Dünya qəzetləri Münhen konfransının nəticələrindən yazdıbackend

Dünya qəzetləri Münhen konfransının nəticələrindən yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münhen konfransı dünyanın təhlükəsizlik problemlərinin həll olunması yolunda demokratik dövlətlərin gələcəyə yönəlik qayğı, narahatlıq və təlaşlarını artırmaqdan başqa bir işə yaramayıb.

İnterpress.az dünya qəzetlərinin konfransla bağlı qeydlərini oxuculara çatdırır.

“The Guardian” qəzetinin icmalçısı Saymon Tisdellin fikrincə, Münhen konfransı dünyanın 3 superdövlətinin “pis davranışları” səbəbindən hər kəsin qorxulu mənzərə ilə üz-üzə gəldiyi bir zamanda baş tutub.

“Postsovet Rusiyası hazırda təhlükəsizliyin bir nömrəli təhdidinə çevrilib. Eyni sözü ekspansionist Çin haqqında da söyləmək olar. Onun iqtisadi və hərbi planda sürətlə yüksəlişi dünya düzəninə meydan oxumaqdadır.

Burada dəyişən ABŞ-ın da artıq dünyanın alışdığı nizama əlac deyil, problem olmasındadır. Donald Trampın millətçiliyi və onun BMT və NATO kimi ənənəvi təşkilatlara qarşı qiyamçı təcridçi cəhdləri dərin dağıdıcı amil kimi göz önündədir”, – müəllif qeyd edir.

“Tramp kimi Rusiya lideri də münaqişə mövqeyindən çıxış edir. Tramp kimi o da Rusiyanı yenidən böyük etməyi vəd edir. Əgər Rusiyanın qüdrəti və nüfuzu Krımın ilhaqını, Gürcüstana müdaxiləsini, Ukraynanın işğalını, Əfqanıstanda gizli danışıqları, Suriyadakı hərbi cinayətləri nəzərdə tutursa, Putin bunun üçün hər şeyə getməyə hazırdır”.

“İki od arasında qalan Avropanın vəziyyəti həqiqətən qorxulu görünür. Getdikcə yüksələn millətçilik, “Breksit”dən dolayı gələn siyasi parçalanmanın gətirdiyi problemlər Rusiyanın dağıdıcı fəaliyyəti və Tramp rejimi ilə gərgin münasibətlər sayəsində daha da artıb”, -Tisdell yazıb.

“Münhen konfransı aşkar şəkildə onu göstərdi ki, Avropadakı Pax Americana dönəminə son verilib, – deyə “The Times”-dan Edvard Lukas yazır. (Pax Americana ABŞ-ın təsir dairəsində Qərbdə iqtisadi və ictimai-siyasi sabitliyin hökm sürdüyü dövrə deyilir-red.)
Lukasın fikrincə, ABŞ müdafiə naziri Mettis və vitse-prezident Maykl Pensin çıxışları Trampın çıxışlarının vurduğu ziyanı dəf etmək iqtidarında olmayıb.

Müəllif həmçinin Rusiyanın oyunda daha da irəli gedərək qalib gələ biləcəyi perspektivindən yazır. “Sabah Kreml Baltik dənizində uçuşa qadağan zonası elan etsə və bu addımını kiçik atom bombası ilə qüvvətləndirsə, nə edəcəyik”?- deyə Edvard Lukas sual verib.

“Münhen konfransında ruslar ilk dəfə özləri üçün gözlənilməz bir rolla qarşı-qarşıya gəldilər. Bu dəfə “pis oğlan” rolunda Vladimir Putin deyil, Donald Tramp çıxış etdi”, “Die Zeit” qəzetininin yazarı Mixael Tumman yazır.

“İki il öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Krımın Rusiya tərəfindən işğalını Almaniyanın birləşməsi ilə müqayisə etmişdi. Həmin vaxt hər kəs Lavrovun bu həyasızılığından hiddətlənmişdi. Lakin rusiyalı nazirin builki çıxışı hər hansı şokedici bəyanlardan və rəqiblərinə qarşı hücumlardan uzaq tonda idi. Heç kim rusiyalı nazirin nitqinə o qədər də əhəmiyyət vermədi. Deyəsən, Lavrovun özü də bundan pərt olmuşdu ki, yenidən NATO-nun köhnəlmiş təşkilat olması, Qərb liberalizmi erasının bitməsi ilə bağlı mızıldanmağa başladı.

Çünki Rusiya mövzusu konfransda Trampın göndərdiyi adam – Maykl Pens sayəsində arxa plana keçmişdi.

Rusiya siyasətçiləri avropalıların Trampa olan neqativ münasibətini gözəl dərk edirlər. İncə taktikalar ustası Putinin bundan necə istifadə edəcəyini zaman göstərəcək”, – müəllif qeyd edir.

“Münhen konfransı 50 idən çoxdur ki, Avro-atlantik vəhdətin, habelə ABŞ-la avropalı müttəfiqlərin pozulmaz bağlarının simvollarından biri hesab olunurdu. Lakin Bavariya əyalətinin paytaxtına toplanan siyasətçilər, diplomatlar və hərbçilər özlərini sanki qrup terapiyasında olduğu kimi hiss etdilər”,- “Kommersant” qəzeti yazır.

Qəzetin yazdığına görə, konfrans boyu ABŞ prezidentinin elçiləri öz müttəfiqlərini sakitləşdirmək istəyiblər. Onlar NATO-nu köhnəlmiş təşkilat adlandıran Trampın blokla əlaqələrini üzməyəcəklərinə inandırmağa çalışıbar.

Maykl Pensin sözlərinə əsasən Tramp NATO-ya dəstək versə də onun yenidən formalaşmasını istəyir.

“Donald Trampın adından bəyan edirəm ki, ABŞ-ın transatlantik alyansa münasibəti sarsılmazdır”, – sözlərini Maykl Pens alqışlar sədası altında sözlərini təkrar edib.

“Bu sözlər heç də hər kəsə təsir etmədi. Hətta kulislərdə Donald Trampın birdən ayılaraq kompüterin başına keçib tvitterində Mayk Pens və Ceyms Mettisin sözlərinin “fake news” adalndıracağı ilə bağlı zarafat dolaşırmış”,- “Kommersant” qeyd edir. (musavat)

İnterpress.az