“Növbəti zərbəni Azərbaycan ordusu vurmalıdır”backend

“Növbəti zərbəni Azərbaycan ordusu vurmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər veirr ki, bunu BakiPost.az-a politoloq Elxan Şahinoğlu cəbhə bölgəsində bundan sonra atəşkəsin pozulub-pozulmayacağını şərh edərkən deyib.

Onun sözlərinə görə, bunun səbəbi bölgədə şərtlərin və Azərbaycanla Ermənistan arasında hərbi balansın dəyişməsidir: \”Prezident İlham Əliyev bir neçə il əvvəl belə belə bir sualı gündəmə gətirmişdi: \”Ermənistan hərbçisinin Ağdam və Füzulidə nə işi var?” Bu sualın mənası o idi ki, Azərbaycan ordusu artıq Dağlıq Qarabağın ətrafının işğalı ilə barışmayacaq və Ermənistan ordusuna bu istiqamətdə təzyiqi artıracaq.

Bu ərəfədə Ermənistan ordusu Dağlıq Qarabağa bitişik işğal altındakı rayonlarda hərbi təlimlərə başladı. Həmin təlimlər zamanı Azərbaycan hərbçiləri Ermənistan ordusunun helikopterini vurdu. Bu artıq Azərbaycan ordusunun strategiyasının dəyişməsinin başlanğıcı idi. 2016-cı ilin aprel ayında baş verən genişmiqyaslı toqquşma da bu strategiyanın tərkib hissəsi idi.

Azərbaycan silahlanmaya on milyardlarla dollar xərcləyir. Ermənistan Azərbaycanın aldığı qədər silah əldə edə bilmir və bu onun cəbhə bölgəsindəki mövqelərini istər-istəməz zəiflədir.

Azərbaycan bu silahları məhz ona görə alır ki, Dağlıq Qarabağdakı Ermənistan ordusuna təzyiqi artırsın. Ermənistan və Minsk Qrupu həmsədrlərinin özləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər müharibənin qarşısını almaq mümkün olmayacaq. Ancaq gələcək müharibənin baş verməməsi üçün nə Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı rayonların azad olunmasını sürətləndirir, nə də həmsədr dövlətlər – ABŞ, Fransa və Rusiya rəsmi İrəvanı belə bir addım atmağa məcbur edirlər. Ermənistan hakimiyyəti razılaşma əsasında ilkin olaraq bir neçə rayonu azad etsəydi, bu sülh yolunda ciddi irəliləyiş olardı və cəbhə bölgəsində uzun müddətə sakitlik yaranardı. Ancaq rəsmi İrəvan bu addımı da atmağa hazır deyil”.

Politoloq bildirib ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafında işğal altında saxladığı rayonlardan şantaj məqsədilə istifadə edir: \”Şantaj bundan ibarətdir: \”Azərbaycan əvvəlcə Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referenduma razılaşsın, bundan sonra Ermənistan ordusu tədricən Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilər”. Bu münaqişənin \”paket həll” variantıdır ki, rəsmi Bakı bu prinsipi heç zaman qəbul etməyəcək. Çünki statusu müəyyənləşdirəcək referenduma bəri başdan razılaşmaq gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq. Bakının \”Dağlıq Qarabağ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz müqədərratını müəyyənləşdirən referendum keçirə bilər” prinsipini isə İrəvan qəbul etmir.

Fevralın 25-də cəbhə bölgəsində yenidən ciddi toqquşma qeydə alındı. Rəsmi məlumatlara görə bu döyüşdə Azərbaycan 5 hərbçisini itirdi. Bu hadisədən bir gün sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhə bögəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yaydılar. Bəyanatdakı bütün cümlələr əvvəlki bəyanatlarda olduğu kimi təkrarlanırdı. Sadəcə, bəyanatda bir cümlə fərqli idi: \”Bəzi cəsədlər neytral zonada qalıb”.

Eyni cümləni Ermənistandakı saytlar da yazdılar. Həmin saytlarda iki ölkə arasında informasiya müharibəsini əks etdirən belə bir sual da var idi \”Əgər Azərbaycan hərbçiləri hücuma keçməyiblərsə, azərbaycanlı hərbçilərin cəsədləri necə olub ki, neytral zonada qalıb?”

Bu sualın cavabı budur ki, işğal davam etdikcə Ermənistanı və Dağlıq Qarabağı rahatlıq gözləmir. Doğrudur, son döyüşdə Azərbaycan ordusu itkiyə məruz qaldı. Ancaq Ermənistan hakimiyyəti onu da anlayır ki, Azərbaycan ordusu bu itkilərin əvəzini çıxacaq. Bu, müdafiə naziri Zakir Həsənovun \”hər şəhid olan hərbçimizin əvəzində qarşı tərəf onqat itki verəcək” konsepsiyasına uyğundur. Növbəti zərbəni Azərbaycan ordusu vurmalıdır.

Erməni saytlarının və həmsədrlərin yazdıqları \”neytral zona” Azərbaycana məxsus və Dağlıq Qarabağa aidiyyəti olmayan ərazilərdir. Digər tərəfdən həmsədrlərin \”neytral zonadakı cəsədlər var” ifadəsi ona işarədir ki, 25 fevralda atəşkəsi Azərbaycan ordusu pozub”.

“Növbəti zərbəni Azərbaycan ordusu vurmalıdır”

Elxan Şahinoğlu qeyd edib ki, \”Atəşkəsi biz pozmamışıq” deməklə müdafiə mövqeyinə keçməyin əhəmiyyəti qalmayıb: \”Əhəmiyyətli o olar ki, \”Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər gərginliyin azalacağına heç bir təminat yoxdur” və ya müharibəyə tam hazır olduğumuz halda \”Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına 3 ay vaxt veririk. Bu müddət bitdikdən sonra torpaqların azad olunması əməliyyatı istənilən gün və saat başlaya bilər” kimi açıqlama üzərində çalışmalar başlansın.

Həmsədr dövlətlər Ermənistan hakimiyyətinə \”mərhələli həll” planını qəbul etdirib, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirlər. Belə olan halda müharibə davam edəcək. Bir il ərzində Azərbaycan ordusu strateji Lələtəpə yüksəkliyini işğaldan azad etdi, bundan sonra \”Qayıdış” proqramının (Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərin geri qaytarılması) tərkib hissəsi kimi işğal altındakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti işləri başladı. Məqsəd 25 ildən sonra məcburi köçkünləri Cocuq Mərcanlıya qaytarmaqdır. Azərbaycan cəmiyyəti bu uğurların davam etdirilməsini tələb edir”.

İnterpress.az