Baş nazir bu gün parlamentdə hesabat verəcək – 22 illik dönəm başa çatırmı?backend

Baş nazir bu gün parlamentdə hesabat verəcək – 22 illik dönəm başa çatırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası olacaq. İclasın əvvəlkindən özəlliyi ondan ibarətdir ki, gündəliyə “Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında” hesabatı\” daxil edilib. Milli Məclisdə hesabatı baş nazir Artur Rasi-zadənin verəcəyi bildirilir.

Bəzi iddialara görə, bu, 22 ildir baş nazir vəzifəsini daşıyan 82 yaşlı baş nazirin hökumət adından verəcəyi son hesabat ola bilər. Məlumatlara görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə əlaqədar yaxın aylarda hökumətin strukturunda ciddi dəyişiklik gözlənilir. Bu dəyişiklik nəticəsində Artur Rasi-zadənin vəzifəsi ilə vidalaşacağı haqda deyilənlər də iddialar sırasındadır.

Birinci-vitse prezident təyinatından sonra ikinci və üçüncü vitse-prezidentlərin kimlər olacağı, həmçinin yeni baş naziri kimin əvəzləyəcəyi barədə müzakirələr gedir, müxtəlif ehtimallar irəli sürülür. Xüsusilə qeyd edilir ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyinatından sonra yeni iqtisadi komandanın formalaşmasına zərurət yaranıb. Bu isə ikinci və üçüncü vitse-prezidentlərin, həmçinin baş nazirin həmin meyarlara cavab verəcək şəxslər olmasını da zəruri edir.

Yayılan xəbərlərə görə, bu baxımdan 17 mart hesabatı hörmətli Artur Rasi-zadənin baş nazir kimi sonuncu hesabatı ola bilər. Xəbərlərə görə, hesabat qəbul olunduqdan az sonra Artur müəllim təltif edilməklə fəxri təqaüdə yola salınacaq. Rasi-zadənin özünün xahişi-ərizəsi ilə işdən çıxarılacağı da yayılan məlumatlar sırasındadır. Artıq baş nazirin belə bir ərizəni yazdığı da deyilir. Onun yerinə kimin təyin olunacağını isə şübhəsiz ki, ən dəqiq bilən ölkə prezidentidir. İctimaiyyət arasında və mediada sadəcə ehtimallar irəli sürülür.

Məsələn, yayılan xəbərlərdən birində deyilir ki, Azərbaycanın növbəti baş nazirinin hazırkı ədliyyə naziri Fikrət Məmmədov və ya səhiyyə naziri Oqtay Şirəliyev olması istisna deyil. Hər iki şəxs uzun müddətdir nazirdir, siyasi iddiaları ilə seçilən fiqurlar deyillər və onların ikisinin də hakimiyyətin başında dayanan şəxslərə yaxın olduqları məlumdur. Bəzi iddialarda isə yeni baş nazirin Avropa təhsili texnokrat gənc kadrlardan biri olacağı vurğulanır.

İkinci və üçüncü vitse-prezidentlərin də mart ayından sonra təyin ediləcəyi barədə xəbərlər yayılıb. Məlumatlarda deyilir ki, bu vəzifələrə təyinatlarda sürpriz isimlər yer ala bilər.

Vitse-prezident təyinatlarından sonra isə Nazirlər Kabinetinin də yenidən təşkil ediləcəyi yayılan xəbərlər sırasında yer alır. Bu qurumun bir çox funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi gözlənilir. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatının daha çevik institut olacağı və cari idarəetmə ilə məşğul olacağı da bildirilir. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur ki, bu məsələlər iqtisadi islahatların davamı olaraq həyata keçiriləcək.

Yayılan xəbərlərdə o da deyilir ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun əvvəlki əhəmiyyəti qalmayacaq.

2016-cı il sentyabrın 26-da keçirilmiş referendumdan sonra konstitusiyanın yeni tələbinə uyğun olaraq onsuz da baş nazir postu ölkənin ikinci şəxsi statusunu itirib. İkinci şəxs bundan sonra birinci-vitse prezidentdir.

Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

İnterpress.az