“Lapşin işini sona çatdırmaq lazımdır”backend

“Lapşin işini sona çatdırmaq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcək yeni vəkili Eduard Çernin dünən müdafiə etdiyi şəxslə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə APA-ya vəkil özü bildirib. Görüş Bakı İstintaq Təcridxanasında baş tutub. Vəkil deyib ki, A.Lapşin səhhətində hər hansı problem olmadığını bildirib, saxlanma şəraitindən şikayət etməyib. O, vəkilə Dağlıq Qarabağa getdiyini təsdiq edib.

Qeyd edək ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çernin A. Lapşinin şəxsi istəyi ilə onun müdafiəsinə qoşulduğunu deyib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Rusiya, İsrail, Ukrayna vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. Hazırda Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılır.

Aleksandr Lapşinin anası Bella Lapşina isə iki gün öncə Bakıya gəlib. Fevralın 23-də Bella Lapşina Rusiya və Belarus səfirlikləri vasitəsilə 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılan oğlu ilə görüşüb.

B.Lapşina Azərbaycan prezidentinə Aleksandr Lapşinin əfv edilməsi üçün müraciətini xatırladıb və ümid etdiyini bildirib ki, oğlu bağışlanacaq.
Qeyd edək ki, A.Lapşinin özü də ekstradisiyadan öncə Azərbaycan prezidentində üzrxahlıq məktubu yazaraq bağışlanmasını xahiş edib. Bella Lapşinanın Bakıda Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə görüşüb belə bir xahişi etməsi istisna deyil.
Siyasi ekspertlər isə hesab edir ki, A.Lapşin məsələsi özünün hüquqi sonluğuna çatdırılmalıdır.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, bütün xahiş və müraciətlərə baxmayaraq Lapşin işini sona çatdırmaq lazımdır ki, başqalarına da dərs olsun: “Ən vacib məsələlərdən biri Lapşinin Bakya ekstradisiyasına nail olmaq idi. Ekstradisiya olmamağı üçün də xahiş və müraciətlər edilmişdi. Lakin Azərbaycan və Belarus rəhbərliyi bu məsələdə hüququn aliliyinə arxalanaraq doğru hərəkət etdilər. İndi də kimin müraciət və xahiş etməsindən asılı olmayaraq Aleksandr Lapşinin məhkəməsi keçirilməli, ona törətdiyi qanun pozuntusuna uyğun cəza kəsilməlidir. Yalnız bundan bir müddət sonra əfv məsələsindən söhbət gedə bilər. Yoxsa onun məsələsinin hüquqi sonluğa çatdırmamaq ciddiliyimizi şübhə altına ala bilər. Bu adam qanunlarımızı düz iki dəfə bilərəkdən pozub. Buna görə cavab verməlidir. O bizim məhkəmənin qərarını görmədən, öz üzərində hiss etmədən yalnız özünün və ya yaxınlarının üzrxahlıq məktubu, xahişi ilə aradan çıxsa, kim zəmanət verə bilər ki, o və onun kimilər əməllərinə davam etməyəcəklər. Ermənistan və erməni lobbisi bilməlidir ki, üçüncü ölkə vətəndaşlarını Azərbaycana qarşı qanunsuz hərəkətlərə həvəsləndirəndə, bunun cavabı gələcək”.

İnterpress.az