Sərkisyan öz xalqını Azərbaycanla qorxudurbackend

Sərkisyan öz xalqını Azərbaycanla qorxudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Serj Sərkisyan son zamanlar nə qədər çalışsa da, narahatlığını gizlədə bilmir. Qarabağda döyüşmüş canilərin – “Yerkrapa” adlanan təşkilatın qurultayında çıxış edib Azərbaycanı təhdid edən işğalçı ölkə prezidenti bunun ardınca apreldə Azərbaycan ordusunun hücuma keçəcəyi barədə “öncəgörməsini” dilə gətirib.

Görünən budur ki, S.Sərkisyan aprel ayında keçiriləcək parlament seçkiləriöncəsi yuxularını əməlli-başlı qarışdırıb və hətta sayıqlamalarını da xeyli çoxaldıb. Ölkə əhalisinin acınacaqlı vəziyyətdə yaşaması, demoqrafik vəziyyətin kəskin şəkildə pisləşməsi, müxalifətin seçkiyə güclənmiş, bloklar şəklində qatılması, hətta keçən ilin yarısına qədər onun komanda üzvü olanların da indi hakimiyyətə qarşı çıxması S.Sərkisyanı çıxılmaz vəziyyətə qoyub.

Ermənistan prezidenti bugünlərdə növbəti dəfə bəyan edib ki, guya Azərbaycan ordusu seçkilər zamanı hücuma keçəcək. “Azərbaycan tərəfi bəyan edib ki, Qarabağ münaqişəsi onların daxili işidir. Vəziyyət gərginləşəcək, çoxsaylı insan tələfatı ilə üzləşəcəyik, çətin olacaq” -Sərkisyan əlavə edib.

Əslində Azərbaycanın prinsipial mövqeyi heç zaman dəyişməyib, hətta Rusiya XİN başçısı Sergey Lavrovun məlum bəyanatına cavabında da Bakı ərazi bütövlüyünün vazkeçilməz olduğunu Moskvanın və onun forpostunun nəzərinə çatdırdı. Ancaq S.Sərkisyanın vaxtaşırı öz xalqını Azərbaycanla qorxutması diqqətçəkəndir. Düzdür, erməni prezident keçən il, aprel döyüşlərindən sonra da Qarabağa qanunsuz səfərindən sonra “müharibəyə hazırlaşın” məzmunlu mövqe bildirmişdi. Lakin sonrakı dönəmdə Ermənistanda “İsgəndər” raketlərinin görünməsi sanki Sərkisyanı cürətləndirmişdi.

Son günlər isə onun təşvişi açıq görünür. Ermənistan prezidenti bugünlərdə iki dəfə Milli Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. Yanvar və fevral aylarında Qarabağ cəbhəsində, həmçinin Ermənistan-Azərbaycan sərhədində 10-dan çox hərbçisini itirən işğalçı ölkənin hakimiyyəti seçkiöncəsi daxildə çox ciddi pressinqlə üz-üzədir. Cəbhədə uğursuzluq, üstəlik, ölkə daxilində üsyanın yetişməsi S.Sərkisyanı çıxılmazda qoyub.

