“Novruzun rəsmən keçirilməsinin ilk təşəbbüskarı Vəzirov olub…”backend

“Novruzun rəsmən keçirilməsinin ilk təşəbbüskarı Vəzirov olub…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz bayramının imperiya qadağaları dövründə keçirilməsi barədəki ötən yazılarımızda rəhmətlik Şıxəli Qurbanovun 1967-ci ildə bu bayramın rəsmi səviyyədə təşkilindəki xidmətlərindən danışmışdıq. Araşdırmalarımız sayəsində bu mövzuda daha maraqlı bir fakta rast gəldik. Məlum oldu ki, sovet dövründə Novruzun rəsmən qeyd edilməsinin ilk təşəbbüskarı 1988-1990-cı illərdə Azərbaycan KPMK-nın 1-ci katibi olmuş Əbdürrəhman Vəzirov olub. Bu faktı tanınmış tarixçi Cəmil Həsənli ötən il Facebook səhifəsindəki Novruz təbrikində açıqlayıb:
“Ötən əsrin 60-cı illərində bu bayramın təmtəraqlı şəkildə qeyd edilməsində Mərkəzi Komitə katibi Şıxəli Qurbanovun müstəsna xidmətləri vardır. O, çox vətənpərvər və təşəbbüskar bir adam idi. Bu barədə ikinci bir fikir ola bilməz. Lakin Sovet sistemi elə qurulmuşdu ki, milli məsələyə aid hər hansı bir tədbir partiya Mərkəzi Komitəsinin Bürosunda müzakirə edilmədən, büronun qərarı olmadan heç bir vəzifəli şəxs bunu öz təşəbbüsü ilə edə bilməzdi. Novruz bayramı ilə bağlı məsələ də partiya Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov başda olmaqla MK Bürosunda müzakirə edilmiş və onun Bahar bayramı adı ilə keçirilməsi haqqında qərar qəbul edilmişdi. Qərarın icrası ideoloji məsələlər üzrə katib Şıxəli Qurbanova tapşırılmışdı.

Amma çoxlarına təəccüblü olsa da, Novruz bayramının keçirilməsi ideyasını Azərbaycan komsomolunun birinci katibi Əbdürrəhman Vəzirov ilk dəfə Azərbaycan Kommunist Partiyasının 1958-ci ilin yanvar ayında keçirilən XXII qurultayındakı çıxışında səsləndirmişdi. O, demişdi ki, gənclər arasında işi canlandırmaq üçün bizim xalq bayramlarını geniş qeyd etmək, unudulmuş milli oyunları, məsələn “top aldı qaç”, ”ox atma”, “dirə döymə”, “at çapma” və sair dirçəltmək lazımdır. Öz çıxışında Vəzirov dedi: “Niyə biz rus xalq bayramı olan “maslenitsa”nı qeyd etməyə hazırlaşan moskvalılar kimi, özündə heç bir dini məzmunu daşımayan “Novruz bayramı”nı qeyd etməyək? Bizim xalqın həyatında “Novruz bayramı”nı baharın gəlişi kimi qeyd etmək ənənəsi vardır. Bizə yaxşı məlumdur ki, ruhanilər xalqın adət və ənənələrindən necə öz məqsədləri üçün istifadə edirlər. Bizim borcumuz buna sakitcə yanaşmaq deyil, bu gözəl adətlərdən və bayramlardan öz maraqlarımıza uyğun istifadə etməkdən ibarət olmalıdır. “Novruz bayramı”nın gəlişini qeyd etməklə çoxları küçələrdə, evlərdə təmizlik işləri görür, evləri ağardır, ağac əkir, ən yaxşı paltarlarını geyinir, ləzzətli milli xörəklər bişirirlər. Mənə belə gəlir ki, biz “Novruz bayramı”nı bahar bayramına, sevinc və gənclik bayramına çevirməliyik.” ( Bax: Azərbaycan Kommunist Partiyası XXII qurultayının stenoqrafik hesabatı. 28-30 yanvar 1958-ci il. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi fond 1, siyahı 45, iş 7, vərəq 86–87). Vəzirovun bu sözləri qurultay nümayəndələri tərəfindən alqışlarla qarşılandı. Lakin elə həmin 58-ci ilin yanvarında Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov milli məsələdə yol verdiyi “ciddi əyintilərə” görə vəzifəsindən azad edildi…”

“Novruzun rəsmən keçirilməsinin ilk təşəbbüskarı Vəzirov olub...”

Xatırladaq ki, ötən yazımızda qeyd etdiyimiz kimi, Ə.Vəzirovun sözügedən ideyası 1967-ci il Novruzu istisna olmaqla tam şəkildə yalnız 21 il sonra- 1989-cu ildə – özü Azərbaycanın rəhbəri olduğu dövrdə həyat keçirildi. Həmin vaxt o, Novruzun Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam verdi…

İnterpress.az