Ombudsmanın hesabatı parlamentdə kəskin tənqid olundubackend

Ombudsmanın hesabatı parlamentdə kəskin tənqid olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda prezident İlham Əliyev tərəfindən birinci vitse-prezident vəzifəsinə təyin edilmiş ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edirdi. Yeni təyinatla əlaqədar deputat mandatından imtina edən Mehriban Əliyeva iclas zalına alqış sədalarının müşayiəti ilə daxil oldu.
İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov deputatların adından yüksək dövlət postuna təyin edilən Mehriban Əliyevanı təbrik etdi: “Mehriban xanım öz doğma evinə, Milli Məclisə gəlib. Mehriban xanımın çoxşaxəli fəaliyyəti var, daim dövlətimizə, xalqımıza yüksək səviyyədə xidmət edib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib”. Spiker M.Əliyevanın 4 amnistiya aktının müəllifi olduğunu bildirdi: “Hər amnistiya aktı 10 min məhbusa şamil olunub. Bu fakt Mehriban xanımın nə qədər ailəyə sevinc bəxş etdiyini təsəvvür etmək üçün kifayətdir”. O.Əsədov M.Əliyevanın beynəlxalq fəaliyyətindən də geniş bəhs etdi. Həmçinin onun YAP sədrinin 1-ci müavini kimi partiyanın inkişafında da önəmli rol oynadığını vurğuladı: “Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi dara düşən, yardıma ehtiyacı olan insanlara həmişə dəstək olub. Mehriban xanım həqiqi millət vəkilidir. Bundan sonra da xalqın vəkili olaraq qalacaq. Biz bu çətin işinizdə, şərəfli fəaliyyətinizdə sizə uğurlar arzulayırıq”.

Spiker M.Əliyeva ilə bağlı təyinata görə Milli Məclis adından ölkə prezidentinə dərin minnətdarlığını da bildirdi.

Bundan sonra Milli Məclisdəki fəaliyyətinə vida edən Mehriban Əliyeva çıxışında bildirdi ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar olaraq Milli Məclisdə fəaliyyətimi dayandırmalı olur: “Mən 10 ildən artıqdır ki, parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsi millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb. Bunu müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var. O, 10 ildən artıq ki Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirəm”.

Birinci vitse-prezident deputatı olduğu Xəzər rayonu ərazisində 2005-ci ildən bu günə qədər aparılan işlər haqqında məlumat verdi: “Gələcəkdə də Xəzər rayonun inkişafı üçün çalışacağam”. M.Əliyeva bildidi ki, Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təkliflər irəli sürüb: “Humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsüm həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarı ilə bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən 10 minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək”.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva digər təşəbbüslərindən də danışdı: “Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.
M.Əliyeva bildirdi ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb: “Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyükbir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam”.

Ölkənin birinci xanımı bildirdi ki, vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir: “Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam”. M.Əliyeva təyinatı ilə əlaqədar ona ünvanlanan təbriklərə görə də təşəkkür etdi: “Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan xanımlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Və ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək. Tanrı Azərbaycanı hər zaman qorusun!”
Bundan sonra deputatlar çıxış edib birinci vitse-prezidentə ürək sözlərini çatdırdılar. Bundan sonra alqış sədaları altında Mehriban Əliyeva parlamenti tərk etdi.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq Milli Məclis komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxıldı. Deputat İqbal Məmmədovun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü seçilməsi məsələsi səsə qoyuldu və o, komitənin üzvü seçildi.

İclasda Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü kimi təsdiqləndilər.

Bundan sonra isə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova illik məruzəsini təqdim etdi və məruzə ətrafında müzakirələr başlandı.

