Tarif Şurasının 100 manat qərarı etiraz doğurdubackend

Tarif Şurasının 100 manat qərarı etiraz doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif Şurası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxıb və müvafiq qərar qəbul edib. Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətləri tarifləri Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40 manat müəyyən edilib. Bu isə ictimaiyyətin, təhsil ekspertlərinin narazılığına səbəb olub. Həmçinin abituriyentlər də durumdan narazıdır. Əhalinin yaşayış səviyyəsini nəzərə alsaq, əslində bir abituriyent üçün bu məbləğin böyük bir məbləğ olduğunu deyə bilərik. Bir sıra ekspertlərin fikrinə görə, bu qərar bir sıra abituriyentləri oxumaq fikrindən daşındıracaq. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahana giriş üçün müəyyən etdiyi məbləğ hələ ƏDV xaric qiymətdir.

Təhsil eksperti Kamran Əsədov dedi ki, bu məbləğ insanların orta aylıq əmək haqqı ilə tərs mütənasiblik təşkil edir: “DİM əvvəllər qeyd edib ki, biz iddiaçının bir imtahanda iştirak etməsi onlara 25 manata başa gəlir. Ondan sonra qeyd etdilər ki, onların məqsədi pul qazanmaq deyil. Amma elan olunmuş imtahan qiyməti bunların ikisini də inkar edir. İlk növbədə qeyd etmək istəyirəm ki, istedadlı şəxslərin ali təhsil almaq hüququna əsasən konstitusiyanın 42-ci maddəsinin IV hissəsi zəmanət verir. Bu o deməkdir ki, yüksək imtahan qiyməti müəyyən etməklə kifayət qədər istedadlı şəxsləri təhsildən məhrum edə bilərik. Bildiyiniz kimi, əvvəlki illərdə ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 63 faizi cari ilin məzunları, 37 faizi isə əvvəlki illərin məzunları idi. İmtahanda iştirak edən abituriyentlərin 70 faizi isə keçid balını toplaya bilmirdi. Çünki onların hazırlıq səviyyəsi aşağı idi. Əlbəttə ki, indi daha çox hazırlıqlı şəxslər ali məktəblərə sənəd qəbulunda iştirak edəcək. Amma bu ali təhsil alacaq insanların sayına ciddi şəkildə təsir edəcək. Dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul imtahanlarının qiyməti insanların orta əmək haqqı ilə bizdə elan olunan xidmət haqları qədər tərs mütənasib deyil. Bu qərar insanları kütləvi şəkildə təhsildən məhrumetmə ilə nəticələnə bilər. Nəzərə alsaq ki, Azərbaycanda minimum əmək haqqı 150 manat təşkil edir, deməli, müəyyən edilmiş imtahan qiyməti çox böyük rəqəmlərdir. Məsələn, ABŞ da orta aylıq əmək haqqı 2500 dollar təşkil edir və onlarda imtahan qiyməti 35 dollar təşkil edir. Türkiyədə orta aylıq əmək haqqı 2 min TL təşkil edir və imtahan qiyməti təhsil pilləsinə görə 55 və 35 TL təşkil edir”.

Ekspert qeyd etdi ki,müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil: “Azərbaycan ərazisində müəyyən xidmət müəssisələri xidmət haqqına ƏDV-ni (Əlavə Dəyər Vergisi) daxil etmirlər. Bu da həmin xidmət haqqının 18 faizidir. Deməli, DİM-in müəyyən etdiyi imtahan qiymətlərinin üstünə 18 faiz ƏDV əlavə olunacaq. Bundan başqa, imtahan iştirakçıları imtahanda iştirak etmək və ödəmə kartı əldə etmək üçün müvafiq mobil operatorların SMS nömrələrinə boş SMS göndərib bunu yerinə yetirəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil. Deməli, bu da qiyməti artıran hallardır. Nəticələri öyrənmək üçün də yenə də müvafiq SMS nömrələrə imtahanda iştirak edən sms yollayacaq ki, bu da imtahan qiymətlərinə baxsaq kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq.

20 manat olan ƏDV ilə 23.6 azn;
40 manat olan ƏDV ilə 47.2 azn;
50 manat olan ƏDV ilə 59 azn
60 manat olan ƏDV ilə 70.8 azn;
100 manat olan ƏDV ilə 118 azn\”.

Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü isə bu qərara yenidən baxmağın vacib olduğunu dedi: “Abituriyentə iki dəfə imtahana girməyə icazə verilirsə, sözsüz ki, bu məbləğ çoxdur. Hazırkı iqtisadi durumla bağlı belə başa düşürəm ki, qəbul imtahanlarının pullu olması məzunları ikinci dəfə imtahana girməkdən çəkindirəcək. Ailələrin, xüsusən də rayonlarda yaşayanların yaşayış tərzindən bu adamların xəbəri yoxdurmu? Bu birbaşa oxuma deməkdir. Düşünürəm ki, məbləğ çox böyükdür. Mən 15-20 manat civarında gözləyirdim. Ancaq bir halda ki, aşağı hədd 20, yuxarı hədd 100 manatdırsa, sözsüz ki, bu çoxdur. Düşünürəm ki, bu qərara yenidən baxılmalı və dəqiq məbləğ deyilməlidir ki, məsələn, birinci imtahan 20 manatdır, ikinci imtahan 15 manat. Magistr dərəcəsi də 30 manat. Bunu indidən dəqiq söyləmək lazımdır. Bunu belə elan etməklə bəlkə də cəmiyyətin reaksiyasını yoxlayırlar. İndiki vəziyyətlə bağlı düşünürəm ki, bu qərara yenidən baxılmalı, dəqiq məbləğ göstərilməlidir ki, camaat indidən işini bilsin. Magistr dərəcəsi üçün 100 manat ödəmək, rayondan gəlmiş burada yaşayış yeri, yataqxanası olmayan bir magistr üçün böyük məbləğdir”.

İnterpress.az