Ailəsi ilə görüşən İlqar Məmmədovdan xəbər varbackend

Ailəsi ilə görüşən İlqar Məmmədovdan xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz əfvi bir çox siyasi məhbusa şamil olunmadı. Dörd siyasi məhbus – Elvin Abdullayev (AXCP), Əbdül Əbilov (NİDA) və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlar bu bayramda ailəsinə qovuşdu.

Son əfvdən sonra REAL sədri İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilər həbsdə qaldılar. Digər siyasi məhbuslar da var ki, onların əfvə düşmə şanslarının olmadığı əvvəlcədən məlum idi. Çünki onlar barəsində son məhkəmə qərarı yoxdur.

Günlər öncə səhhətində ciddi problemlər yaranan və bunun üçün xarici həkimlərin onu müayinə etməsini istəyən REAL sədri İlqar Məmmədov martın 26-da ailəsi ilə görüşüb.

Bu barədə “Yeni Müsavat”a onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verib: “İlqarla martın 26-da bayramdan sonra ilk dəfə görüşdük. Əfvə münasibəti birmənalı oldu, yəni əvvəlcədən adının siyahıda olmayacağını bilirdi. Vəziyyəti bir az yaxşı idi. Əvvəlki günlərə nisbətən bel ağrısı bir az keçib. Amma tam yaxşı deyil. İş günləri olmadığından onun müayinə olunması üçün xarici həkimlər istəməsi ilə bağlı tam məşğul ola bilməyiblər. Yəqin bu günlərdə məşğul olarlar”.

AXCP sədrinin müavini, jurnalist Seymur Həzinin atası Məşgül Həziyev bayramdan sonra martın 23-də onunla görüşdüklərini söylədi: “Hər şey normaldır. Elə bir narahatçılığı yoxdur. Əhval-ruhiyyəsi də yerindədir. Görüş vaxtı vəziyyəti çox yaxşı idi. Əfvlə bağlı onu dedi ki, əvvəlcədən bilirdim bu əfvin mənə şamil olunmayacağını. Bayramdan əvvəl daim deyirdi ki, ümid etməyin. Açığı, biz az da olsa ümidlənmişdik. Amma ümidlərimiz doğrulmadı. Azsaylı olsa da, azadlığa çıxan siyasi məhbuslara görə çox şad idi. Deyir ki, mən ən sonuncu çıxsam da, bizdən azadlığa çıxanlar varsa, elə bil mən çıxmışam”.

İnterpress.az