“Maliyyənin saytlara deyil, layihələrə ayrılması daha məqsədəuyğundur”backend

“Maliyyənin saytlara deyil, layihələrə ayrılması daha məqsədəuyğundur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KİVDF rəhbəri Vüqar Səfərli onlayn medianın maliyyələşəcəyi və bu zaman Azərbaycan dili ilə yanaşı, həm də əcnəbi dildə xidmət göstərən saytlara üstünlük veriləcəyini bildirib. V.Səfərlinin sözlərinə görə, buna səbəb əlavə bir neçə dildə xidmət göstərən saytların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha ciddi rol oynamasıdır.

Maraqlıdır, onlayn medianın maliyyələşməsində bu meyarın əsas götürülməsi nə dərəcədə normaldır? Maliyyələşmə prosesi bu maliyyələşmədən kənarda qalan saytlarla bundan bəhrələnən media orqanları arasında gərginlik və qarşıdurmanın yaranmasına səbəb ola bilərmi?

İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev maliyyənin konkret saytlara deyil, layihələrə ayrılmasının daha səmərəli olacağını vurğulayıb:

“Mediada bu sahədə gərginlik onsuz da mövcuddur. Təbii ki, maliyyələşmə məsələsi də buna müəyyən qədər təsir göstərəcək. Maliyyələşmə üçün elan edilən meyara gəlincə, dünyanın bir sıra dövlətlərində bu təcrübə var. Lakin bütün hallarda bunun konkret hansı prinsiplər əsasında tətbiq olunması mühüm rol oynayacaq.

Onlayn mediaya maliyyənin qəzetlərə olduğu kimi veriləcəyi, yoxsa konkret layihələrə ayrılacağından çox şey asılıdır. Əgər bu maliyyə konkret layihələrə ayrılacaqsa, bunun qarşıya qoyulan məqsədlə bağlı müsbət nəticələri ola bilər. Söhbət Azərbaycan haqqında informasiyaların yayılması və ölkəmiz haqqında yayılan qeyri-dəqiq, məqsədli informasiyaların qarşısının alınmasından gedir. Yox, əgər bu maliyyə qəzetlərə olduğu kimi bəlli bir saytlara veriləcəksə, bunun real bir səmərəsi olmayacaq, əksinə, qeyd etdiyiniz kimi, gərginliyə səbəb olacaq”.

İnterpress.az