İqtidar seçkidə “karusel”lə vidalaşır – Seçki Məcəlləsində dəyişikliklərbackend

İqtidar seçkidə “karusel”lə vidalaşır – Seçki Məcəlləsində dəyişikliklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda seçkilərdə (referendumda) iştirak qaydalarının pozulmasına görə cəzanın sərtləşdirilməsi təklif edilir. Cinayət Məcəlləsinin 159-1-ci maddəsinə əsasən, namizədlərin, partiyaların, siyası partiya bloklarının seçki kampaniyalarına müdaxilə etməsinə və ya onu pozmasına görə 200 manatdan 600 manatadək miqdarda cərimə və ya 400 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.

Təkliflə cəzanın cərimə hissəsinin miqdarı 2 min manatdan 4 min manatadək artırılır. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmaya görə cəzanın cərimə hissəsi 500 manatdan 1000 manatadəkdir. Hazırda bu məbləğin 3 min manatdan 6 min manatadək artırılması təklif olunur.
Başqalarının əvəzinə səs verilməsinə şərait yaratma əməlinə görə də cəzanın cərimə hissəsi 3 min manatdan 6 min manatadək artırılır. Hazırki qanunvericiliyə görə, bu məbləğ 5 yüz manatdan 1000 manatadəkdir.

Məcəllənin 159-cu maddəsinə də dəyişiklik təklif olunur.

Dəyişiklik layihəsində vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə maneolmaya görə cəzanın cərimə hissəsi 1500 manatdan 2 min manata qədər olması nəzərdə tutulur. Hazırda isə bu məbləğ 100 manatdan 5 yüz manatadəkdir.

Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma əməlinə görə cəzanın da cərimə məbləğinin 2 min manatdan 4 min manatadək artırılması nəzərdə tutulur. İndi bu məbləğ 2 yüz manatdan 6 yüz manatadəkdir.

Bundan başqa, layihədə vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma əməlinə görə cərimə cəzasının 2500 manatdan 5 min manatadək artırılması təklif olunur. Cinayət Məcəlləsində bu məbləğ 3 yüz manatdan 7 yüz manatadəkdir.

Nəzərdə tutulmuş əməllər ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cərimə cəzasının 5 min manatdan 8 min manatadək artırılması təklif olunur. Qanunvericiliyə görə bu məbləğ 500 manatdan 1000 manatadəkdir.
Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Təklif edilən layihə geniş müzakirələrə səbəb olub. Hər seçkidən sonra “karusel” əməliyyatları ilə ittiham olunan Azərbaycan hakimiyyətinin artıq bundan imtina etdiyi söylənilir. Sosial şəbəkələrdə də layihə ilə bağlı ikitirəlik yaranıb. Bir qisim hesab edir ki, gələcək baxımından bu layihə seçki prosesinin şəffaf olmasına kömək edəcək. Digər bir qisim də var ki, onların layihənin formal xarakter daşıyacağını, heç bir effektinin olmayacağını düşünür.

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, qərarlar seçiciyə yönəlik olmamalıdır: “Komissiya üzvlərinə yönəlik cəzalarla proses həyata keçirilməlidir. Seçici özbaşına bülleten almır, bülleten əvvəlcədən paylanılmır ki. Seçiciyə bülletenini verən komissiya üzvü seçki komissiyasının səlahiyyətli nümayəndəsidir. Bu qərarlar seçki komissiyasının üzvlərinə yönəlik olsaydı, o zaman deyərdim ki, hakimiyyət ”karusel\”dən imtina edir, demokratik seçkiyə şərait yaratmaq istəyir, sistemi dəyişmək niyyətindədir. Seçiciyə yönəlikdirsə, burada nəyinsə olacağına ümid etmək olmaz. Hətta seçicinin adından imza atıla belə, biz də bildirsək ki, seçici seçkiyə gəlməyib, əvvəlcədən bələdiyyə, müəllimlər, YEK, yaxud icra hakimiyyətinin nümayəndələri həmin seçicinin evinə gedəcəklər, o da məhkəməyə gəlib özünün imza atdığını deyəcək. Hakimiyyət seçki saxtakarlığını durdurmaq istəyirsə, yeni sistemə keçmək niyyəti varsa, dairə və məntəqə seçki komissiyalarının üzvlərinə yönəlik qərarlar qəbul etməlidir. Birinci şərt onların yerli strukturlardan asılılığını azaltmaqdır. Təxminən 35 minə yaxın dairə və məntəqə üzvü var. Bu şəxslər beş il müddətində heç bir vəzifə daşıya bilməz, başqa işlərlə məşğul olmamalıdırlar. Onlar maaşla təmin olunmalıdırlar. Bunun müqabilində onların üzərinə məsuliyyət qoyulmalıdır. Bülleteni vermə, barmaq mürəkkəbləmə, imza atdırma, müşahidə aparma və bu kimi işlərlə bağlı onlar məsuliyyət daşımalıdırlar. O zaman insanların seçkiyə münasibətləri dəyişir. Seçkini saxtalaşdıranı kənarda qoyub, seçkinin nəticələrinə heç bir təsiri olmayan bir şəxsi yalandan cinayət məsuliyyətinə cəlb etməyin nə mənası var ki? Açığı, məntəqə üzvlərində də günah görmürəm. Özümlə bağlı onu deyə bilərəm ki, onlar protokolları imzalayıb verdilər. Amma Məzahir Pənahov mənim dairəmdə seçkiləri saxtalaşdırdı. Əlimdə olan protokollara paralel protokollar yazıldı. Burada indi seçici nə etsin? Bu baxımdan, bu layihənin hər hansı bir dəyişikliyə səbəb olacağını düşünmürəm. Bu qanunu faktiki olaraq, sonradan müxalifətə yönəldəcəklər\”.

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, dəyişikliklərdə yenilik yoxdur: “Burada mövcud olan cəzaların nisbətən sərtləşdirilməsindən söhbət gedir. Məsələn, dünənə qədər seçkidə bu və ya digər formada saxtakarlıq etmiş insanı 500 manat cərimələməli idilərsə, bu gün 1000 manat cərimələyəcəklər. Əsl məsələ bu cəzaların ağırlaşdırılmasında və ya yüngülləşdirilməsində deyil, əsl məsələ bu qanunların işləyib-işləməməsindədir. Lap ehtimal etsək ki, burada məsələ saxtakarlığın qarşısını almaqdır, o zaman sual meydana gəlir ki, indiyə kimi köhnə qanunla kimsə heç olmasa 1 manat cərimələnib? Burada əsas olan qanunun işləməsində maraqlı olan siyasi iradənin olmasıdır. Belə bir siyasi iradə sərgilənərdisə, köhnə cəzalarla da kifayət qədər demokratik və şəffaf seçki keçirmək olardı. Qanunda belə hallara görə cəzaların ağırlaşdırılmasının sadəcə 1 mənası var, o da beynəlxalq aləmi aldatmaq və onlara guya özlərinin demokratik seçkilərdə maraqlı olduqlarını nümayiş etdirməkdir. Odur ki, mən bu dəyişiklikləri imitasiya və baş qatmaq kimi görürəm”. (musavat)

İnterpress.az