“Nə olsun ki, deputatam. Deputat da insandır…”backend

“Nə olsun ki, deputatam. Deputat da insandır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az həmin müsahibəni təqdim edir:

– Son vaxtlar Azərbaycanda siqaretin qiymətinin qalxmasında əsas səbəb kimi “European Tobacco Baku” fabrikinin qiymət artımına yol verməsi göstərilir. Təcrübəli və bu şirkətin fəaliyyətindən məlumatlı insan kimi səslənən bu ittihamlara münasibətiniz necədir?

– Onu deyən adamlar çıxıb bazarlarda araşdırma aparsınlar. Görəcəklər ki, qiyməti qalxan siqaretlərin heç biri “European Tobacco Baku” istehsalı deyil. Ümumiyyətlə, qiyməti qalxan siqaretlər Azərbaycanda istehsal olunmur. Bunu bilmək üçün insanlar 5 mağazaya girib araşdırma aparsalar kifayət edəcək. Burada heç bir manapoliyadan söhbət gedə bilməz. Çünki xaricdən Azərbaycana bir deyil, bir neçə şirkət siqaret gətirir. Azərbaycanda isə bir neçə siqaret istehsalçısı olan şirkət var. Əgər bir məhsulu bir neçə şirkət gətirib və ya istehsal edib satırsa, burada necə manapoliya ola bilər? Heç olmasa oliqopoliya desəydilər, bu bir qədər uyğun gələrdi. Azərbaycan kiçik bir ölkədir, burada bir neçə siqaret istehsal edən şirkətlər var. Kiçik bir ölkə üçün ən azı üç siqaret istehsal edən şirkətin olması tam normaldır.

– Xaricdə istehsal olunan siqaretlərin qiymətində bahalaşmanın əsas səbəbini nədə görürsünüz?

– Təbii ki, bu dollarla bağlıdır. Xaricdən gətirilən siqaretlərin qiyməti birbaşa dolların dəyərindən asılıdır. Bahalaşmanın digər səbəbi isə nağdsız hesablamaya keçməklə bağlıdır. Ona görə də Azərbaycanın kiçik və orta səviyyəli mağazaları siqaretin qiymətinin bahalaşmasına tam hazır deyil. Halbuki, son bir ildir ki, aksiz malların satışının köçürülmə sisteminə keçiləcəyi ilə bağlı müzakirələr gedir. Gərək market sahibləri də siqaret satışı ilə bağlı hesab və “VEÖN” açılmasını əvvəlcədən nəzərə almalı idi. Market sahibləri bunu nəzərə almadığı üçün bu gün siqaretin qiymətinin qalxması şok effekti yaradır. Amma burada şok nə isə yoxdur.

– Siqaretin satış qiymətlərinin aşağı salınması ilə bağlı mütəxəssisi olduğunuz sahədə çalışan şirkətlər hansı güzəştlərə gedə bilər?

– Yenə də deyirəm, insanlar gedib bazarlarda qiymətlərə baxsınlar və müqayisə aparsınlar. Görəcəklər ki, üzərində “European Tobacco Baku” sözləri yazılan heç bir siqaretin qiymətində ciddi bahalaşma olmayıb. Digər tərəfdən də bu ilin mart ayında “European Tobacco Baku” şirkətində kadr dəyişikləri olacaq. Bundan sonra isə “European Tobacco Baku” şirkətinin gücü daha da artacaq, istehsalın artımına və satışa müsbət təsir göstərəcək.

“European Tobacco Baku”-nun əsas məqsədi və hədəfi ən azı ötən illərdə olduğu kimi siqaret bazarının böyük hissəsini tutmaqdır. Təbiidir ki, “European Tobacco Baku” tərəfindən istehsal edilən ucuz, orta və bahalı siqaretlər olacaq. Yaxın vaxtlarda “European Tobacco Baku” 5-6 növ brend siqaret istehsal edəcək. Ancaq yenə də bunların qiyməti xaricdən gətirilən siqaretlərin qiymətindən 30-50 faizə qədər aşağı olacaq.

Hazırda bazarlarda “European Tobacco Baku” istehsalı olan 80-90 qəpiyə siqaretlər var. Ancaq xarici siqaretlərin qiyməti isə 1,5 manatdan başlayır.

