“Lapşinin həbsi ilə bağlı heç bir qanun pozuntusu olmayıb” – hüquq müdafiəçisibackend

“Lapşinin həbsi ilə bağlı heç bir qanun pozuntusu olmayıb” – hüquq müdafiəçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağa qanunsuz səfərlər etdiyi və Azərbaycana qarşı cinayət xarakterli kampaniya apardığı üçün Belarusda həbs edilib ölkəmizə gətirilən blogger Aleksandr Lapşinin həyat yoldaşı onun vəkili Səfər Hüseynovla telefonla danışıb.

Bu barədə dünən \”Trend\”ə S.Hüseynov məlumat verib. Onun sözlərinə görə, A.Lapşinin həyat yoldaşı onunla iki dəfə telefon əlaqəsi saxlayıb: “Bu gün də telefonla danışmışıq, Lapşinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb, həmçinin istintaqın gedişini soruşub. Ona Lapşinin saxlanma şəraitinin və səhhətinin normal olması barədə məlumat verirəm. Həmçinin Lapşin səfirliklər tərəfindən də nəzarətdə saxlanılır, mütəmadi onun vəziyyəti ilə maraqlanırlar”.

S.Hüseynov bildirib ki, sonuncu dəfə A.Lapşinlə fevralın 9-da görüşüb: “Hazırda istintaq hərəkətləri aparılır. Müstəntiq nə vaxt çağırsa və ya Lapşin görüşmək istəsə, xəbər edəcək, yenidən onunla görüşəcəyəm”.

Vəkil qeyd edib ki, A.Lapşinin anasının Bakıya gələcəyi vaxt barədə hələlik məlumatı yoxdur.

“Lapşinin həbsi ilə bağlı heç bir qanun pozuntusu olmayıb” – hüquq müdafiəçisi

Dünən Rusiya Xarici İşlər Nazirliyi də Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə yenidən münasibət bildirib. Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Belarus tərəfinə Rusiya vətəndaşının üçüncü ölkəyə ekstradisiyasının yolverilməzliyi barədə mövqelərinin dəfələrlə çatdırıldığını söyləyib: “Aleksandr Lapşin həm Rusiya və həm də İsrail vətəndaşıdır. Rusiya səfirliyinin nümayəndələri fevralın 9-da təcridxanada Lapşinə baş çəkiblər. Rusiyalı diplomatlarla görüş zamanı Lapşin saxlanma şəraiti ilə bağlı heç bir şikayət etməyib. Səfirliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları – Baş Prokurorluq, Azərbaycan XİN, o cümlədən İsrailin bu ölkədəki səfirliyi ilə daim təmasdadır. Səlahiyyətimiz çərçivəsində Rusiya vətəndaşının bütün hüquqlarının müdafiəsini təmin etmək üçün mümkün tədbirləri görür, məsələni nəzarətdə saxlayırıq. Hazırda Lapşinə yüksək ixtisaslı vəkil yardımı göstərilir. Qarşıda məhkəmə prosesi var. Mətbuatdan xahiş edirik ki, yoxlanılmamış məlumatları dərc etməsin”.

Bəzi rusiyalı hüquq müdafiəçiləri isə Azərbaycan hüquq müdafiəçilərinin A.Lapşinin məsələsinə laqeyd qaldığını bildiriblər və həmkarlarını qınayıblar.

“Lapşinin həbsi ilə bağlı heç bir qanun pozuntusu olmayıb” – hüquq müdafiəçisi

Azərbaycanın tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, qınaqların heç bir əsası yoxdur: “Aleksandr Lapşin Azərbaycan qanunlarını açıq-aşkar pozduğu və bu səbəbdən Azərbaycan Cinayət Məcəlləsinin konkret maddələrində tövsif olunan cinayət əməlinə yol verdiyi üçün onun haqqında cinayət işi açılıb. Həbs olunması və Azərbaycana gətirilməsi beynəlxalq hüquq normalarına uyğun həyata keçirilib. Bu mərhələyədək Lapşinin hüququnun pozulması halı baş verməyib. Lapşin Kürdəxanıdakı Müvəqqəti Saxlama Təcridxanasında hüquqi prosedurlara uyğun olaraq yerləşdirilib və nə vəkili, nə də onunla görüşən Rusiya diplomatları tərəfindən onun təcridxanada vəziyyətindən narazılıq etməyiblər, hüquqlarının pozulduğunu deməyiblər. Hüquq müdafiəçiləri Lapşini o zaman müdafiə edərdilər ki, indiki mərhələyədək olan prosedurlarda onun hüquqları pozulmuş olaydı, yaxud təcridxanada saxlanma şəraiti pis olaydı, işgəncə veriləydi. Bunlar baş vermədiyi üçün hüquq müdafiəçilərinin Lapşini müdafiə etməsinə heç bir əsas olmayıb. Bundan sonrakı mərhələ isə məhkəmə prosesi olacaq. Məhkəmə prosesi də şübhəsiz ki, qanunlara uyğun keçiriləcək və hər şey hüquq müstəvisində gedəcək, məhkəmədə də Lapşinin hüquqları pozulmayacaq və hüquq müdafiəçilərinin işə qarışmasına ehtiyac olmayacaq. Hüquq müdafiəçiləri yalnız o halda hansısa şəxsin müdafiəsinə qoşulurlar ki, həmin şəxsin saxlanılmasında, barəsində çıxarılan məhkəmə hökmündə, təcridxanada və həbsxanada saxlandığı müddətdə ona qarşı hüquq pozuntuları baş verir. Lapşinin isə bu günədək heç bir hüququ pozulmayıb”.

M.Qəhrəmanlı qeyd etdi ki, rusiyalı hüquq müdafiəçiləri qanunlara və insan hüquqlarına həqiqətən də hörmətlə yanaşsaydılar, separatçı Dağlıq Qarabağ rejiminin qanunsuz həbs etdiyi və işgəncələrə məruz qoyduğu Rusiya vətəndaşı Dilqəm Əsgərovun məsələsini qaldırmalıydılar. Dilqəm Əsgərovun taleyi ilə zərrə qədər maraqlanmayan rusiyalı hüquq müdafiəçilərinin indi Azərbaycandakı hüquq müdafiəçilərini Aleksandr Lapşinə laqeydlikdə suçlamasına heç bir haqqı yoxdur.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Rusiya, İsrail və Ukrayna ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib, beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.

İnterpress.az