“Əli İnsanovun başına bir iş gəlsə…”backend

“Əli İnsanovun başına bir iş gəlsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxacağına olan ümidləri martın 1-də daha da azalıb. Qaradağ Rayon Məhkəməsi sabiq nazirin martın 11-də bitəcək həbs-qətimkan qərarının müddətini növbəti dəfə – bir ay da uzatdı. Bu isə o deməkdir ki, Ə.İnsanov hələ aprelin 11-nə qədər həbsdə qalacaq.

Son qərar onu göstərdi ki, hakimiyyət sabiq naziri azadlığa buraxmaq fikrində deyil. Əvvəl onun əfvlə azadlığa buraxılacağı deyilirdi, lakin sonradan bunun hüquqi baxımdan mümkün olmadığı anlaşıldı.

Sabiq nazir son 8 ayda yenidən gündəmin əsas simalarından birinə çevrilib. Əvvəl 11 illik cəzasının bitməsinə 3 ay qalmış barəsində yeni ittihamların irəli sürüləcəyi barədə xəbərlər yayıldı, lakin sonradan xəbər təkzib olundu. Amma az müddət keçməmiş sabiq nazir 3 əlavə cinayət maddəsi ilə üz-üzə qaldı. Ardınca İnsanovun iki dəfə həbs müddəti iki ay, son dəfə isə bir ay uzadıldı.

Zaman-zaman onu azad etmək üçün hakimiyyətin keçmiş kadrının qarşısında bir sıra şərtlər irəli sürdüyü, lakin onun şərtlərin heç birini qəbul etmədiyinə görə həbsdə qaldığı barədə iddialar səslənib.

Artıq ona qarşı irəli sürülmüş 3 maddədən edilən şikayət çərçivəsində Avropa İnsan Haqları Məhkəməsi müraciəti qəbul edib. Bu barədə Avropa Məhkəməsi fevralın 8-də Əli İnsanova rəsmi məlumat göndərib. Məlumatı “Amerikanın səsi”nə Ə.İnsanovun vəkili Toğrul Babayev verib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, Ə.İnsanov siyasi məhbus yox, ədalətsiz məhkəmə qurbanıdır: “Əli İnsanov barədə daha çox tələblər olmalıdır ki, onunla bağlı ədalətli məhkəmə keçirilsin. O, sadəcə, mövcud iqtidar komandasının şərtlərini pozub, bir növ onlar üçün etibarsız çıxıb. Onlar da etibarsız çıxanı bağışlamırlar. İnsanovun əfvə düşmək şanslarını dəfələrlə müzakirə etmişik. Düşünürəm ki, o, heç zaman əfvə ərizə yazmayacaq. Yəqin ki, onun qarşısında elə şərtlər qoyulur ki, bunu özü tərəfdən qəbuledilməz sayır. Açığı, biz dəqiq bilmirik ki, hansı şərtlər irəli sürülür. Görünür, sürülən şərtlər çox ağır olduğundan o qəbul edə bilmir. Bununla bağlı müxtəlif versiyalar var. Onlardan hansı dəqiqdirsə, bunu onun özü və ona bu təklifi verənlər bilir. Əgər o, ərizə yazsaydı, bu vaxta qədər ömrünü orada çürütməzdi. Praktikada hüquq müdafiəçiləri o şəxslərlə bağlı ölkə başçısına müraciət edirlər ki, onlar əfv yazmırlar. Həmişə olduğu kimi, bu dəfə də əfv ərəfəsində Əli İnsanovun adı o siyahıda olub. Bizim ərizəmizin qəbul olunub-olunmayacağını görəcəyik. Müəyyən insanlar düşünürdü ki, İnsanov məhkəmədən azad oluna bilər. Bəli, bu mümkündür. Ötən ilə nəzər salsaq görərik ki, bizim nə qədər həmkarımız məhkəmə prosesində azad olundu”.

“Əli İnsanovun başına bir iş gəlsə...”

Hüquq müdafiəçisi onu da qeyd etdi ki, İnsanov uzun müddət iqtidar komandasında olduğu üçün onun özünün də hakimiyyət daxilində komandası var: “Desək ki, onun komandası yoxdur, bu inandırıcı olmaz. Onun az yaşı da yoxdur. İnsanovun azadlığa çıxmamasını istəməyən şəxslər anlamalıdırlar ki, insan dəmirdən deyil. O, həkim də olsa, başına hər hansı bir iş gəlsə, ölkəmizə qarşı ”Maqnistki siyahısı\”nı tətbiq edə bilərlər. Düzdür, “Maqnistki qanunu” işgəncələrə görədir. Amma nəzərə alaq ki, İnsanova qarşı edilənlər də işgəncədir. İşgəncənin bütün növləri ondan ibarət deyil ki, ayağının altına salıb qabırğasını sındırsınlar. Bu insana elə mənəvi və psixoloji işgəncələr verilir ki, bu, fiziki işgəncədən də artıqdır. Bütün bunlar onun sağlamlığına ciddi təsir edə bilər. Onu həbsdə saxlayanlar düşünsünlər ki, əgər onun başına bir iş gəlsə, Azərbaycan “Maqnistki siyahısı”ndan qaça bilməyəcək. Bu fikirlərim istənilən siyasi məhbusa aiddir\”.

M.Qəhrəmanlı hesab edir ki, İnsanov barəsində verilən qərarlar Azərbaycan-Qərb münasibətlərini də gərginləşdirə bilər: “Bəzən maraqlar başqa cür olur. Dövlət marağı olur, hakimiyyətin ümumi marağı olur, bir də iqtidar daxilində müəyyən qrupun maraqları olur. Həmin qrup Azərbaycan-Qərb münasibətlərində qurulan əlaqələrin qırılmasını istəyir. Bu isə ümumi dövlət maraqlarımıza ziddir. İnsanova verilən işgəncələr hakimiyyət daxilindəki qrupun maraqlarına uyğundur. Bu qrupun marağı Azərbaycanla Qərb arasında istiləşən münasibətləri soyuqlaşdırır. Hakimiyyətin özü müəyyən etməlidir ki, kimin marağında dövlət, kimin marağında qrup var. Hakimiyyət daxilindəki qrup dövlət və qrup maraqlarını dəyişik salırlar. Verdiyiniz cəzanı 70 yaşı olan bir şəxs çəkib qurtarıb. İndi nə marağınız var ki, onu həbsdə öldürmək istəyirsiniz. Anlamırlar ki, bununla dövlətə nə qədər zərbə vururlar. Əminəm ki, İnsanovun həbsdə saxlanılması dövlət siyasəti deyil, qrup siyasətidir”.

Qeyd edək ki, İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 11 il azadlıqdan məhrum edilən sabiq nazirin həbs müddəti başa çatsa da, ona qarşı yeni ittiham irəli sürülüb. Ə.İnsanov barəsində açılan yeni cinayət işində keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirli hesab edilir.

İnterpress.az