Sevindirici hal ondan ibarətdir ki, son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, tütünçülük sahəsində də ciddi inkişaf müşahidə olunur. Bunun nəticəsidir ki, Azərbaycanda siqaret istehsal edən şirkətlər yerli tütünlərə üstünlük verirlər. Bu da ölkədən valyuta çıxışına müsbət təsir göstərir. Misal üçün deyim ki, Azərbaycanda istehsal edilən siqaretlərin təqribən 50 faizini yerli tütün təşkil edir. Bu rəqəm gələcəkdə daha da artacaq. Təbii ki, Azərbaycan tütününə tələb də artacaq. “European Tobacco Baku” kimi, bütün yerli şirkətlər keyfiyyətli tütündən istifadəyə çalışmalıdır. Bu gün “European Tobacco Baku” ən keyfiyyətli tütünlərdən istifadə edir.

– Bildiyiniz kimi, Azərbaycanda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasının iş planına daxil edilib. Həmin qanun layihəsində tütün məmulatlarından istifadənin bir çox yerlərdə qadağan olunmasına dair müddəalar öz əksini tapıb. Bu kimi qanun layihələrinin qəbulu siqaret istehsal edən şirkətlərin fəaliyyətinə necə təsir göstərəcək?

– Yox, bunun siqaret istehsal edən şirkətlərə heç bir təhlükəsi olmayacaq. Əvvəla, bu qanun hələ qəbul olunmayıb. Digər tərəfdən isə ictimai yerlərdə siqaret çəkənlərə qarşı qanun qəbul olunarsa, bu, siqaret satışına müəyyən qədər mənfi təsir edəcək. Bəzən mən ABŞ nümayəndələrinə sual verirəm ki, sizin ölkədə vətəndaşların evində silah-sursat saxlaması niyə qadağan olunmur? Onlar deyir ki, bu vətəndaşların özünümüdafiə olunması üçün hüququdur. İndi nə qədər siqaret çəkən insanlar var. Əgər bu qanun qəbul olunarsa, o zaman həmin siqaret çəkən insanların da hüquqları pozula bilər. Ona görə də ictimai yerlərdə siqaret çəkənlərə qarşı cərimələrin tətbiq edilməsi ilə bağlı qanun qəbul olunarsa, təbii ki, bunun siqaret istehsal edən şirkətlərə 10-15 faiz mənfi təsiri olacaq.

Siqaret istehsal edən şirkətlər bilməlidir ki, gec-tez onların məhsullarına qarşı qanunlar qəbul olunacaq. ABŞ və Avropa ölkələrində bu proseslər reallaşıb və nə vaxtsa Azərbaycana da gəlib çatacaq. Tütün və siqaret istehsal edən şirkətlər də bu məqamı unutmamalıdır.
Avropa ölkələri bu cür qanunları qəbul edən zaman prosesləri mərhələ-mərhələ keçib gəlib indiki vəziyyətə çatıblar. Hətta, indi Avropa ölkələrində işə götürülən insanlara siqaret çəkib-çəkməməsi də sual edilir. Avropa ölkələrində siqaret çəkənləri çox vaxt işə götürmürlər. Bütün bunlara Azərbaycanda da nail olmaq üçün hələ çox zaman lazımdır.

– Siqaret satışına və istifadəsinə qarşı qanunların qəbul edilməsi biznes maraqları baxımından sizi narahat etmir ki?

– Mən yaxşı başa düşürəm ki, 3-6 ay tez və ya gec, bu qanun qəbul olunmalıdır. Ancaq mən təklif edirəm ki, sözügedən qanun qəbul edilməklə yanaşı, kafelərdə, barlarda, restoranlarda siqaret çəkmək istəyən insanlar üçün şərait yaradılsın, müvafiq yerlər ayrılsın. Restoran və kafe sahiblərinə müraciət edirəm ki, obyektlərində siqaret çəkən insanları da nəzərə alsınlar, onlara yerlər ayırsınlar. Hətta, eybi yox, siqaret çəkən şəxslərdən 3-5 faiz artıq pul alsınlar, ancaq siqaret çəkənlər üçün şərait yaradılsın. Yəni, restoran və kafelərin xüsusi ayrılmış yerlərində havalandırma sistemi lazımı səviyyədə qurularsa, hesab edirəm siqaret çəkənlərin digər insanlara zərəri olmaz. Bu təcrübə bütün dünya ölkələrində mövcuddur.

Ümumiyyətlə, siqaret çəkmək normal qəbul edilməlidir. Bu, siqaret çəkən insanın hüququdur. Onun da qarşısını almaq olmaz. Bəzən Rusiyada və digər ölkələrdə siqaret çəkənlərə qarşı çox sərt qanunlar qəbul edilir. Təsəvvür edin ki, Rusiyada insanların evdə, küçədə və meşədə siqaret çəkməsi qadağandır. Bəs bu adamlar harada siqaret çəksinlər? Avropada siqaret çəkənlərə qarşı sərt qanunlar qəbul edildiyi üçün alver 15-20 faiz aşağı düşüb. Çünki bu ölkələrdə insanların siqaret çəkməsi üçün yerlər çox məhdud sayda nəzərdə tutulub. Elə ölkə var ki, onun bir şəhərində cəmi 2-3 iaşə obyektində siqaret çəkilməsinə icazə verilir. Bu da anormal vəziyyət yaradır. Bütün siqaret çəkmək istəyən şəxslər həmin obyektlərə gedirlər.

