“Onlar artıq Azərbaycanın müstəqilliyinə dəyər verəcək insan…”backend

“Onlar artıq Azərbaycanın müstəqilliyinə dəyər verəcək insan…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir məsələni deməsəm olmaz. Son günlər Novruzla bağlı mübahisələri olanda bilərəkdən əks arqumentlərə geniş yer verdim. Əsas arqumentlər bu oldu ki, Quranda iki bayramdan bəhs edildiyinə görə müsəlmanlar baharın gəlişini bayram olaraq qeyd etməməlidirlər. Sonra isə öz arqumentimi irəli sürdüm ki, o zaman 28 May tarixi də bizim Müstəqillik Günü Bayramımızdır, onunla bağlı da Quranda heç nə yazılmayıb, onu qeyd edərsək günaha batmarıq ki… O zaman İslamın konduktorlarından heç bir cavab gəlmədi, bu mövzunun üzərindən sükutla keçdilər. Səbəbi bilirsiniz nədir? Onlar artıq Azərbaycanın müstəqilliyinə dəyər verəcək insan xarakterini itiriblər. Əlbəttə, hər birimizin müsəlman olaraq ümmət təəssübü çəkməyimiz vacibdir, ancaq bu təəssübdən öncə Ailənin, Vətənin, Millətin, Dövlətinin təəssübünü çəkmək gərəksiz bir şeydirmi? Həm də təkcə yobaz dinçilər bunu itirməyiblər, həm də İranda, İraqda özlərinə dini rəhbər seçib təqlid edən cahil dinçilər üçün də Azərbaycanın müstəilliyinin bir çöp qədər dəyəri yoxdur!!! Sadəcə cəmiyyətin, dövlətin qorxusundan səslərini ucadan çıxara bilmirlər. Dəfələrlə müzakirə və mübahisələrdə bunun şahidi olduğuma görə belə qəti formada söyləyirəm. Fikrimcə, dindar ol,ateist ol, deist ol, türk ol, talış ol, kürd ol, ləzgi ol, avar ol, rus ol, daha kim olursan ol, bu dövlətin vətəndaşısansa, bu Dövlətin atributlarına müxtəlif bəhanələrlə sayğısızlıq göstərə bilməzsən. Sosial narazılığın ola bilər, siyasi narazılığın ola bilər, hətta milli və ya dini motivlərlə narazılığın ola bilər, ancaq düşünməlisən ki, Dövlət qurmaq hər topluma nəsib olmur, düzəldək, daha demokratik edək, daha ədalərli edək, ancaq müxtəlif motivləri bəhanə edərik gedib başqalarının quyruğunda sürünməyək. İndi bu yobazlara bir daha anlatmaq lazımdır ki, modern dünyada yaşayırsınız, Allah ibadətlərinizi qəbul etsin, sadəcə yaşadığınız topluma, onun qanunlarına daha xoşgörülü yanaşmanız lazımdır. Əks halda nəinki Bahar bayramı, Azərbaycanın müstəqilliyi günü də, Alim Qasımovun muğamı da, qadınların sağlamlıq üçün idmanla məşğul olması da sizlər üçün haram sayılacaq. Nədəsə iştirak etməyə bilərsiniz, musiqini dinləməyə bilərsiniz, idmana baxmaya bilrsiniz, bu ölkənin vətəndaşlarısınızsa, modern dünyayla bu qədər sərt ziddiyyətin içinə girməyin təhlükəsini Yaxın Şərqdəki vəziyyətdən daha rahat müşahidə edə bilərsiniz. Sözümün canı bu idi…

Fazil Mustafa, millət vəkili
İnterpress.az