Bu ərəfədə rusiyalı hərbi ekspert Pavel Felqenqauerin “Qarabağda yeni müharibə qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar yoxdur. Həmçinin toqquşma təkcə Qarabağ zonasında yox, Ermənistan-Azərbaycan sərhədində də ola bilər” – açıqlaması da diqqət çəkir. Onun sözlərinə görə, münaqişə tərəfləri yeni müharibəyə ciddi şəkildə hazırlaşır: “Mən toqquşmanın konkret nə vaxt olacağını deyə bilmərəm, lakin bu, gec-tez baş verəcək. Hücumu kimin başlayacağını da dəqiq deyə bilmərəm. Müharibənin miqyasının nə qədər ola biləcəyini də demək çətindir. Bu, ötən ilin aprelində olduğu kimi də baş verə, yaxud daha genişmiqyaslı və uzunmüddətli ola bilər. Lakin yenə deyirəm, yeni hərbi toqquşma mütləq baş verəcək. Ümid edə bilərik ki, bu dəfə də toqquşmalar apreldəki kimi qısamüddətli olsun”.
Fevralın 21-də isə Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir. Bu, artıq düşmənin neçənci cəhdidir. Deməli, S.Sərkisyan hakimiyyətini qorumaq üçün Qarabağ kartından növbəti dəfə istifadə edir və hər cür təxribat gözləniləndir. Son bir ayda iki dəfə Təhlükəsizlik Şurasını çağıran Sərkisyan növbəti lokal hərbi toqquşmaları özünün xilası hesab edir. Yalnız Azərbaycanın hücum əməliyyatları, ermənilərin növbəti dəfə ağır itkilər verməsi S.Sərkisyanın hakimiyyətdə qalmasını şərtləndirə bilər.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan prezidenti son günlər tədbirlərinin sayını çoxaldıb və bu toplantılarda sağa-sola açıqlamalar verir: “Bu, onun narahatlığından irəli gəlir. Ancaq onun açıqlamalarının mütləq əksəriyyəti erməni cəmiyyətinin narahatlığını azaltmır, çıxışları tam əksinə, yaxın gələcək üçün qorxu atmosferi yaradır. Məsələn, Serj Sərkisyan Dağlıq Qarabağda ”referendum\” günü İrəvanda çıxış edərək dedi ki, “azərbaycanlılar Xankəndində çay içmək istəyirdilər, heç bu çayı Ağdam və Kəlbəcərdə də içə bilmirlər”. Dağlıq Qarabağdakı “referendum” və Serj Sərkisyanın son “çay içməklə” bağlı açıqlaması onu göstərir ki, Ermənistan hakimiyyəti sülhdə maraqlı deyil. Sülhdə maraqlı olan Azərbaycan cəmiyyətinin hissiyyatına toxunmaz. Biz elə hər gün Ağdam, Şuşa və digər işğal altındakı guşələrimizdə çay içmək haqqında düşünürük. Ona görə də Ermənistan prezidentinin açıqlamaları və Dağlıq Qarabağda keçirilən “referendum” bölgədə hərbi toqquşma ehtimalını artırır\”.

Sərkisyan öz xalqını Azərbaycanla qorxudur

E.Şahinoğlu digər bir məqama da toxundu: “Ermənistan prezidenti daha sonra sədri olduğu Respublika Partiyasının tədbirində iki maraqlı fikir söylədi. O, birinci cümləsində bunu dedi: ”Ermənistanda elələri var ki, Dağlıq Qarabağ probleminin həll olunmamasının və Türkiyə tərəfdən blokadanın ölkəmizi uçuruma apardığını düşünür. Bu, zərərli fikirdir\”. Ermənistan prezidenti ikinci fikrində isə bunu söylədi: “Bizim Azərbaycanla silah yarışında iştirak etməyə ehtiyacımız yoxdur”. Əslində Ermənistan prezidenti hər iki fikrində həqiqəti gizlədə bilmir. Birinci fikrin mənası budur ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı Ermənistana baha başa gəlir. İkinci fikrin mənası isə odur ki, Azərbaycan silahlanmaqda davam edəcək və Ermənistan Azərbaycanla ayaqlaşa bilməyəcək\”.

Politoloq düşmənin aprel təşvişindən də bəhs etdi: “Hərbi toqquşmanın apreldə olması şərt deyil. Doğrudur, aprel ayı ermənilər üçün qorxu yuxusu kimi bir şeydir. Məhz keçən ilin aprelində toqquşmalarda xeyli itki verdilər və belə düşünürlər ki, Azərbaycanı ordusu bu yubileyi qeyd edə bilər. Aprel ayından həm də ona görə qorxurlar ki, bu ayda özlərində parlament seçkisidir. Düşünürlər ki, Azərbaycan bundan istifadə edərək hücuma keçməklə Ermənistanda seçkini poza bilər. Bu, mümkün ssenarilərdən biridir. Ancaq ermənilər anlamalıdırlar ki, Azərbaycan üçün artıq atəşkəs bitib, işğalçıların Dağlıq Qarabağ ətrafındakı bütün postları, canlı qüvvəsi və hərbi texnikası hədəfdədir. Nə qədər ki, öz xoşları ilə Dağlıq Qarabağın ətrafından geri çəkilməyiblər, lokal toqquşmalar davam edəcək. Ancaq vacib deyil ki, genişmiqyaslı döyüşlər məhz apreldə baş versin. Bu apreldə də baş verə bilər, iyun, iyul, avqust və istənilən digər ayda da. Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarını işğal altında saxlayarkən, vacib faktoru diqqətə almır. Ermənistanla Dağlıq Qarabağın birlikdə uzaqbaşı 2 milyon əhalisi var. Bəs Ermənistanın və Dağlıq Qarabağın ətrafında vəziyyət necədir? 10 milyon Azərbaycanda, 30 milyon İranda, 60 milyon Türkiyədə (20 milyonun Ermənistana fərqli baxışı səbəbindən siyahıdan kənar tuturam) və 500 min Gürcüstanda yaşayır. 2 milyonluq kiçik dövlətin ətrafındakı 100 milyonluq əhali ilə mübarizədə qalib çıxacağı mümkün deyil. Ermənistan üçün bir gün bu halqa qapana bilər”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə qəzetimizə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin ermənilərin cəbhədə növbəti diversiya-təxribat cəhdinin qarşısının alınması haqqında məlumat yaymasını xatırlatdı: “Bu isə o deməkdir ki, Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkənin cinayətkar və axırı çox pis bitəcək prezidenti Serj Sərkisyan öz ətrafı ilə yavaş-yavaş ”fəaliyyətə\” başlayır. Bir neçə gün bundan öncə öz general və digər ranqlı hərbçilərini başına yığıb onlarla müəyyən söhbətlər edən bu cani sözsüz ki, ilk növbədə Qarabağda vəziyyəti gərginləşdirməyin vacib olduğunu deyib. Ardınca da Sərkisyan bəyan etdi ki, guya Azərbaycan ordusu bunların nəticələri faktiki əvvəlcədən bilinən seçkilər zamanı hücuma keçəcək. Sözsüz ki, bu əbləh blef edir və öz xalqını qorxutmaq üçün bu cür sərsəm fikirləri səsləndirir. Eyni zamanda bu adam əgər seçkilər zamanı nəticələr onu razı salmayacağı təqdirdə indidən o ab-hava yaradır ki, guya Azərbaycan hansısa fitnə-fəsada başlaya bilər. Sərkisyanın bu bəyanatının nəyə hesablandığı hamımıza məlum məsələdir. O, bərk qorxur və narahatdır ki, əgər seçkilər onun hesabladığı nəticəni verməsə, çox pis vəziyyətlə üzləşəcək\”.

