Ukrayna və Rusiya arasında “Eurovision” qalmaqalıbackend

Ukrayna və Rusiya arasında “Eurovision” qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada keçiriləcək “Eurovision – 2017\” yarışmasına start verilməmiş artıq beynəlxalq qalmaqal yaşanmaqdadır. Belə ki, Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın ”Eurovision\” təmsilçisi Yuliya Samoylovanın ölkəyə buraxılmaması barədə qərar qəbul edib. Qərara əsasən Y.Samoylova üç il ərzində Ukraynaya daxil ola bilməz. Buna səbəb isə ifaçının Ukrayna qanunvericiliyinə zidd olaraq 2015-ci ildə bir festival çərçivəsində Krıma səfər etməsidir. Bununla da ifaçı Rusiyanın işğal etdiyi Ukrayna ərazisinə getdiyi üçün ölkənin “qara siyahı”sına düşüb. Rəsmi Ukrayna maraqlı şərt-bəyanatla da çıxış edib: “Ukrayna yarışmaya təmsilçini o halda qəbul etməyə hazırdır ki, Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin”.

Qeyd edək ki, Y.Samoylova birinci dərəcəli əlildir. O, uşaqlıqdan əlil arabasının köməyi ilə hərəkət edir. Hələ 13 yaşı olarkən ona onurğa əzələ atrofiyası diaqnozu qoyulub. Buna baxmayaraq ifaçı dəfələrlə müxtəlif yarışlarda iştirak edib, 2014-cü ildə Soçi Paralimpiya Oyunlarının açılışında da çıxış edib. Bəzi iddialara görə Rusiyanın “Eurovision – 2017\” yarışmasının təmsilçisi məhz əlil ifaçını seçməsi heç də təsadüfi deyil. Hələ onun namizədliyi irəli sürülməzdən öncə mətbuatda xeyli hazırlıqlar görülüb. Müxtəlif yollarla publikanı əlil ifaçının yarışmaya göndərilməsinə kökləyiblər. Bəzi beynəlxalq jurnalistlər Ukraynanı yarışmanın qanunlarını pozmaqda, xüsusən də əlil ifaçıya qadağa qoymaqda suçlayırlar. Beləliklə Rusiya tərəfi də ifaçının yarışmaya buraxılmamasının müvafiq beynəlxalq normalara zidd olduğunu, Ukrayna isə müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat kimi qiymətləndirir.

“Məsələyə rəsmi münasibəti ”Eurovision\” yarışmasının təşkil komitəsi bildirməlidir\”.

İnterpress.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Ruslan Əhmədoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, edib ki, qalmaqala hüquqi qiymət vermək üçün yarışmanın qanunlarında tərəflərin yeni hüquq və vəzifələri qaydalarına nəzər salmaq lazımdır:

“Bu qalmaqal Ukrayna və Rusiya arasında əvvəl bağlanmış beynəlxalq hüquq çərçivəsində əməkdaşlıq tam pozulduğu üçün baş verib. Xatırladım ki, yarışma bizim ölkədə keçiriləndə hüquqi tərəfləri nəzərə alaraq biz Ermənistan təmsilçisinin iştirakını boykot etmədik. Buna siyasi deyil, musiqi yarışması kimi yanaşdıq. Sadəcə qarşı tərəfin özü bu yarışmadan imtina etdi. Bir daha qeyd edirəm, əgər yarışmanın qaydalarında yarışı keçirən ölkənin digər ölkənin nümayəndəsinin iştirakını qadağan etmək hüququ yoxdursa, deməli bu, beynəlxalq hüquqa ziddir və siyasiləşdirilmiş bir addımdır”.

Bəstəkar Gövhər Həsənzadə də ortada siyasi məsələ olduğunu, yalnız təşkilati komitənin bu cür qalmaqallara aydınlıq gətirə biləcəyini qeyd etdi.

Bəstəkar-müğənni, aparıcı Murad Arif isə mövzuya bu cür şərh bildirdi:

“Hər bir ölkənin öz qanunları var. Həmin qanunlar ”Eurovision\” qanunlarından qat-qat yüksək sıradadır. Ümumiyyətlə, təkcə “Eurovision” deyil, idman, digər beynəlxalq yarışlar, tədbirlər keçiriləcəyi ölkənin qanunları qarşısında acizdir. İstənilən şəxs getdiyi ölkənin qanun və qadağalarına tabe olmalıdır. Qaldı ki, “Eurovision” yarışmasına, bu yarışma ildən-ilə getdikcə daha da çirkinləşir, biabırçı vəziyyətə düşür. Orda siyasi oyun, şou yaradıcılıq tələblərindən yüksəkdə dayanmağa başlayıb. Mən əminəm ki, Rusiya həmin sənətçini təsadüfən seçməyib. Ötən il Camalanın da seçilməsi təsadüfi deyildi. Siyasi məsələləri artistlərin səviyyəsində həll etmək çox çirkindir. “Eurovision” yarışmasının özü bu cür şərait yaradır ki, ölkələr bu müstəvidə də bir-birilərini qırsınlar. Son zamanlarda bu yarışma insanların qüsurları üzərində şou düzəltdi. Cinsi azlıq mövzusu, sonra da fiziki qüsurluluq. Təsəvvür edin ki, indi şikəst qızın arzuları, onun şikəstliyi var. Bu, hər iki ölkənin, habelə “Eurovision” yarışmasının rəhbərliyinin yaratdığı eybəcərliyinin nəticəsidir. Azərbaycanlılar artıq bilsin ki, “Eurovision” yarışması sənət, musiqi yarışması deyil, burada artıq siyasət və biznes faktoru var. Bunun üçün də mən o yarışmanı şəxsən boykot etmişəm\”.
Azərbaycanın “Eurovision” yarışmasının turlarında iştirak etmiş gənc ifaçı Səid İsmayılzadə də yarışmada siyasi amillər olduğunu qeyd etdi: “Məndə olan məlumata görə, Ukrayna tərəfi açıqlamışdı ki, Rusiya təmsilçisi Ukraynaya gəlmədən efir vasitəsi ilə yarışmada iştirak etsin. Lakin Rusiya tərəfi bunun qanunlara zidd olduğunu bildirib, qeyd edib ki, bütün təmsilçilər eyni səhnədə çıxış etməlidirlər. Bildiyim qədər yarışmanın qanunlarında bu cür qadağa yoxdur. Bəlkə də yeni dəyişikliklər var. Hər halda yarışmanın qanunlarına əməl etmək lazımdır. Bildiyiniz kimi bizdə bu yarışma keçiriləndə ölkəmiz Ermənistan tərəfə qadağa qoymamışdı”.
Xatırladaq ki, Ukraynada keçiriləcək “Eurovision – 2017\” yarışmasının finalı mayın 13-də keçiriləcək.

İnterpress.az