bəlkə də belə bir məsələ var. Ancaq hər halda, bu gün bu hiss olunmur, bizdə də belə bir informasiya yoxdur. Səbəb isə odur ki, iqtidar bunu görüntü kimi etmək istəyir. Bu mənada belə bir məsələ gündəmə gələ bilər. Ancaq bunu biz onların əvəzində izah edə bilmərik. Ən mühüm məsələ də odur ki, iqtidar dediklərini etmədi, danışıqları nəticə olmadan başa çatdırdı və kurs dəyişildi. İqtidarda dialoq tərəfdarı olan insanlar var idi, onlar istəyirdilər ki, bu yolla cəmiyyətin problemləri həll olunsun. O kurs seçki ərəfəsində dəfn olundu. Bu məsələdə bizim dediklərimiz sadəcə mülahizələr ola bilər. Konkret faktları yəqin ki, iqtidarda olanlar bilirlər”.

İqtidar-müxalifət dialoqu yenidən müzakirədə

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də hazırkı durumda iqtidardan belə bir gözləntilərinin olmadığını bildirdi: “Mən güman etmirəm ki, hakimiyyətin hansısa addımı Mehman bəyin belə nəticəyə gəlməsinə imkan verib. Mənim fikrimcə, Azərbaycanda indiki iqtidarın mövcud olduğu şəraitdə hakimiyyət ən antidemokratik və antiislahatçı mövqedə durmağa davam edir. Bu mənada mən hər hansı müxalifət-iqtidar dialoqunun baş tutacağına inanmıram. Hazırda istər siyasi, istər sosial, istərsə də psixoloji mühit tamamilə belə bir dialoqu qeyri-mümkün edir. Hansısa ciddi bir hadisə baş verməyənə qədər mən bu vəziyyətin dəyişəcəyinə ümid eləmirəm”.

İqtidar-müxalifət dialoqu yenidən müzakirədə

Ümid Partiyasının sədri İqbal Ağazadə isə dialoqun hər zaman mümkün variant olduğunu vurğuladı: “Hər şey gözləmək olar. Dialoq da olmalıdır. İqtidar hər hansı mövzu ilə bağlı dəvət etməlidir. Müxalifət də həmin mövzuda müzakirələrə qatılmalıdır. Dialoq tərəfləri iqtidar və müxalifət olmalıdır. Bəzən hakimiyyət bu məsələlərdə yanlışlığa yol verir. Məsələn, ötən dövrlərdə hakimiyyət iqtidar-müxalifət dialoqu təşkil edirdi, ancaq oraya iqtidaryönlü partiyalar dəvət olunur. Bu, partiyaların görüşü idi. Dialoqdan söhbət gedirsə, orada tərəflər eyni qaydada təmsil olunmalıdır, hər iki tərəf masa arxasında olmalıdır. İqtidaryönlü partiyalar da ancaq iqtidar tərəfdən iştirak edə bilərlər. Dialoq mümkündür, niyə də olmasın? Lakin hazırda hakimiyyətin siyasi xəttində dialoq meylləri görünmür. Ancaq buna ehtiyac var. Sosial-iqtisadi vəziyyətin ağırlığı gec-tez siyasi gərginliyə gətirib çıxara bilər. Bunun üçün mütləq şəkildə siyasi institutlarla dialoq olmalıdır ki, sosial-iqtisadi vəziyyətin ağırlığı siyasi stabilliyi pozan amilə çevrilməsin və bundan heç kim istifadə edə bilməsin”.

İnterpress.az