Ü.Cəfərov digər hərbi caninin Sərkisyandan üz çevirməsini də təsadüf saymadı: “Diqqət etdinizsə, hətta uzun müddət bunun ən etibar etdiyi və cinayətlərinə şərik olmuş müdafiə naziri vəzifəsində çalışmış Seyran Ohanyan da ona qarşı çıxaraq yeni blok yaradıb və parlament seçkilərində iştirak etməklə bu yaramazdan haqq-hesab sormaq istəyir. Ohanyan iki gün əvvəl bəyan etdi ki, xalqın əksəriyyəti kimi o da Sərkisyana qarşı mübarizə aparacaq. Deməli, Ermənistan daxilində vəziyyət kifayət qədər mürəkkəb və çətindir. Bu, sözsüz ki, cəbhə bölgəsinə və işğal altında olan ərazilərdə də özünü davamlı göstərəcək. Ona görə də biz son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq. Onsuz da bizim əsgər və zabitlər ön xətdə daim düşməni nəzarətdə saxlayır və məqamı gələndə onları lazımı şəkildə cəzalandırır. Amma qarşıda amansız düşməndir, biz bunu bir an unutmamalıyıq. Aprel ayı sözsüz ki, hər mənada çox çətin və ağır bir ay olacaq. Həm ötən ilin məlum hadisələri zamanı iki tərəfdən olan itkilər və yaşananlar yenidən xatırlanacaq və emosiyalar coşacaq. Bundan da əlavə düşmənlərin indiki siyasi və hərbi rəhbərliyinin taleyini həll edəcək seçkilər olacaq deyə, onlar cəbhədə istənilən təxribatı törətməyə, daim gərginlik yaratmağa çalışacaqlar”.

Bu arada Rusiyadan dəstəyini itirməkdə olan S.Sərkisyan hakimiyyəti yenidən “ağa”sına asi çıxmağa başlayıb. İrəvanın KTMT üzvü olduğu halda, NATO-ya meyllənməsi də bunun təsdiqidir. Düzdür, İrəvan buna don geyindirməyə çalışır. Ancaq S.Sərkisyanın “Rusiyanın Azərbaycana silah satması bizim xoşumuza gəlmir” açıqlamasının ardınca Ermənistan prezidentinin Varşavada keçirilən NATO sammitində iştirak etməsi məqsədli bir oyundur. Ermənistanın müdafiə naziri Vigen Sərkisyan bəyanatında bu əməkdaşlığın Rusiyaya qarşı yönəlmədiyini iddia etsə də, müşahidəçilər İrəvanın növbəti dəfə Rusiyanı “satmağa hazırlaşdığını güman edirlər.

Görünür, Moskvanın İrəvana “gözünü ağartması”nın nəticəsidir ki, Viqen Sərkisyan dərhal səhvini düzəltməyə çalışıb, “Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək” deyib. Ancaq görünən budur ki, bütün bu cəhdlər Sərkisyanın Azərbaycan qorxusunu aradan qaldırmayacaq. (musavat)

İnterpress.az