“Öküzlə eşşəyi bir kotana qoşmayın…”backend

“Öküzlə eşşəyi bir kotana qoşmayın…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq Paşa Yaqub növbəti “Elmi-lədun işığında” kitabını nəşrə hazırlayıb. Hələ çap olunmamış bu kitabın əvvəlki hissələrini moderator.az saytı yayımlamışdı. Kitabdan daha bir hissəni oxucularımıza təqdim edirik:

Budur, planetlər qarşınızdadır; bacarırsınızsa övladlarınıza verməyi vəd etdiyiniz planetləri tutun.
Yaradan sizi o qədər çoxaldıb ki, sayınız göydəki ulduzlar qədərdir. Qoy Allah sizi indikindən də min dəfə çox eləsin və necə ki vəd edib, sizi nemət sahibi etsin.

İçərinizdən müdrik, bəsirətli, dünyagörmüş adamlar seçin. Hakimlərinizə belə göstəriş verildi ki, “Aralarında münaqişə düşən şəxslərin işinə ədalətlə baxın! Hökm çıxaranda tərəfkeşlik etməyin. Kasıb adamı da böyük adamı dinlədiyiniz kimi dinləyin. Adamlardan qorxmayın, hökm Allahındır”.

Sizin sülhsevər davranmağınız başqa xalqlara sizin müdrik, aqil olduğunuzu göstərəcək və bu qayda-qanunlar haqqında eşidən o xalqlar deyəcək: “Bu böyük xalq, doğrudan da, müdrik və aqil bir xalqdır”. Amma, siz ehtiyatlı olun, diqqət edin ki, bu qanunları unutmayasınız, nə qədər ki sağsınız, onlar ürəyinizdən silinməsin. Onları övladlarınıza, nəvələrinizə danışın. Sizlər həmin o qanunları sahib olacağınız ölkədə rəhbər tutub yaşamalısınız.
Gözlərinizi göylərə qaldırıb baxanda, asimandakı ordunu – günəşi, ayı, ulduzları görəndə aldanıb onlara səcdə qılmayın, onlara sitayiş etməyin.
Allah onları göylər altında yaşayan bütün bəşərə ərməğan edib.
Allahın qadağan etdiyi heç nəyin surətində özünüz üçün oyma büt düzəltməyin.
Allah siz sülhsevərləri xalqlar arasına səpələyəcək.

Ey insanlar, bu gün sizə bəyan etdiyim qanun və hökmlərə qulaq verin. Adam öldürməyin. Zina etməyin. Oğurluq etməyin. Heç kimə qarşı yalandan şahidlik etməyin. Başqasının arvadına tamah salmayın. Heç kimin heç nəyində — evində, torpağında, pulunda, varında və dövlətində gözünüz olmasın.

Dinlə ey insan! Yaradanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən. Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın. Onları övladına aşıla; evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danış. Onları nişan kimi əlinə bağla, qoy alın bağı kimi alnında olsun.

Bütpərəstlərlə belə rəftar edin: qurbangahlarını dağıdın, dik daşlarını sındırın, bütlərini kəsin, oyma bütlərini yandırın.

Ey sülh sevər insanlar! Siz Yaradanın müqəddəs xalqısınız. Yaradan yer üzündəki bütün xalqların arasından sizi seçib ki, Onun xalqı, Onun xüsusi mülkü olasınız. Buna görə bu gün sizə verdiyim əmrlərə, qanun və hökmlərə cidd-cəhdlə əməl edin. Əgər bu hökmlərə həmişə qulaq assanız və onları yerinə yetirsəniz, Yaradan ata-babalarınıza and içib verdiyi əhdə vəfa edəcək, vəd etdiyi kimi, məhəbbətini sizdən əsirgəməyəcək. Sizi sevəcək, sizə xeyir-bərəkət verəcək, sayınızı çoxaldacaq. O, sizə çoxlu övlad nəsib edəcək, torpağınızın məhsulunu, taxılınızı, yağınızı bərəkətli edəcək; mal-qaranızın, qoyun-keçilərinizin balası çox olacaq. Siz xalqların ən mübarəki olacaqsınız. Aranızda nə bir sonsuz kişi, nə bir sonsuz qadın olacaq. Heyvanlarınızdan biri də qısır olmayacaq. Sizdən hər cür azar-bezarı uzaq edəcək, sizi eşidib-gördüyünüz dəhşətli xəstəliklərə düçar etməyəcək.

Qızıl-gümüşə meyl etməyin, elmə meyl edin. İyrənc şeyləri evinizə gətirməyin, yoxsa onlarla bir yerdə məhv olarsınız. Belə şeylərdən ikrah etməli, iyrənməlisiniz; çünki onlar məhv edilməli şeylərdir.
İnsanı yaşadan yemək deyil, insanı yaşadan xeyirli əməl və elmdir.

Adil insanlar tərəfkeşlik etməz, rüşvət almaz. Yetim üçün, dul qadın üçün ədaləti bərqərar edər; qəribi sevər, ona ruzi, geyim verər. Siz də qəribi sevməlisiniz, çünki, bir zamanlar özünüz də qərib olmusunuz.
Kamillik dövründə hər yeddinci il borcdan azad etmə ili olacaq. Alacağı olan hər kəs borclu adamı borcdan azad etməlidir. O, soydaşından, yaxud qardaşından borcunu tələb etməməlidir; çünki, Yaradanın eşqinə borclardan azad edilmə elan ediləcək.

