“Azərbaycanda olmaqdan böyük zövq alıram”backend

“Azərbaycanda olmaqdan böyük zövq alıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqasın APA-ya müsahibəsini təqdim edir:

– Yunanıstanın avrozonanı tərk etməsi ilə bağlı fikirlər səslənir. Fikrinizcə, ölkəniz Avropa Birliyi və avrozonaya qoşulmaqdan daha çox itirib, ya qazanıb? Hazırda ölkənizin iqtisadi vəziyyətinə nəzər salsaq, yunanlar Avropa İttifaqının bir hissəsi olmaqdan peşmanlıq hissi keçirirlərmi?

– 2002-ci ildə avrozonaya daxil olan Yunanıstan istər avrozona, istər Avropa İttifaqının bir hissəsi olmaqdan daha çox qazanıb. Yunanıstanda heç kəs Avropa İttifaqını tərk etmək istəmir, ən azı nəzəri nöqteyi-nəzərdən. Dediyiniz kimi, yunanlar arasında müəyyən peşmançılıq və məyusluq var. Buna səbəb ölkənin iqtisadi böhran yaşamasıdır. Bu, əlbəttə insanların gündəlik həyatına təsir edir. Siz indi Yunanıstana getsəniz, ölkənin iqtisadi böhran yaşadığını hiss etməyəcəksiniz, amma iqtisadi böhran heç yerə getməyib. Rəqəmlərə nəzər yetirsək, maaş kəsirlərini, işsizliyin artımını, vergilərin yüksəlməsini görəcəyik. Bu da insanların gündəlik həyatına təsir edir. Buna rəğmən, ölkədə heç kəs Yunanıstanın avrozona və Avropa İttifaqını tərk etməsini istəmir. Avropa İttifaqı da öz növbəsində Yunanıstanı itirmək istəmir. Həm də, əgər bu qurumların üzvüsənsə, oranı tərk etmək çox problematikdir. Çünki bu, bir qrup ölkəni birləşdirən birlikdir. Bir üzv ölkə oranı tərk etsə, bu, digərlərinə də təsir edir. ABŞ-ın Avropa İttiifaqına təyin etmək istədiyi yeni səfiri və bəzi almaniyalı siyasətçilər ölkəmizin qurumu tərk etməsinin yunanlara fayda verəcəyini düşünür. Lakin bu, onların şəxsi fikirləridir və Yunanıstanda heç kəs bu fikirlə razı deyil.

– Yunanıstan bu il Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə ticarət missiyaları yaradacağını açıqlayıb. Siz son çıxışlarınızın birində iki ölkə arasında ticarət əlaqələrinin qənaətbəxş səviyyədə olmadığını söyləmisiniz. Deyə bilərsinizmi, ticarət missiyalarının yaradılması bu əlaqələrin inkişafına töhfə verə biləcək mi?

– Keçən il rəsmi Afina Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın iclasına ev sahibliyi edib. Bu, ticarət, iqtisadiyyat, turizm, nəqliyyat və bir sıra digər sahələri əhatə edib. Növbəti iclas Bakıda keçiriləcək. Bu il də ola bilər, növbəti il də. Hökumətlərarası komissiyanın sonuncu iclasında imzalanan protokollar çərçivəsində Yunanıstan hökuməti Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə ticarət missiyaları yaradılmasına qərar verib. Səhv etmirəmsə, bu ilin ikinci yarısında bu missiya təşkil ediləcək. Dəqiq vaxt hələ müəyyən olunmayıb. Bu missiyanın məqsədi bir sıra sahələrdə olan imkanları araşdırmaq, tədqiq etmək və nəticə etibarilə ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı daha da genişləndirməkdir. Biz anlayırıq və bilirik ki, iki ölkə arasında əməkdaşlıq potensialı böyükdür. Bu səbəbdən çıxışlarımda mən söylədim ki, heç bir səfir təmsil etdiyi ölkə ilə çalışdığı ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın səviyyəsindən tam razı qala bilməz. Biz Yunanıstan istehsalı olan müxtəlif çeşidli məhsulları Azərbaycanda, Azərbaycan istehsalı olan məhsulları isə Yunanıstanda görmək istəyirik. Ticarət missiyalarının məqsədi mümkün əməkdaşlıq sahələri və yollarını araşdırmaq, tədqiq etməkdir.

– Yunanıstan hökuməti SOCAR-ı etibarlı tərəfdaş kimi görürdü. Lakin ardınca SOCAR tenderdən uzaqlaşdırıldı. Bu, etimadın itməsidir, yoxsa başqa səbəblər var?

