Trampın ilk ayında buraxdığı böyük səhvlər – FAKTLARbackend

Trampın ilk ayında buraxdığı böyük səhvlər – FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən 30 gün ərzində Tramp demək olar ki, medianın gündəmindən düşmədi, dünyanın diqqət mərkəzində qalmağı bacardı…

Hətta Trampın andiçmə mərasimi də küçə yürüşləri, etirazlarla yadda qaldı. Lakin bütün bunlara baxmayaraq, Tramp ötən günlər ərzində seçkiöncəsi verdiyi vədləri yerinə yetirməyə çalışdı. Bu istiqamətdə o, müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı fərman imzaladı, Meksika ilə sərhədə divar hörmək kimi göstərişlər verdi. Onun bu göstərişləri yerli amerikalıları qəzəbləndirdiyi kimi, dünyada da geniş etirazla qarşılandı. Hətta Siettl Federal Məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti olaraq təxirə də saldı.

Trampın qısa müddətlik fəaliyyətini şərh edən ekspertlər bildirirlər ki, Amerikanın yaxın siyasi tarixində belə bir hal olmayıb ki, hər hansı bir prezident andiçmə mərasimindən keçən bir ay ərzində belə bir təlatüm yaratsın.

İnterpress.az xəbər verir ki, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a Trampın prezidentlik dövrünün ilk ayında buraxdığı səhvlərdən danışıb. O bildirib ki, Trampın ən böyük səhvi 7 müsəlman ölkəsindən Amerikaya gəlişi qadağan edən sərəncamı imzalamasıdır: “Federal məhkəmə bu sərəncamın icrasını dayandırmaqla, bir növ Trampın qüsurunu aradan qaldırdı. Ancaq Tramp müsahibəsində bildirib ki, yeni bir sərəncam hazırlayır və bu, Federal məhkəmənin qərarını da alt-üst edəcək.

Trampın ilk ayında buraxdığı böyük səhvlər - FAKTLAR

Bu, açıq şəkildə hakimiyyətin bir qolu ilə digər qolu arasında münaqişənin yaranması deməkdir. Bunun da əsas səbəbkarı Tramp oldu. Onun digər bir səhvi kütləvi informasiya vasitələrinə (KİV) qarşı tutduğu mövqedir. Tramp demək olar ki, dünyada tanınmış bütün KİV-ləri xalqa, Amerikaya qarşı təbliğat aparmaq kimi əsassız ittihamlarla günahkar hesab edir. Onun media ilə ixtilafları zəifləmək əvəzinə, daha da artır. Bu onu göstərir ki, Tramp “dördüncü hakimiyyət”in demokratik ölkədə hansı rolu oynamasını, axıra qədər dərk etmək istəmir. Eləcə də hesab edir ki, müxtəlif təzyiq metodları ilə KİV-lərin üzərində qələbə çala bilər. Trampın digər səhvlərindən biri də xarici siyasət konsepsiyasını axıra qədər işləyib, ortaya qoymamaqdır. Bu günə qədər onun Avropa Birliyinə, NATO-ya, Rusiyaya və eləcə də dünyanın digər dövlətlərinə münasibəti detallı şəkildə hazırlanmayıb, yaxud da bu siyasət bəyənilməyib. Doğrudur, yalnız İran və Şimali Koreya haqqında müəyyən fikirlər səsləndirilib. Bu fikirləri də hələ ki, tam formalaşmış fikirlər hesab etmək olmaz”.

Ekspert bildirib ki, Amerikanın xarici siyasət xətti hələ ki, qeyri-müəyyənlikdən tam xilas olmayıb:

“Daxili siyasətə gəldikdə isə fikrimcə Trampın ən böyük səhvlərindən biri Barak Obamanın apardığı səhiyyə islahatlarını ləğv etmək haqqında göstəriş verməsidir. Obama, sığortası olmayan 30 milyondan artıq adama, pulsuz səhiyyə xidməti göstərilməsi barədə sənəd hazırlamışdı. Onun demək olar ki, 8 illik hakimiyyətinin 7 ilində 30 milyona yaxın adam, heç bir sığorta haqqı keçirmədən, səhiyyə xidmətlərindən yararlanmışdı. Bu, yoxsullar üçün böyük fürsət idi və amerikalılar bunu heç zaman unutmayacaqlar. Ancaq indi isə Tramp bu qərarı israfçılıq adlandırıb, yoxsullara verilmiş fürsəti əllərindən almaq istəyir. Əvəzində isə bəyan edir ki, vergiləri aşağı salacaq. Söhbət zənginlərin vergilərinin aşağı salınmasından gedir və Amerikada bu təbəqənin insanları cəmi 35 faiz vergi verirlər. Tramp istəyir ki, zənginlərin vergisini 35 faizdən 15 faizə salsın. Bu isə Amerika cəmiyyətində qütbləşməni varlı-yoxsul münasibətlərinin gərginləşməsini daha da artıracaq. Doğrudur, Tramp xaricdə olan Amerika şirkətlərini ölkəyə qaytarmaq istəyir. Misal üçün “Ford” şirkətinin xaricdə yatırım etməyəcəyi haqqında bəyanatını əsas götürərək, onun ölkəyə geri qayıdacağını və Amerika avtomobil sənayesinin amerikalılara xidmət edəcəyini bildirib. Lakin bu, hələ ki, sadəcə olaraq səsləndirilmiş fikirlərdir. Zavodların və onların filiallarının Amerikaya köçürülməsi bir neçə il vaxt ala bilər. Hətta ola bilsin ki, bu proses Trampın prezidentlik dövründə baş tutmasın. Yəni Tramp hələ ki, quru sözlərlə amerikalılara müəyyən vədlər verir”.

Politoloqun sözlərinə görə, bir aylıq müddət qısa olsa da, çox işlər görmək olardı: “Prezidentləri adətən onların 100 günlük fəaliyyətlərinə görə qiymətləndirirlər. Ancaq 1 ay da heç də az zaman deyil və bu müddət ərzində də çox işlər görmək olardı. Hələ ki, Trampın heç komandası formalaşıb, başa çatmayıb. Bu isə ciddi qüsur sayıla bilər. Çünki ölkə idarəçiliyində axsamalar müşahidə edilir. Bu axsamalar isə həm daxili, həm də xarici siyasətdə açıq şəkildə görünür”.

İnterpress.az