Surətin xəyanəti, Həmidovun xəritəni bilməməsi…backend

Surətin xəyanəti, Həmidovun xəritəni bilməməsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1993-cü il aprelin 2-də Kəlbəcər, 1936 kvadrat kilometr ərazisi olan bir rayon düşmən tərəfindən işğal olundu.

70 minə yaxın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 59 rayonuna səpələnib.

Kəlbəcərin işğalı zamanı 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb, girov götürülüb, Azərbaycana 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmələrinin Rusiyanın köməyi ilə 1993-cü il martın 27-də həm Ermənistan, həm də işğal olunmuş Ağdərə rayonu istiqamətindən başlayan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə nəticələnib.

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kənd, minlərlə tarixi-mədəniyyət abidəsi, bir muzey, \”İstisu\” sanatoriyası Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevirilib.

Kəlbəcərin itirilməsi Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla da, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.
Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

İnterpress.az xəbər verir ki, Modern.az saytı Kəlbəcərin növbəti işğal ildönümü ilə bağlı silsilə yazılar təqdim edir.

İşğal ərəfəsi günlərdə rayonda ictimai, siyasi, sosial, psixoloji, hərbi vəziyyət necə idi?..

Budəfəki müsahibimiz 1990-cı illərdə Bakıda yaşayan kəlbəcərli ziyalıların Kəlbəcərə kömək məqsədilə yaratdıqları “Murovdağ” xeyriyyə cəmiyyətinin sədri Yusif Əhmədovdur. O, 1993-cü ilin 1 aprelini ürək ağrısı ilə xatırlayır.

Kəlbəcərlə bağlı yanlış məlumatlar yayılırdı

1993-cü ilin 1 aprelində Kəlbəcərdə vəziyyət olduqca gərgin idi. O vaxt kəlbəcərli ziyalılar insanlara kömək etmək üçün “Murovdağ” Xeyriyyə Cəmiyyəti yaratmışdılar. Həmin cəmiyyətin sədri də mən idim. “Murovdağ” cəmiyyətində respublika rəhbərliyi ilə əlaqə saxlayıb Kəlbəcərdəki durumu düzgün şəkildə çatdırırdıq. Çünki o vaxtlar Kəlbəcərlə bağlı yanlış məlumatlar çox yayılırdı. Ona görə də bizim vasitəmizlə Kəlbəcərdən dəqiq məlumatların respublika rəhbərliyinə çatdırılması məsləhət görüldü.

Azərbaycan Tibb Univesitetinin dosenti, cərrah Bəhram Sarıyevlə mən respublika rəhbərliyi ilə əlaqələrin qurulmasında fəal iştirak etdik. Onu da deyim ki, həmin vaxtlarda rayon rəhbərliyi öz kresloları xətrinə yuxarıdakı hakimiyyət nümayəndələrini aldadaraq vəziyyətin yaxşı olması barədə məruzə edirdilər. “Narahat olmayın, Kəlbəcərdə vəziyyət normaldır”.

Heç də belə deyildi. Biz isə vəziyyətin gərginliyi ilə bağlı respublika rəhbərliyinə məlumatlar ötürürdük.

Daxili işlər naziri Kəlbəcərin xəritəsini tanımırdı

Yusif Əhmədov deyir ki, Kəlbəcər o zaman tənha adanı xatırladırdı:

-Hər tərəfdən mühasirəyə alınmışdı. Qənizadə soyadında hərbçi vardı. O vaxtlar general Zaur Rzayev Kəlbəcərdə yaxşı hörmət sahibi idi. Bütün Kəlbəcər əhli onun xətrini çox istəyirdi. Ermənilər tərəfindən işğal olunmuş Laçın rayonunun kəndlərini geri almışdı. Nədənsə Zaur Rzayevi çıxarıb yerinə Qənizadəni gətirdilər. Qənizadə isə öz növbəsində Kəlbəcərlə düşməncəsinə rəftar etdi. Kəlbəcərdə bizə dedi ki, “Siz kimsiniz.

Hərbdən də başınız çıxmır. Burdan gedib Ağdərəni də götürəcəm”. Onun dediklərindən bir neçə saat sonra erməni tankları BTR-ri ilə birlikdə həmin yerdən Kəlbəcər istiqamətində hərəkət etdilər. Həmin vaxt dərhal o zamankı Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə zəng edib durumu anlatdıq. İşə baxın ki, daxili işlər naziri (İsgəndər Həmidovu nəzərdə tutur-N.B) Kəlbəcərin xəritəsini tanımırdı.
Durumu bildirəndə bizə dedi ki, ermənilər Gorusun hansı tərəfindən atəş açırlar? Bu zaman Kəlbəcər barədə çox yaxşı “məlumatlı” olduğunu dedim. Hansı ki, Kəlbəcər Gorusla yox, Basarkeçərlə sərhəd idi. Ermənilər də Basarkeçər istiqamətində hücum edirdilər.

Surətin xəyanəti, Həmidovun xəritəni bilməməsi...

Həmin vaxt İsgəndər Həmidov təyyarələrin səmaya qalxacağı sözünü verdi. 8 saat gözləsək də, təyyarələr səmaya qalxmadı. Sonra məlum olub ki, pilotlar qorxularından səmaya qalxa bilməyiblər. Orada olan hərbçilər BTR-ə minib getmək istəyəndə özümü tankın qabağına atdım. “Hara qaçırsınız?! Onlardan bir ikisinın cavabı belə oldu. “Mən gəncəliyəm. Kəlbəcərdə nə işim var. Ölürəm axı!” Bu formada qoşunların bir hissəsi Kəlbəcərdən getdi.

Surət Hüseynov hakimiyyət nümayəndələri ilə niyə küsülü idi?!

