Türk birliyində “xaric oxuyan” Qırğızıstan…backend

Türk birliyində “xaric oxuyan” Qırğızıstan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına Qırğızıstanın qoşulmaqdan imtina etməsi bir türk respublikasının başqa bir türk respublikası olan Azərbaycana deyil, türk dünyasına düşmən kəsilmiş işğalçı Ermənistana dəstək verməsi kimi qəbul edilir.

Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qırğızıstanın hərəkətinə reaksiya verib. ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilir ki, ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir. Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunur. Belə bir müddəa, şübhəsiz ki, işğalçı Ermənistanın xeyirinə deyildi. Qırğız hökuməti isə məhz həmin müddəaya görə bəyanata qoşulmadığını bəyan edib və Ermənistan bundan məmnun olub.

İnterpress.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, zaman-zaman türk respublikalarının bəzilərinin, o cümlədən indi Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ münaqişəsinə, Ermənistana münasibətdə Türkiyədən fərqli olaraq birmənalı mövqe ortaya qoymamağının kökündə bir sıra amillər dayanır: “Qırğızıstan və onun kimi türk respublikalarının bir çoxunun Rusiyanın təsiri altında olmaları amillərdən biridir. Digər bir səbəb bu respublikalarda hakimiyyətdə olan rejimlər, rejimlərin başında dayanan adamların çoxu türk birliyini, türk dünyasının və ya islam dünyasının birliyi məsələlərini bizim düşündüyümüz mənada dərk və qəbul edə bilmirlər. Neçə illərdir türk dövlətlərinin Əməkdaşlıq Şurası var, türkdilli respublikaların birliyi haqqında danışılır, amma təəssüf ki, onlar hələ bu işin nə qədər vacib, ciddi olduğunu kifayət qədər dərk eləməyiblər. Onlar üçün fərqi yoxdur ki, Rusiyanın, yaxud Çinin təsir dairəsində olsunlar. Milli şüurun zəifliyi də özünü göstərir. Almazbek Atambayev ədəbiyyatçıdır, amma təəssüf ki, türk şüurunun zəifliyi özünü göstərir. Türkmənistanla Özbəkistan hələ də türkdilli respublikaların Əməkdaşlıq Şurasının sənədlərinə imza atmayıblar. Bütün bunlar hamısı bir-biri ilə bağlı olan məsələlərdir. Bu, yüz illərdir davam edən əks-təbliğatın nəticəsidir. Qırğızıstanla və digər türkdilli respublikalarla ciddi işləməyimiz lazımdır. Ən ciddi problemlərdən biri bizim qardaş respublikalar və onların cəmiyyətləri ilə ciddi şəkildə işləməmiyimiz, bir-birimizdən uzaqlaşmamağımızdır”.

S.Rüstəmxanlı Qırğızıstan cəmiyyətinin öz hakimiyyətinə Azərbaycanın deyil, Ermənistanın xeyrinə addım atdığı üçün təpki göstərməməyinin məhz Azərbaycan-Qırğızıstan cəmiyyətlərinin əlaqələrinin yetərincə olmamasından qaynaqlandığını dedi: “Biz Qırğızıstan cəmiyyəti ilə lazımi səviyyədə işləmişik? Hansı səviyyədə onlarla əməkdaşlığımız var? Nə səviyyədə kökümüz, tariximizin ortaq məqamlarını bir yerdə öyrənirik? Çingiz Aytmatov bizim dərsliklərdə var. Amma Qırğızıstanın orta məktəblərində Azərbaycan barədə nə var? Azərbaycanı biz onlara nə səviyyədə tanıda bilmişik? Bütün bu suallara təəssüf ki, müsbət cavab vermək üçün əsaslar yoxdur. Qırğız cəmiyyəti ilə əlaqələrin lazımi səviyyədə qurmamağımız da bugünkü vəziyyəti yaradan amillərdən biridir”.

Türk birliyində “xaric oxuyan” Qırğızıstan...

Politoloq Elçin Mirzəbəyliyə görə, Atambayevin İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnaməyə münasibətdə sərgilədiyi mövqe onun Azərbaycana və Türkiyəyə fətullahçı yanaşmasından qaynaqlanır: “Qırğızıstanlı jurnalist həmkarlarımdan və müstəqil ekspertlərdən aldığım məlumata görə, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra təxminən 20 min nəfərə yaxın Gülən tərəfdarı Qırğızıstanda sığınacaq tapıb. Onların əksəriyyəti fətullahçı qrupun fəal üzvləri və biznes strukturlarına rəhbərlik edən şəxslərdir. Atambayev və ətrafı FETÖ-çülərin Qırğızıstanda biznes qurmaları üçün bütün imkanları yaradıb. Tikinti, turizm və nəqliyyat sektorunun qapıları tamamilə FETÖ-çülərin üzünə açılıb. Qırğızıstanda Gülənçilərə məxsus 16 ”Sebat\” məktəbi əvvəllər olduğu kimi fəaliyyət göstərir. “Sebat” məktəbləri şəbəkəsinin ümumi dəyəri 100 milyon ABŞ dollarından artıqdır. Hazırda bu məktəblərdə 11 339 nəfər təhsil alır. 1996-cı ildən etibarən “Sebat” məktəblərində 11 834 nəfər təhsil alıb. Onların böyük əksəriyyəti Atambayevin komandasında təmsil olunur və dövlət strukturlarında 2-ci, 3-cü dərəcəli postları tuturlar.

Bu baxımdan, Almazbek Atambayevin son davranışı məni qətiyyən təəccübləndirmədi. Atambayev erməni məsələsində Azərbaycana və Türkiyəyə qarşı çıxmaqla Gülənin qisasını alır\”.

İnterpress.az