Sosial müavinət və təqaüd alanların 41,5%-i qadınlardırbackend

Sosial müavinət və təqaüd alanların 41,5%-i qadınlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu nazir Səlim Müslümov 8 Mart –Beynəlxalq Qadınlar günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

S.Müslümov vurğulayıb ki, ölkədə məşğulluq imkanlarının artımı qadınlar arasında məşğulluq səviyyəsinin artması ilə müşahidə edilir: \”2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4% artaraq 2016-cı ilin sonuna təqribən 2,3 milyon nəfərə çatıb. Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin 47,4%-i qadınlarla bağlanan əmək müqavilələridir\”.

Nazir diqqətə çatdırıb ki, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri daha çoxdur: \”Belə ki, 40-44 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 51,9%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanmış əmək müqavilələrinin 54,7%-i, 50-54 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 53,4%-i qadınlarla bağlanıb. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,6%-i, ali təhsilli şəxslərin 48,4%-i, orta ixtisas təhsilli şəxslərin 61,2%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır. Ölkəmizdə qadınlar əsasən təhsil, səhiyyə və sosial xidmət sahələrində çalışırlar. Yəni təhsil, səhiyyə və sosial xidmət sahələrində əmək müqaviləsi bağlananların 76%-78%-i qadınların payına düşür\”.

S.Müslümov bildirib ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə 2016-cı ildə məşğulluğu təmin edilənlərin 21,4%-ni (12 138 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 43,3%-ni (1 604 nəfər) qadınlar təşkil edib: \”Nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramında qadınların da iştirakına şərait yaradılır. Proqramda iştirak etmək üçün müraciət edən və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərdən təqribən 20%-i qadınlardır. Azərbaycanın yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsində də qadınların əmək bazarına çıxış imkanlarının artırılması əsas hədəflər sırasındadır\”.

Nazir ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemində qadınların fəal iştirakının müşahidə edildiyini vurğulayıb: “Cari ilin 1 mart tarixinə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 431 min 299 nəfərə çatıb ki, onlardan 1 milyon 389 min 689 nəfəri və ya 40,5%-i qadınlardır. Eyni zamanda, ölkə üzrə əmək pensiyaçılarının 57,8%-ni, sosial müavinət və təqaüd alanların 41,5%-ni qadınlar təşkil edir. Ölkəmizin pensiya və sosial müavinətlərlə bağlı qanunvericiliyində çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün əlavə güzəştlər əksini tapıb. Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət verilir”.

Nazirliyin qadın əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edən S.Müslümov onlara xoş arzularını çatdırıb. Sonra qadınlara gül dəstələri və hədiyyələr təqdim edilib.

İnterpress.az