“Bəzi saytlar çaşqınlıq yaradır”backend

“Bəzi saytlar çaşqınlıq yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətin mediada işıqlandırılmasına dair müzakirələr

Gündəlikdə duran birinci məsələ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısının alınması ilə bağlı vəziyyətin mediada işıqlandırılmasına dair müzakirələr olub.

Bildirilib ki, medianın cəbhə xəttində baş verənlərə münasibəti ümumən ictimaiyyətin mənafeyinə söykənir. Cəmiyyət üzvləri hər zaman Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə həssasdır. Bu xüsusdakı hər hansı durum diqqətlə izlənilməkldədir. Media da işini bu tələbə adekvat şəkildə qurmağa çalışır. Lakin cəbhədəki vəziyyətin işıqlandırılması ilə bağlı problemlər də meydana çıxır. Mətbuat Şurası məsələ ilə əlaqədar kütləvi informasiya vasitələrinə dəfələrlə müraciətlər edib. Demək olmaz ki, çağırışlar faydasız olub. Mövcud istiqamətdə irəliləyişlər də var. 2016-cı ilin «aprel müharibəsi» zamanı medianın məsələyə münasibəti bunu deməyə əsas verir. Ancaq vəziyyətin daim diqqətdə saxlanılmasına ehtiyac duyulmaqdadır.

İclasda bildirilib ki, Mətbuat Şurası fevralın 24-dən 25-nə keçən gecə törədilmiş erməni təxribatı ilə bağlı vəziyyətin KİV-lərdə işıqlandırılmasından narahatlığını konkret bir məsələ müstəvisində ifadə etdi. Qurum ermənilər tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan əsgərlərinin meyitlərinin yer aldığı iddia olunan görüntünün ölkə mediasında yayımlanması hallarının yolverilməzliyini vurğuladı.

Mətbuat Şurasının monitorinqi müəyyənləşdirib ki, fəaliyyət aktivliyi sırf cəbhə xəttində baş verən proseslərə köklənmiş internet media resursları var. Onlar bir çox hallarda yaydıqları materialın məzmununa uyğun olmayan sərlövhələrlə diqqəti özlərinə çəkməyə çalışırlar. Belə saytlar eyni zamanda rəsmi mənbələrə istinad etmir, yalan, həqiqətə uyğun gəlməyən məsələləri də qabardaraq cəmiyyətdə çaşqınlar yaradırlar. İclasda belə spekulyativ yol tutanlara qarşı hüquqi ölçünün götürülməsinin zəruriliyi vurğulandı. Toplanmış materialların müvafiq qurumlara göndərilməsi təqdir olundu.

İclasda o da bildirilib ki, cəbhə xəttindəki vəziyyətin cəmiyyətdə, eləcə də mediada hər hansı neqativ meylləri doğurmaması üçün əlaqədar dövlət orqanları daha çevik fəaliyyət göstərməli, informasiya boşluğunun yaranmasına heç bir halda imkan verməməlidirlər. Təcrübə göstərir ki, gərgin durumlarda yaşanan informasiya durğunluğundan düşmən qüvvələr maksimum istifadə edirlər. Bu proses yalnız medianı deyil, daha geniş auditoriyaya malik sosial şəbəkələri də əhatə edir. Ona görə də Müdafiə Nazirliyi daha aktiv olmalı, quruma da ictimaiyyət tərəfindən dəstək göstərilməlidir. İclasda bu kimi məsələlərlə əlaqədar MN rəhbərliyi ilə KİV rəhbərlərinin görüşün təşkilinin zəruriliyindən söz açıldı.

Qanun layihələrinə dəyişikliklərin müzakirəsi

MŞ İdarə Heyətinin iclasının gündəliyində duran ikinci məsələ «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanunlarına təklif olunan dəyişikliklərlərlə bağlı olub. Mövcud xüsusda dəyişikliklərin son dərəcə əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki layihə ölkəmizin hüquqi münasibətlər sisteminə yeni anlayışların gətirilməsi baxımından önəmlidir. Bu anlayışları vacib edən cəhət onların praktik vəziyyətə adekvatlığıdır. Çünki internet məkanda tənzimləmələrin aparılması məsuliyyət hissinin artırılması, neqativ halların və sui-istifadə meyllərinin aradan qaldırılmasının təminatıdır.

