Afinada Xocalı soyqırımı anılıbbackend

Afinada Xocalı soyqırımı anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TEAS-dan verilən məlumata əsasən xəbər verir ki, tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Xocalı qətliamına hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirilməsinin vacibliyindən danışıb: “Necə ola bilər ki, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş qanlı hadisə kimi dəhşətli bir cinayət baş versin, lakin heç vaxt tanınmasın? Cavab sadədir, Ermənistan Azərbaycan xalqına qarşı XX əsr ərzində törətdiyi cinayətlərə görə heç vaxt məsuliyyət daşımayıb. Azərbaycan Xocalı faciəsi haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq, bütün dünyada hökumətlər və parlamentlərin bu soyqırıma siyasi-hüquqi qiymət vermələrinə nail olmağa çalışır. Biz bu cinayəti pisləmək və ona hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirməliyik. Bu yalnız qətlə yetirilmiş və işgəncələrə məruz qalmış Azərbaycan vətəndaşlarının xatirəsi üçün deyil, həmçinin dünya xalqları üçün çox vacib məsələdir. Bu cür faciələrin təkrarlanmasına yol verilməməlidir. Fürsətdən istifadə edərək mən sizə və sizin vasitənizlə Yunanıstan Respublikasının vətəndaşları və parlament üzvlərini “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından kənarda qalmamağa və onu dəstəkləməyə çağırıram”.

Yüz əlli nəfərdən artıq siyasətçi, ictimai xadim, diplomat və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin prezidenti İoannis Papaqriqoriou və Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin rəhbəri Eliza Piter bildiriblər ki, bu tədbir müharibənin dəhşətli nəticələrinin ola biləcəyini xatırlamağa yardım edir: “Bu, qisasa çağırış deyil, ədalətə çağırışdır. Anım konserti millətlər arasında sülhə həsr olunmuş qəsidədir. Bu konsert sülh və ədalət ruhundadır”.

“Xocalı 613” simfonik poemasının müəllifi, fransız bəstəkarı Pyer Tilloy isə yaratdığı əsərin yaranma tarixçəsindən bəhs edib: “Son 20 il ərzində Azərbaycana dəfələrlə səfərlər etmişəm. Belə olanda, təbii ki, çoxlu dostlar əldə edirsən. Dostluq yalnız dostunun sevincini deyil, kədərini də bölüşmək deməkdir. Buna görə də hiss etdim ki, Xocalı faciəsi haqqında yazmalıyam. “Xocalı 613” əsəri üzərində çalışanda, sanki bir quş olub 26 fevral 1992-ci ildə həmin faciəli gecədə Xocalı üzərində uçurdum və hər şeyi görürdüm və bunları musiqi vasitəsilə ifadə edirdim”.

Tədbir “Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib. Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun “Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal “Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin “Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.

Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşıb. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilir.

İnterpress.az