Ölkədə qaz probleminin gerçək səbəbi nədir?backend

Ölkədə qaz probleminin gerçək səbəbi nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin, xüsusən də paytaxt Bakının qazla təminatında problem yaranıb. Günlərdir ki, paytaxtın ayrı-ayrı rayonlarında qazın verilməsində gün boyu fasilələr yaranıb. Əksər ekspertlər bildirirlər ki, ölkənin qazsız qalması xaricə daha çox qaz vermək səbəbindəndir.

İnterpress.az xəbər verir ki, ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində qaz hasilatında keçən ilin ortalarında azalma müşahidə olunurdu: “Amma ilin sonuna yaxın vəziyyət o qədər də acınacaqlı deyildi. Hasilatda o qədər də azalma müşahidə olunmadı. Neft hasilatında 4 faizlik azalma müşahidə olunsa da, qaz hasilatında ciddi azalma olmadı. Bu il də əksinə, artım gözlənilir. İki ciddi məsələ var. Birincisi, idarəetmənin bərbad olmasıdır ki, vaxtında qarşısı alına bilməyən problemlər vətəndaşın güzəranına və gündəlik qazla təminatına yansıyır. Bu, texniki problemlər də ola bilər, bu sistemdəki idarəetmə ilə bağlı da ola bilər. Qışa və soyuq havalara öncədən hazırlıqlı olmamaqla bağlı problemlər də ola bilər. Bu, hər il baş verən problemlərdir. Amma keçən il qaz bazarında maraqlı hadisələr də oldu. Azərbaycan Gürcüstanla ciddi danışıqlar aparırdı. Gürcüstan alternativ mənbələrdən qaz almaq istəyirdi ki, öz ehtiyaclarını ödəsin. Çünki təqribən 500 milyon kubmetrlik əlavə ehtiyac yaranmışdı. Qazla işləyən iki böyük elektrik stansiyası, tikilib istifadəyə verilmişdi. Bunlara əlavə qaz lazım idi. Onlar da Rusiya ilə, İranla qazla bağlı danışıqlar aparırdı. Azərbaycan danışıqlarda öhdəlik götürdü ki, verdiyi qazın həcmini daha da artıracaq. Doğrudan da Gürcüstana və Türkiyəyə keçən il Azərbaycan daha çox qaz satmağa başladı. Ola bilər ki, son zamanlar baş verən proseslərin bir qismi də bununla bağlıdr. Həm Gürcüstanla, həm Türkiyə ilə bağlı yeni öhdəliklərimiz var. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur. Yerinə yetirərkən bu öhdəliklərin bir qismi daxili tələbat hesabına ödənilir. Yəni iki əsas məsələ- bir idarəetmənin bərbad olması, hazırlıqların normal aparılmaması, bir də öhdəliklərin artması Azərbaycanda son zamanlar vətəndaşlara verilən qazın miqdarının və keyfiyyətinin aşağı düşməsinə səbəb olub”.

Ölkədə qaz probleminin gerçək səbəbi nədir?

Qeyd edək ki, günlərdir ki, bir sıra bölgələrdə təbii qazın verilməsində problemlər var. Xüsusən Bakı ətrafında, Abşeronda da problem ciddidir. Ekspertlərin fikrincə, qazın verilməsində məhdudiyyətlərin olmasının bir neçə səbəbi var. Texniki səbəblə bərabər, görülən işin keyfiyyət məsələsi də var. Həm borularla bağlı problemlər olur, təmir olunmağa ehtiyac yaranır.

Həmçinin Azərbaycan hökuməti öhdəliklər götürüb, xarici dövlətlər qarşısında qaz öhdəliklərimiz var. 500 milyon kubmetr qazın hasil olması öhdəliyi var, Türkiyə ilə müqavilələr var. Bu müqavilələri, öhdəlikləri yerinə yetirmək əlavə xərc istəyir.

Bildirilir ki, hasilatın azalması fonunda öhdəliklərin artması Azərbaycanı yerli istehsalçılarla bağlı qaz verilişinə müdaxilə etməyə məcbur edir. Azərbaycan öhdəliklərini yerinə yetirmək üçün daxili istehlaka müəyyən dərəcədə qənaət etmək istəyir, bunu qarşısına məqsəd qoyub.

İnterpress.az