– Siqaret çəkən insansınız?

– Hə, çəkirəm. Ancaq tez-tez siqareti atıram, sonra yenə çəkirəm. Hər dəfə həkimlərin yanına gedib-gələndən sonra dilxor oluram, dərhal siqareti üç aylığına atıram. Sonra yenidən çəkməyə başlayıram. Mən 18-19 yaşımdan siqaret çəkirəm. O zamandan bəri olub ki, 3-6 ay siqaret çəkməmişəm, ancaq yenə çəkməyə başlamışam.

– Bəs siqaretlə bağlı insanlara nə məsləhət görərdiniz?

– Mənə qalsa, yeni başlamaq istəyən insanlara siqaret çəkməyi qəti məsləhət görmürəm. Necə ki, şəkəri olanlara yağlı və şirin yemək icazəsi olmadığı kimi, siqaret çəkənlərə də məhdudiyyətlər olur. Mənim bir dostum var, o, süfrəyə yemək gələn kimi, dərhal duz səpir. Heç baxmır ki, bu yemək duzludur, ya yox! Duza “ağ ölüm” deyirlər. Ancaq siqaretin insanlara ziyanı daha çoxdur.

Mən insanlara siqaret çəkməyi məsləhət görməzdim. Şəxsən mənə həkim deyib ki, çalış əsəb keçirmə. Həkimim mənə əsəbiləşdiyim təqdirdə siqaret çəkməyi məsləhət görür. Ona görə də mən siqaret çəkirəm. Ancaq qətiyyətlə cavanlara məsləhət görürəm ki, siqaret çəkməsinlər. Yaşlı insanlar isə çalışıb siqaretin sayını ya azaltsınlar, ya da tamamilə atsınlar.

Doğrudur, mən nə qədər çalışsam da, ancaq siqareti tam tərgidə bilmirəm. Nə olsun ki, deputatam. Deputat da insandır, onun da qohum-əqrəbası var, xeyrə-şərə gedir, ev tikir, övladını evləndirir və s.

Bəzən qohuma borc pul verirsən, sonra geri qaytarmır. Verirsən məhkəməyə, deyirlər ki, Rüfət Quliyev sələmçidir və sairə. Bu insan gəlib borc istəyib, mən də pul vermişəm. İndi qaytarmır. Yaxşı, mən nə etməliyəm? İnsanlıq, yaxşılıq etmək lazım deyil? O qədər qohumlarım olub ki, gəlib borca pul istəyir, deyir iş qurub qazanacam, sonra da pulunu qaytaracam. Ancaq baxırsan ki, sözlərinə əməl etmirlər. Siyavuş Novruzovun yaxşı bir fikri var. Deyir ki, kəndçi gərək dizini torpağa qoyub işləsin ki, pul qazansın.

O gün deputat Əli Məsimli Milli Məclisdə çıxış edib deyir ki, qiymətlər qalxır. Dünyada böhran baş verirsə, dollar qalxırsa, təbii ki, qiymətlər də qalxacaq. İnanın ki, bəzən kəndlərdə insanlarla görüşəndə onlardan soruşuram ki, siz əti, yumurtanı, kartofu, pomidor-xiyarı haradan alırsız? Onlar da mənə cavablarında sadaladığım məhsulları supermarketlərdən aldıqlarını fəxrlə söyləyirlər. İndi bu cür adamlara nə deyəsən? Adama deyərlər ki, torpağın, həyətin var, əkib-becər də! Niyə pul verib alırsan? Vaxtilə dövlət tərəfindən islahatlar aparıldı və torpaqlar kəndlilərə bağışlandı. Ancaq həmin adamların bir qismi torpağı satıb, 15 illik “BMW” aldı, bir qismi də satıb övladlarına toy etdi. Mən gileylənmək istəmirəm, ancaq bu məsələ ilə bağlı deyiləsi sözlər çoxdur. Mən gənclərlə görüşəndə onlara oxuyub yaxşı təhsil almağı və təcrübə-biliklər qazanmağı tövsiyə edirəm. Çünki gələcək gənclərimizindir, bu cür gözəl və inkişaf edən dövlətdə yaşayırıq. Ona görə də çalışın, bacarığınızı nümayiş etdirib işləyin!

İnterpress.az