“Akif Çovdarov mənə 6 milyon 322 min manat zərər vurub”backend

“Akif Çovdarov mənə 6 milyon 322 min manat zərər vurub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş \”Yeni Yasamal\” MTK-nın rəhbəri Cahangir Alışovun epizodu üzrə bir neçə şahid ifadə verib.

Onlar həmin MTK-dan ev aldıqlarını bildiriblər.

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqamasında qeyd edib ki, iclasda vəsatətlə çıxış ediblər. Onlar \”Yeni Yasamal\” MTK-nın qeydiyyat jurnalının məhkəməyə gətirilməsini istəyiblər.

Məhkəmə vəsatəti təmin edib.

Vəkil bildirib ki, prosesdə zərərçəkmiş Nadir Feyziyev istintaqa verdiyi ifadəsini təkzib edib: \”O, Cahangir Alışov epizodu üzrə zərərçəkmişdir. Nadir Feyziyev istintaqdakı dindirilmə zamanı MTN-in sabiq əməkdaşı Alı Nəbiyevin onu nazirliyin inzibati binasında qanunsuz saxladığını söyləmişdi. Guya Alı ondan evlər tələb edib. Ötən prosesdə də bu epizod üzrə Alı Nəbiyev ifadə vermişdi. Bu dəfə Nadir Feyziyev dedi ki, onu nazirliyin inzibati binasında çox adam saxlayıb\”.

S.Rəsulov söyləyib ki, N.Feyziyevlə A.Nəbiyev arasında məhkəmədə üzləşmə olub: \”Üzləşmə zamanı Nadir Feyziyev Alı Nəbiyevi tanımadığını, onu heç xatırlamadığını bildirdi. O, istintaqda verdiyi ifadəsini təsdiqləmədi\”.

A.Çovdarov isə zərərçəkmişin yalan danışdığını deyib: \”Zərərçəkmişlər sanki leşyeyən quşlara oxşayırlar. Onlar elə bilirlər ki, mənim bu vəziyyətimdən istifadə edəcəklər\”.

Günün ikinci yarısında davam etdirilən prosesdə şahid qismində Rauf Sultanov ifadə verib. O qeyd edib ki, zərərçəkmiş Nəsib Əliyevin dələduzluq əməlləri ilə bağlı MTN-nə şikayət ediblər: \”Bu şikayətdən sonra Nəsib Əliyev onlara mənzil verib\”.

Vəkil S.Rəsulov söyləyib ki, N.Əliyev dələduzluqda ittiham olunub və o, hazırda həbsdədir.

İclasdan sonra zərərçəkmiş C.Alışov jurnalistlərə açıqlama verərkən bildirib ki, o, məhkəmənin gedişatından razıdır. Zərərçəkmiş bütün məhkəmə proseslərində epizodların araşdırdığını vurğulayıb: \”Mənə ümumilikdə 6 milyon 322 min manat zərər dəyib. Bu işdə məndən başqa 60 nəfər də zərərçəkmiş kimi tanınıb. Akif Çovdarov məhkəmə proseslərində əvvəl özünü xəstəliyə vururdu, lakin son vaxtlar o, aktivlik göstərir. Bu da ondan ibarətdir ki, vəkilləri onu arxayın edib. Dəymiş zərərin ödənilməsinə ümid edirəm\”.

Zərərçəkmiş C.Alışov açıqlamasında qeyd edib ki, A.Çovdarov onu nazirliyin inzibati binasına aparandan sonra təzyiqlər göstərib: \”O, məni orada döymək və həbslə hədələdi. Mənəvi zərər çəkmişəm. Bu yolla əmlakımızı mənimsəyib\”.

Onun sözlərinə görə, A.Çovdarovun cinayətləri öz təsdiqini tapıb: \”Bu cinayətlərin bəzilərini Akif Çovdarov təsdiq edib, hətta bəzilərində isə başını aşağı salıb, susub, danışmaq istəməyib\”.

Məhkəmənin növbəti prosesi martın 1-nə təyin edilib.

Xatırladaq ki, C.Alışov istintaqakı dindirilməsində göstərib ki, A.Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra C.Alışov A.Çovdarova 350 min manat verib. ( report.az )

İnterpress.az