İlk çıxış edən deputat Zahid Oruc kəskin tənqidi ilə diqqət çəkdi: “İlk dəfə idi ki, bu qədır şablon terminlərlə dolu olan sənədin şahidi oldum. Bəlkə də sovet qurultaylarındakı çıxışlara bənzədi. Açığını deyim ki, bunu təəssüflə qarşıladım”.
Hesabata tənqidi yanaşan deputat bildirdi ki, biz problemləri deməsək, bu kursa da səmimi xidmət etmiş olmarıq: “Prezident Administrasiyasının şöbə müdiri vaxtaşırı şikayətlər barədə statistikanı açıqlayır. Siz o məktublarla tanış olsanız, görəcəksiniz ki, hansı icra hakimiyyətlərindən hansı şikayətlər var. O qədər konyukturçu olmaq olmaz ki, bu qədər tərif sənədi gətirək”. Z.Oruc digər məqama da toxundu: “Bir neçə gün əvvəl Mədət Quliyev Azərbaycandan 900 nəfərin Suriya və İraqa döyüşmək üçün getdiyini açıqladı. Bu, bizim cəmiyyətimiz üçün çox böyük siqnal olmalıdır. Bu şəxsləri vətəndaşlıqdan məhrum etməyimiz çıxış yolu deyil. Ermənistanla müharibədə ildə uzağı 100 nəfər itki vermişik. Amma biz xurafata qoşulan 900 nəfəri itirmişik. Bunların 84 nəfərinə cinayət işi qaldırılıb, 54 nəfər vətəndaşlıqdan məhrum edilib. Ancaq gəlin araşdıraq, səbəb nədir ki, bu insanlar bu ölkəni qoyub gedib xurafata qoşulub vuruşurlar? Biz bu problemləri deməsək, danışmasaq, olmaz. Bizim vətəndaşlar təkcə Ermənistandan yox, ayrı yerlərdən atılan güllələrdən də ölür”. Z.Oruc kredit problemindən də bəhs etdi: “Mən bu boyda sənəddə kredit borclarına görə evini itirənlər haqda bircə cümlə də görmədim. Bizim devalvasiya ilə bağl qərarlarımız 10 minlərlə insanları üz-üzə qoyub. Deməyək bunu? Mərkəzi Bankın fəaliyyəti ilə bağlı cəmiyyətdə yaranmış problemlər bu hesabatda yerini alsaydı, bu, işin xeyrinə olardı”. MTN işi ətrafında aparılan araşdırmalar zamanı ortaya çıxan dəhşətli faktları xatırladan Z.Oruc daha sonra belə dedi: “Biz 2015-ci ildə də sizin hesabatınızı burada qəbul etmişik. Bu məsələlər bu salonda deyilmədikcə, daha çox kənarda danışıldıqca, dövlətin və vətəndaşın xeyrinə olmayacaq”.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışını tənqid üzərində qurdu: “Məlumdur ki, 2005-ci ildə qəbul edilmiş ”İnformasiya əldə etmək haqqında\” Qanunda İnformasiya məsələləri üzrə Ombudsman təsisatının yaradılması nəzərdə tutulub. Onun Milli Məclisdə 3 namizəd arasından seçilməsi, hər cari ildə ən geci 3 il ərzində Milli Məclisə hesabat təqdim etməsi vurğulanır. Hesabatda isə il ərzində görüşmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər halllara dair məlumatlar, habelə ombudsmanın rəy və təklifi öz əksini tapmalı idi. Lakin sonradan, yəni 2010-cu ildə konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi. Ancaq dəyişiklikdən ötən 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməyib. Məndə olan məlumata görə, bu müddətdə ayrıca ştat cədvəli də müəyyənləşməyib. Ancaq qeyd etdiyim kimi, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil. Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin. Çünki bu təsisat informasiyalı cəmiyyəti ümumən demokratik cəmiyyət quruculuğu üçün son dərəcə vacibdir. İstərdim ki, məsələyə həssas yanaşılsın\”.

Digər deputatların da fikirləri dinlənildikdən sonra ombudsmanın illik məruzəsi qəbul olundu.

MM sədrinin müavini Bahar Muradova dedi ki, məruzə yüksək səviyyədə tərtib olunub və geniş müzakirəyə ehtiyac yoxdur. Çıxış edən bəzi deputatlar da məruzəni müsbət qiymətləndiriblər.

İclasda fasilə elan olunsa da, sonradan qərar dəyişdi. Belə ki, fasilə zamanı iclasın davamının təxirə salındığı elan edildi. Milli Məclisdən jurnalistlərə bildirildi ki, keçirilən plenar iclasda yarımçıq qalan məsələlərin ümzakirəsi martın 10-da keçiriləcək növbəti iclasın gündəliyinə salınacaq.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasının gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i birinci hissədə müzakirə olundu. Digər 8 məsələnin müzakirəsi isə növbəti iclasa qaldı.

İnterpress.az