İclasda o da bildirilib ki, internet məkanda tənzimləmə prosesinin başlanması internet media orqanlarının hüquqi statusunun müəyyənləşdirilməsini də prioritet vəzifə kimi qarşıya qoymaqdadır. İndiki durumda internet media hüquqi baxımdan KİV kimi çıxış etmir. Mövcud durum onun KİV olaraq imtiyaz qazanmasına, habelə məsuliyyət daşımasına maneçilik törədir. Buna görə də «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda da müvafiq dəyişiklərin aparılmasına ehtiyac var.

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının tərkibinin genişləndirilməsi

İclasda müzakirə edilən üçüncü məsələ Şuranın «reket jurnalistika»ya qarşı mübarizə tədbirləri olub. Məlumat verilib ki, 2016-cı ildə Mətbuat Şurasının “qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib. Bunlardan 3-ü saytdır. Adı əvvəlki illərdə “qara siyahı”ya daxil edilmiş 2 qəzetin onlayn versiyası kimi fəaliyyət göstərən 2 xəbər saytı da qeyd edilməlidir. Beləliklə Şuranın ötən il qəbul etdiyi 44 qərardan 10-u cavabdeh KİV-in adının “qara siyahı”ya salınmasını nəzərdə tutur.

2017-ci ildə «reket jurnalistika»ya qarşı mübarizənin gücləndirilməsi tədbirləri önə çəkilərkən peşə etikasına etinasız yanaşanların fəaliyyətlərini internet məkana daşıdıqları vurğulanıb. Bildirilib ki, ötən il Şuraya şikayətlərin 66.7 faizi internet üzərindən yayımlanan KİV-lərin fəaliyyətindən olub. Bu göstəricinin 51,9 faizi internet xəbər saytlarına, 14,8 faizi informasiya agentliklərinə məxsusdur. Çıxarılan 44 qərarın 30-u da məhz onlarla bağlıdır. Bu durum məsələyə həssas yanaşmanı tələb edir. Həssas yanaşma isə ümumən internet medianın hüquqi statusunun müəyyənləşdirilməsini zərurətə çevirir. Çünki bu tip media orqanlarının sayındakı kəmiyyət keyfiyyətlə uzlaşmır. Nəticədə ictimai maraq və mənafelərə xələl gəlir.

İclasda «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 2016-cı ildəki fəaliyyəti müsbət qiymətləndirilib. Qurumun 2017-ci il üçün görəcəyi işlərin spesifik tərəfləri ətrafında fikir mübadiləsi aparılıb. Bu məqsədlə onun tərkibinin genişləndirilməsi, tərkibə müvafiq dövlət orqanlarından da nümayəndələrin daxil edilməsi istiqamətində tədbirlərin görülməsi qərara alınıb.

Mətbuat Şurasının icraçı katibi təltif edildi. İcraçı katibin istefası qəbul edildi

İclasda bildirilib ki, bu gün Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur. MŞ sədri Ə.Amaşov R.Hüseynzadənin Şuranın formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açıb. O bildirib ki, R.Hüseynzadə 1958-1968-ci illlərdə Gəncə şəhər 5 saylı orta məktəbində orta təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini, 1983-cü ildə Ali İdarəetmə Akademiyasını (keçmiş Ali Partiya Məktəbi) bitirib. Uzun müddət jurnalistika sahəsində çalışıb. Həmçinin dövlət qurumlarında da yüksək vəzifələr tutub.

Mətbuat Şurasının məhdud işçi qüvvəsi ilə, ağır sosial şərtlər altında fəaliyyət göstərdiyi dönəmlərdə R.Hüseynzadə bacarığı və təcrübəsi ilə Şuranın möhkəmlənməsinə mühüm töhfə verib. MŞ-nin hazırkı statusunun əldə edilməsində veteran jurnalistin böyük əməyi var. Bütün bunlara görə Ə.Amaşov R.Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib.

R.Hüseynzadə ona göstərilən diqqətə görə İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. O, Mətbuat Şurasında keçirdiyi illərin ömrünün ən yaddaqalan və xoş səhifələri olduğunu vurğulayıb. R.Hüseynzadə həmçinin artıq təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İH üzvləri istefanı qəbul ediblər.

İnterpress.az