– Yunanıstan hökuməti indi də SOCAR-ı etibarlı tərəfdaş kimi görür. Hansısa məsələ ortaya çıxanda bu barədə danışıqlar aparılır. Hər bir tərəf öz nəzər-nöqtəsini, fikrilərini, təkliflərini ortaya qoyur. Bu danışıqlar uzun müddət sürür. Hər danışıq müsbət, nisbətən bir az müsbət, yaxud ümumiyyətlə, mənfi yekunlaşa bilər. Bizim məsələyə gəldikdə, tərəflər dostsayağı, yaxşı mühitdə danışıqlar aparıb. Ötən il noyabrın 13-də danışıqlar təəssüf ki, müsbət yekunlaşmadı. DESFA ilə bağlı yeni tender elan ediləcək və bildiyimə görə, SOCAR yeni tenderdə iştirak etmək üçün öz marağını nümayiş etdirib. Hər iki tərəf arasında dostsayağı mühit var və heç bir problem yoxdur. Tender rəsmi olaraq elan edilməyib, amma artıq 5-6 şirkət rəsmi şəkildə tenderə maraq göstərdiyini açıqlayıb.

– Azərbaycanla Yunanıstan arasında enerji sektorunda əməkdaşlıq yalnız DESFA ilə məhdudlaşmır. Azərbaycan öz tərəfdaşları ilə birgə TANAP-TAP layihəsini reallaşdırır. Bu sahədə işlər nə yerdədir?

– Yaxın günlərdə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçiriləcək. Birinci və ikinci görüşlər də Bakıda keçirilib. Azərbaycan fevralın 23-də üçüncü görüşə ev sahibliyi edəcək. Bu, TANAP və TAP layihələrinin həyata keçirilməsində iştirakı olan bütün ölkələrin enerji nazirlərinin koordinasiyasıdır. Nazirlər hər il Bakıda yığışır ki, layihələrin hər ölkədə icrası prosesi ilə bağlı fikirlərini bölüşsünlər. Bu, Azərbaycanın irəli sürdüyü çox yaxşı təşəbbüsdür və layihələrdə yaranan, yarana biləcək mümkün problemləri müzakirə etməyə imkan verir.

– Hər iki ölkə regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Onlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatıdır. Fikirlər səslənir ki, bu təşkilat artıq aktuallığını itirib. Siz bu haqda nə fikirdəsiniz? Bu regional əməkdaşlıq çərçivəsində ölkələri hansı layihələri gerçəkləşdirə bilər?

– Mən bu təşkilatla hələ Azərbaycana səfir təyin edilməzdən əvvəl işləmişəm. Təşkilatın geniş potensialı var, amma həqiqətdə bu potensialın üstünlüklərindən istifadə edilmir. Onlar bir çox sahələrdə bir sıra işlər görmək istəyir. Mən təşkilatın baş katibini şəxsən tanıyıram. Yunanıstanlı olan baş katib çox fəal və xarizmatikdir. O, özünü işə həsr edir, təşkilata baş katib seçiləndən sonra qurumdaxili islahatların aparılmasına başlayıb. Bildiyimə görə, bir çox üzv ölkələr onu bu işdə dəstəkləyir. Çünki hər kəs anlayır ki, bu təşkilat irəli getməlidir. Hazırda bir az yerində sayır, amma irəli getməlidir. Nəqliyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlıq potensialı var. Ticarət sahəsində də var. Burada təşkilat çərçivəsində iki ölkə arasındakı əməkdaşlıqdan yox, bir sıra üzv ölkələr arasındakı əməkdaşlıqdan söhbət gedir. Bütün ölkələr cəhd göstərsələr, gözlədikləri nəticəni ala bilərlər.

– Bildiyiniz kimi, uzun illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Ötən ilin aprelində biz münaqişənin fəal fazasının şahidi olduq. Yunanıstanın münaqişə ilə bağlı mövqeyi nədir?

– Yunanıstanın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Yunanıstan Minsk qrupunun beynəlxalq hüquq çərçivəsində münaqişənin həlli ilə bağlı həyata keçirdiyi və keçirəcəyi səyləri dəstəkləyir. Ötən cümə günü Gənc Azərbaycan Diplomatları Birliyində çıxışım zamanı Dağlıq Qarabağla bağlı suala cavabım açıq-aydın uğursuz tərcüməyə görə tam əks olunmayıb. Belə ki, sualı cavablandırarkən mən Yunanıstanın beynəlxalq hüquq çərçivəsində məsələnin həlli ilə bağlı Minsk qrupunun həmlələrini tamamilə dəstəklədiyini demişəm. Beynəlxalq hüquqa hörmət etməyin vacibliyini xüsusi vurğulayaraq Kiprdə də oxşar vəziyyətin olduğunu və bunun səbr tələb etdiyini söyləmişəm.

– Siz Çin, Bolqarıstan, Çexiya kimi ölkələrdə çalışmısınız. Sadaladığım ölkələrlə müqayisədə Azərbaycanda çalışarkən hansı fərqliliklərlə rastlaşmısınız? Sizcə, Azərbaycanın hansı özünəməxsus cəhətləri var?