Yaradan vəd etdiyi kimi, sizə xeyir-bərəkət verəcək. Siz xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız. Bir çox cahil xalqlara ağalıq edəcəksiniz. Sizin isə, üstünüzdə ağalıq edən olmayacaq. Yaradanın sizə verəcəyi diyardakı şəhərlərdən birində soydaşlarınızdan kimsə kasıblasa, ürəyiniz daşa dönməsin, ona qarşı xəsislik etməyin. Əlinizi səxavətlə açıb möhtac olduğu, korluq çəkdiyi şeyi ona borca verin. Ona qarşı səxavətli olun, nə isə verəndə candərdi verməyin, Onda Yaradan əməyinizə, əl atdığınız hər işə xeyir-bərəkət verəcək. Çünki, dünyada hələ ki, kasıblar olacaq. Buna görə də sizə deyirəm: ölkənizdəki fəqir-füqəraya qarşı əliaçıq olun. Yetimlər məktəbi qutardıqdan sonra onları əliboş yola salmayın. Sürünüzdən, xırmanınızdan, zeytununuzun və üzümünüzün məhsulundan səxavətlə onlara pay verin.

Yaradan sizə bərəkət verdiyi kimi, siz də onun yaratdıqlarına qarşı əliaçıq olun.
Haqq-ədaləti tapdalamayın, tərəfkeşlik etməyin, rüşvət almayın, çünki rüşvət hikmətlinin gözünü kor edər, dürüst adamın fikrini dəyişdirər. Ədalətə, yalnız ədalətə can atmalısınız ki, sağ qalıb Yaradanın sizə verdiyi diyara sahib olasınız.

Rəhbərlər çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər. Özü üçün çoxlu qızıl-gümüş də yığmamalıdır.
Aranızdan pisliyi yox edin ki, bütün cahil insanlar eşidib qorxsun.
Yaradanın sizə irs olaraq verdiyi dünyanı murdarlamayın.

Əgər soydaşınızın azmış öküzünü ya da qoyununu görsəniz, özünüzü görməməzliyə vurmayın. Onu mütləq aparıb soydaşınıza qaytarın. Lakin yiyəsi sizdən uzaq yaşayırsa və ya onu tanımırsınızsa, heyvanı aparıb özünüzdə saxlayın, yiyəsi axtaranda qaytararsınız. Kiminsə azmış ulağını görəndə, paltarını, yaxud başqa bir əşyasını tapanda da eyni cür davranmalısınız. Özünüzü görməməzliyə vurmayın. Soydaşınızın ulağının, yaxud öküzünün yolda yıxılıb qaldığını görəndə yan keçməyin. Mütləq yiyəsinə heyvanı qaldırmağa kömək edin.

Qadın kişi paltarı, kişi qadın paltarı geyinməməlidir. Allah belə adamdan ikrah edir.
Əgər ağacda, yaxud yerdə içində bala və ya yumurta olan quş yuvasına rast gəlsəniz və görsəniz ki, ana quş yuvanın üstündə oturub, onun balalarına toxunmayın. Belə edin ki, güzəranınız xoş, ömrünüz uzun olsun.

Ev tikəndə damına məhəccər çəkin ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın.
Öküzlə eşşəyi bir kotana qoşmayın.
Yunla kətanın qarışığından toxunmuş parçadan paltar geyinməyin.

Aranızdan pisliyi yox etməlisiniz.
Heç kim atasının arvadını alıb atasının şərəfinə ləkə gətirməməlidir.
Düşmənlərinizə qarşı çıxmaq üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.

Nəzir edəndə onu yerinə yetirməyi uzatmayın, çünki, Yaradan bunu sizdən tələb edəcək. Yerinə yetirməsəniz, özünüzə ziyan verənlərdən olacaqsınız. Amma nəzir deməkdən qaçınırsınızsa, bu günah deyil.
Verdiyiniz sözün (əhdin) üstündə durun və Yaradana öz dilinizlə könüllü olaraq nə nəzir etmisinizsə, yerinə yetirin.
Qonşunuzun üzümlüyünə girəndə ürəyiniz istəyən qədər üzüm yeyə bilərsiniz, amma, səbətə yığıb aparmayın.
Qonşunuzun zəmisinə girəndə əlinizlə sünbül dərib yeyə bilərsiniz, amma zəmiyə oraq vurmayın.
Yadellinin, yaxud yetimin işinə baxanda haqqı, ədaləti pozmayın.
Dul qadından verdiyiniz borcun əvəzinə girov kimi paltarını almayın.
Tarlanı biçəndə yaddan çıxıb tarlada qoyduğunuz dərzi götürmək üçün geri qayıtmayın. Qoy qərib, yetim, dul üçün qalsın. Belə etsəniz, Yaradan hər işinizi avand edər.
Zeytun ağacını çırpandan sonra qayıdıb budaqları ikinci dəfə çırpmayın. Qoy yerdə qalan qəribin, yetimin və dulun olsun.
Bağınızdakı üzümü yığandan sonra tənəklərdə qalanı yığmağa qayıtmayın. Qoy o, qəribin, yetimin və dulun olsun.

Paşa Yaqub
İnterpress.az