Əli İnsanov və İlqar Məmmədov sabah azadlıqda ola bilərbackend

Əli İnsanov və İlqar Məmmədov sabah azadlıqda ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Cebhe.info-ya bildirib ki, ölkə prezidenti hər ilin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayır:

“Bu il də əfv sərəncamı imzalanacaq. Çünki artıq Əfv Komissiyasının iclasları yekunlaşıb. Bütövlükdə 950-dən artıq müraciətə baxılıb. Müraciətlərin hər biri diqqətlə araşdırılıb, müvafiq rəyin hazırlanması ilə bağlı qərar qəbul edilib. Artıq bu rəylər komissiyanın sədri tərəfindən cənab prezidentə təqdim olunub. Ehtimal olunur ki, ölkə başçısı tərəfindən bu gün və yaxud sabah əfv sərəncamı imzalana bilər. Əlbəttə ki, konkret zaman söyləmək doğru olmaz. Çünki əfv sərəncamı prezidentin səlahiyyətinə aid olan məsələdir. Sərəncamın imzalandığı zamanı prezident özü müəyyənləşdirəcək. Amma biz ümid edir və inanırıq ki, yaxın günlərdə əfv sərəncamının şahidi olacağıq. Bu zaman ölkə başçısının humanizm prinsipinə söykənərək xeyli sayda insanın hər dəfə olduğu kimi azadlığa çıxmasının şahidi olacağıq”.

Qeyd edək ki, İnsan Haqları üzrə Birgə İşçi Qrupu Əfv Komissiyasına 27 nəfərlik siyahı göndərib. Əfvin həmin siyahıda adı olan siyasi məhbuslara şamil olunmasına gəlincə, komitə üzvü bildirib ki, konkret olaraq kimlərin əfv olunmasını prezident müəyyənləşdirəcək:

“Əlbəttə ki, Əfv Komissiyasının ünvanına müxtəlif müraciətlər daxil olmuşdu. Həmin müraciətlər məhbusların özləri, ailələri, nümayəndələri, vəkilləri, eyni zamanda hüquq müdafiə təşkilatları, İnsan Haqları üzrə Birgə İşçi Qrupu, həmçinin Ombudsman, deputatlar və Əfv Komissiyasının üzvləri tərəfindən göndərilib. Kimin əfv edilməsi məsələsində bizim tərəfimizdən konkret olaraq fikir söyləmək yanlış olar”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı da Cebhe.info-ya bildirib ki, İşçi Qrupu siyahını təqdim etsə də, əfv sərəncamının verilməsi bilavəsitə prezidentin səlahiyyətindədir:

“Bilirik ki, Əfv Komissiyası kifayət qədər işlərə baxıb. Bizim təqdim etdiyimiz siyahıda olan 27 nəfərin azadlığa buraxılması, zənnimcə, bu problemin həll olunmasına böyük bir təkan verir. Bu halda biz yalnız ümid və arzu edə bilərik ki, həmin 27 nəfərin adı əfv siyahısında olsun. Bu, həm bizi, həm də onların ailələrini sevindirər. Novruz bayramı ərəfəsində onların ailələrinə qayıtması çox yaxşı bir iş olardı. Əfv – humanizm sözünün sinonimidir. Humanizm prinsipindən irəli gələrək onların azadlığa buraxılması həm bizim fəaliyyətimizdə böyük bir irəliləyiş olardı, həm də bu insanların həyatında yeni bir səhifə açardı”.

Hüquq müdafiəçisi konkret olaraq kimləri əfv olunmasın deməkdə çətinlik çəkdiyini deyib:

“İşçi Qrupu təqdimatını edib, hər bir şəxs haqqında kifayət qədər məlumat verib ki, niyə onları təklif edirik. Təbii ki, son söz ölkə prezidentindir”.

Qeyd edək ki, 27 nəfərlik siyahıda Əli İnsanov, İlqar Məmmədov, NİDA üzvlərinin də adı var.

İnterpress.az