– Belçikada da səfir olmuşam. Hər bir ölkə individual bir haldır. Çin Belçikadan fərqlənir, Belçika Çexiyadan, Çexiya Bolqarıstandan, Bolqarıstan da Azərbaycandan… Ölkəniz də Yunanıstandan fərqlənir. Bu da bizim peşəmizin cəlbedici məqamıdır. Hər yeni yollandığımız ölkədə biz yeni mentalitet, yeni simalar, yeni fikirlər, yeni sivilizasiya, düşüncə tərzi ilə rastlaşırıq və bunları təhlil edərək öz paytaxtımıza məruzə edirik. Buna görə, yeni ölkədə diplomat üçün hər yeni gün cəlbedicidir. Yəni hər yeni gündə görəcəyin yeni işlər var. Müqayisə edə bilmərəm, mən sadəcə, 33 il diplomat olmağımdan zövq ala bilərəm. Bütün bu ölkələrdə olmağımdan həqiqətən də zövq almışam. Çində məşhur Tyananmen meydanı hadisələri zamanı, həmin gərgin anlarda təcrübəyə malik oldum. Brüsseldə olanda Yunanıstan o zaman Avropa İttifaqına sədrlik edirdi. Bolqarıstanın bizim qonşu olması onun hansı əhəmiyyət kəsb etdiyini göstərir. Bu ölkədə minlərlə yunan iş adamı çalışır. Bizim əməkdaşlığımız çox sıx olub və hər gün görüləsi bir sıra işlərim var idi. Çexiyada səfirlik dönəmim bu ölkənin Avropa İttifaqına daxil olmasına təsadüf edib. Hər bir ölkədəki zövq alınası və görüləsi bir çox işlər var idi. Bu, Azərbaycana da aiddir. Bir az əvvəl qeyd etdiyim kimi, mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, o cümlədən MDB ölkələri ilə əlaqələrdə yaxından iştirak etmişəm, o cümlədən Azərbaycan, cənub-şərqi Avropa ölkələri və Türkiyə ilə. Ümumilikdə 21 ölkə ilə məşğul olmuşam. Mən bura iki dəfə – 2009 və 2011-ci illərdə səfər etmişdim. Səfir kimi Azərbaycana gələndə bura mənim üçün artıq tanış idi. İlk həftə özümü elə hiss edirdim ki, sanki yarım ildir buradayam. Hər şey çox tanış idi. Bununla belə, Azərbaycan mənim üçün yeni ölkə idi. Mən ölkənizdə çoxlu səyahətlər etmişəm, çünki səfir işlədiyin ölkə təkcə paytaxtdan ibarət deyil. Mən bir çox yerlərdə olmuşam. Astara, Lənkəran, Lerik, Qobustan, bütün Abşeron yarımadası, Quba, Qusar, İsmayıllı, Ucar, Şamaxı, Şəki, Qəbələ, Gəncə, Qazax, Göygölə getmişəm. Göygöl çox xoşuma gəlib. Bizim işimizin bir hissəsi cəmiyyətə getmək, yerli rəhbərlər və sıravi insanlarla ünsiyyət qurmaqdır: restoranlarda çalışan xidmətçilərdən başlayaraq, hökumətdə çalışan insanlaradək… Mən burada olmağımdan çox böyük zövq alıram. Yenidən söyləyirəm ki, hər yeni gün mən yeni iş görməliyəm. Bu da hər bir diplomatın həyatını maraqlı, vacib, çağırışlarla dolu edir. Ölkələrimizin insanlarında qonaqpərvərlik hissi çox güclüdür. Bu, hər iki xalqın mentalitetində mühüm yer tutur. Bizdə hətta qonaqpərvərlik tanrısı var. Müxtəlif məsələlər və çətinliklərə yanaşma tərzlərimizdə oxşar xüsusiyyətlər mövcuddur. Hər ikimizə optimizm hissi xasdır. Biz su şüşəsini həmişə yarıdolu görürük, yarıboş yox. İstər azərbaycanlılar, istərsə də yunanlar düşünür ki, sabahkı gün geridə qoyduğumuz gündən daha yaxşı olacaq. Musiqimizdə də oxşar cəhətlər var. Məsələn, ənənəvi yunan xalq musiqisinin müəyyən hissəsi Azərbaycanın muğam musiqisinə bənzəyir. Antik dövrə nəzər salanda da bir çox oxşarlıqları görmək olar: Yunanıstanda alovu oğurlayan Prometey var və Azərbaycanın rəmzi alovdur. Böyük İsgəndərin bu torpaqlardan keçməsi, o və Aristotel, Sokrat barədə Nizami Gəncəvinin əsərlərində qeyd olunması o vaxtlar da bu iki torpaqda yaşayan insanlar arasında əlaqə olduğunu göstərir.

İnterpress.az