Surətin xəyanəti, Həmidovun xəritəni bilməməsi...

Müsahibimiz bildirir ki, Surət Hüseynov istəsə idi, Kəlbəcərin işğal olunmasının qarşısını ala bilərdi.

-Surət Hüseynovun Kəlbəcərdə postları vardı. Biz də həmin vaxtlarda Surət Hüseynovla əlaqə saxlamaları üçün postlara müraciət etdik. Dərhal Surət Hüseynova zəng edib onunla əlaqə yaratdılar.

Sevindim ki, o, Kəlbəcərə kömək edəcək. Amma proses başqa formada davam etdi. Surət Hüseynov rəhbərlikdən küsdüyünü əsas gətirərək dedi ki, ordusunu götürüb Kəlbəcərdən çıxır. Kəlbəcəri gəlib özləri qorusun.
Məni bəyənmirlər. Əgər qoruya bilməsələr, heç narahat olmayın. Kəlbəcəri 2 günə özüm alacaq.
O, çox kinli adam idi.

Görünür, vəzifədən uzaqlaşdırılmasını həzm edə bilmirdi. Digər tərəfdən də itirilən rayonu geri almaq müşkül məsələ idi. Həm də Surət Hüseynov maddi cəhətdən yaxşı imkanlara malik idi.
Öz hərbçilərinə, onların ailələrinə maddi kömək edirdi. Pulu çox olduğundan qoşun üzvləri onun başına and içirdi.

Açığını deyim ki, Surət Hüseynov istəsə idi, Kəlbəcərin işğal olunmasının qarşısnı ala bilərdi, nəinki ona şərait yaratmaq…

Kəlbəcərdə Xocalı soyqırımı təkrarlana bilərdi

Kəlbəcərdəki vəziyyətdən danışan şahid deyir ki,1993-cü ilin 1 aprelində rayonda durum o qədər gərginləşmişdi ki, rayon sakinləri ərzaq barədə düşünmürdü.

-Hər bir kəlbəcərlinin içində ata-baba yurdlarını itirilmək qorxusu vardı. Demək olar ki, boğazlarından bir tikə çörək güclə keçirdi. Düzdü, Kəlbəcərdə ərzaq çatışmazlığı vardı. Amma aşırı dərəcədə hiss olunmurdu. Bəzi ərzaq növləri Bakıdan və Yevlaxdan gətirilirdi. Həmin ərzaqlarla bağlı qıtlığın olması normal idi.
Çünki 4 bir tərəfdən mühasirədə olan rayonun qida probleminin olması mümkün idi. Amma rayon sakinləri təsərrüfatla məşğul olduqlarından kənd məhsullarından qıtlıq çəkmirdilər. Süd, qatıq, yağ, pendir vardı. Kəlbəcərliləri torpaq və insan itkisi narahat edirdi. Dua edirdilər ki, bircə Xocalı faciəsi Kəlbəcərdə törədilməsin. Açığı deyim ki, vəziyyət elə idi ki, Kəlbəcərdə Xocalı soyqırımı təkrarlana bilərdi. 1992-ci ilin 8 aprelində Ağdaban hadisələri törədilmişdi. Sadəcə, miqyasına görə Xocalıdan geri qalırdı. Əslində, elə Ağdaban faciəsi də Xocalının tayı idi. Həmçinin, 1993-cü ildə Kəlbəcərdə elektrik enerjisi yox idi. Martın 30-da artıq telefon əlaqəsi də kəsildi. Əlaqə saxlaya bilmirdik.

Kəlbəcərin işğal olunmasında Rusiyanın rolu. İlk səfir nələri dedi?

Yusif Əhmədovun sözlərinə görə, Kəlbəcərin işğal olunmasında Rusiyanın da rolu vardı.

-Təxminən aprelin 3-ü ya da 4-də Bakıdakı indiki Hilton otelinin qarşısına toplaşdıq. O vaxt ora Azərbaycan mehmanxanası idi. Həmin yerdə Rusiyaya qarşı kəlbəcərlilərin mitinqini təşkil etmişdik. Mitinqi idarə etməyi mənə həvalə etmişdilər. O vaxtkı Rusiyanın Azərbaycandakı səfiri Valter Şonya (Rusiyanın Azərbaycandakı ilk səfiri-NB) idi.

Onu çağırdıq ki, gəlib mitinqdə bizə cavab versin. Bilək ki, Kəlbəcərin işğal edilməsi ilə bağlı niyə Rusiya Ermənistana köməklik edib?!. Daha sonra səfirin nümayəndəsi mitinqə gələrək dedi ki, səfir sizin xahişinizə görə bura gələ bilməyəcək. Ancaq 5 nəfəri qəbul etmək istəyir. Səfirlə görüşdə mən də iştirak etdim.
Dedim ki, niyə Kəlbəcərin işğal edilməsində ermənilərə kömək etdiniz?. Niyə torpaqlarımızı alıb onlara verirsiniz. Məqsədiniz nədir?! Səfirin cavabı isə belə oldu. SSRİ dağılıb. Biz də həm Ermənistanın, həm də sizin payınızı vermişik. Heç nəyə qarışmırıq. (Səfir, SSRİ dağılandan sonra qoyub getdikləri silahları nəzərdə tuturdu-N.B). Azərbaycanda qoyub getdiyimiz tankların lüləsini kəsib özünüz üçün su çəkdirmisiniz.

Ermənilər isə onu yağlayaraq sizə qarşı hazırlayıb tank kimi istifadə edirlər. Gedin! Öz cəzanızdır. Çəkin! Rusiyanı günahlandırmayın! Günah özünüzdədir. Biz heç kimə kömək etmirik. Əlbəttə, rusiyalı səfir həqiqəti boynuna almadı.

İnterpress.az