Mosul əməliyyatının ikinci fazası başladıbackend

Mosul əməliyyatının ikinci fazası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq ordusu Mosul şəhərinin qərb hissəsini İŞİD-dən azad etmək üçün əməliyyatlara başlayıb. Bu barədə baş nazir Heydər İbadi məlumat verib. Baş nazirin ofisindən yayılan yazılı açıqlamada baş nazir və ordunun ali baş komandanı Heydər İbadinin Mosulun Eymən (qərb) sahilinin azad edilməsi üçün əmr verdiyi qeyd olunur. Açıqlamada əməliyyatın əsas hədəfinin torpaqların deyil, insanların xilas edilməsi olduğu bildirilir.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri Mosul 2014-cü il iyunun 10-da yerli hökumətin və silahlı birləşmələrin müqavimət göstərməməsi nəticəsində İŞİD-in əlində keçib. Şəhərin azad edilməsi üçün İraq hökuməti uzun müddət hazırlıq həyata keçirib və 2016-cı il oktyabrın 17-də Mosulun azad edilməsi üçün geniş miqyaslı əməliyyat başlayıb. Əməliyyat 99 gün davam edib və yanvarın 24-də Mosulun şərq hissəsinin tamamilə azad edilməsi ilə başa çatıb. Xatırladaq ki, Mosul şəhəri Dəclə çayının üzərində yerləşir, çay şəhəri qərb və şərq hissələrinə ayırır. Şərq hissədə əməliyyatlar artıq başa çatıb və ötən ay İraq ordusu Mosulun şərq sahillərini tamamən nəzarətə götürüb. İndi isə əməliyyat Mosulun qərbində keçirilir.

İraq hərbi mənbələri ordu qüvvələrinin və könüllü hərbi birləşmələrin Mosulun qərbinin azad edilməsi əməliyyatını 3 istiqamətdən başladıldığını qeyd edir. İraq ordusu şimaldan, federal polis qüvvələri cənubdan, “Həşdi Şabi” könüllü qüvvələri isə qərbdən əməliyyata dəstək verir. Əməliyyat fevralın 19-da səhər saatlarında başlayıb. Əməliyyat indidən xeyli ağır hesab olunur, çünki bundan əvvəlki əməliyyatda İŞİD-in ciddi müqaviməti, dar küçələrdə döyüşlər, gözlənilməz kamikadze hücumları və hələ də şəhərdə qaldığı güman edilən 750 min nəfərlik dinc sakin, hansı ki, canlı qalxan kimi istifadə olunması riski yüksəkdir.

Artıq əməliyyatda irəliləmə var, səhər saatlarında İraq ordusu bir qəsəbə və Bağdad-Mosul yolu üzərindəki iki kəndi, eləcə də bir elektrik stansiyasını azad edib. İŞİD-in İraq ordusuna çox ciddi müqavimət göstərdiyi, zaman-zaman beynəlxalq koalisiya qüvvələrinin hava dəstəyi ilə İraq ordusunun İŞİD müqavimətini yardığı bildirilir. Ordu qüvvələrinin qərbi Mosulun hava limanına yaxınlaşdığı və liman yaxınlığında bir neçə kəndi ələ keçirdiyi bildirilir. (musavat)

Bu arada İraq “Həşdi Şabi” ilə İŞİD qüvvələri arasında Telafer şəhərinin qərbində ağır döyüşlər baş verdiyi haqda xəbərlər gəlməkdədir. İraq mediasının yazdığına görə, Telaferin qərbinə hücum edən İŞİD Ayn Nisan kəndini ələ keçirmək və bununla da qapanmış Suriya-İraq (Mosul) yolunu açmağa çalışıb. Bu səbəbdən də ötən həftəsonu gözlənilmədən İŞİD böyük qüvvə ilə Telaferin qərbində Ayn Nisan kəndinə hücum edib. Hücum İŞİD-in ənənəvi taktikası ilə – bomba yüklənmiş avtomobillərlə başlayıb. 5 minalanmış avtomobil kənddəki İraq güclərinin postlarına qəfil hücum edərək partlayışlar törədib. İraq-Suriya təhlükəsizlik xəttini təşkil edən bölgədə hücum İŞİD-in son aylarda ən böyük əməliyyatı olsa da, uğursuzluqla başa çatıb. “Əl-Məyadin” kanalının xəbərinə görə, Suriyaya keçməyə çalışan 200 terrorçunun hücumu nəticəsiz olub, təhlükəsizlik xəttini qırmaq mümkün olmayıb.

Mosul əməliyyatının ikinci fazası başladı

Qeyd edək ki, Mosul əməliyyatı son illərdə dünyada baş verən ən qanlı hərbi əməliyyatlardan biridir. ABŞ-ın qurduğu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın amerikalı komandanı general Stefan Tounsend yazılı açıqlamasında “dünyadakı hər bir ordu üçün Mosul savaşı çox çətin bir müharibədir” deyə qeyd edib. İŞİD-in amansız hücum və partlayış texnikası, canlı bombalar, minalanmış avtomobillərin gözlənilməz hücumları, dinc əhalinin qalxan kimi istifadə olunması və nəhayət, az qala hər bir ev uğrunda savaş Mosul əməliyyatını dünyanın ən ağır əməliyyatlarından biri kimi tanınmasına səbəb olub. Ancaq ötən il başlayan və bir çox İraq şəhərlərinin azad edilməsi ilə nəticələnən əməliyyatlar İraq ordusunun təcrübəsini artırıb. Daha əvvəl kiçik qəsəbələrdə belə ilişib qalan İraq qüvvələri artıq iri şəhərlərdə uğurlu əməliyyatlar keçirir və bir növ müharibə təcrübəsi ilə güclənir. Bu mənada indi Mosuldan sonra İraqda irimiqyaslı deyil, kiçik miqyaslı, antiterror əməliyyatlarının davam edəcəyi gözlənilir.

Hələliksə əsas diqqət Mosuldadır. Mosul İŞİD-in dünyaya tanınmasına səbəb olmuş ən böyük əməliyyatı idi. İraqdan sonra İŞİD-in gücünü Suriyada mərkəzləşdirəcəyi ehtimal olunur. Bu səbəbdən də indi bir sıra qüvvələr Suriyaya keçməyə çalışır. Çünki qarşıda Raqqaya ABŞ və Suriya Demokratik Qüvvələrinin hücum əməliyyatı var.

İnterpress.az