Bıçaqlanan polis mayoru: “Anamın göz yaşları yadımdadır”backend

Bıçaqlanan polis mayoru: “Anamın göz yaşları yadımdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərərmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində polis mayoru Namiq Abdullayev sərbəst ifadəsində ilk olaraq bunları danışıb:

\”Kafedə dostlarla oturanda sonradan tanıdığım Əhmədyar Məhərrəmov içəri girdi. O, bir masada oturub söyüş söydü, ağzına gələni danışırdı. Kafe mənim qardaşımındır. Oranı işlədən isə mənik uşaqlıq dostum Kamil idi. Əlimərdan Kamillə mübahisə edib, söyüş söyürdü. Mən ona yaxınlaşdım. Nə məsələ olduğunu soruşub, özümü təqdim etdim. Vəsiqəmi də göstərdim. İçkili idi. Əl atıb telefonumu əlimdən almaq istədi. Mən də özüm başa düşmədim ki, bu adam nə edir? Mən onunla bağlı tədbir görülməsi qərarına gəldim. Fənd işlədərək telefonumu əlindən aldım. Dostum Kamillə qolundan tutub çölə çıxardım. Çölə çıxanda qarşımıza sonradan tanıdığım Əli Həsənov çıxdı. Mənə \”qardaşım, nə olub?\” deyə müraciət etdi. Mən də dedim ki, sən kinsən ki, gəlib burada polisin işinə müdaxilə edirsən? Yoxsa bununla əlbirsən? Əhmədyar kafeyə gəlib Kamildən əvvəl \”adaptr\” istədi, sonra da pul tələb edirdi. Dedim sən də bununla birlikdəsən? Yenə \”qardaşım, qardaşım\” deyib müdaxilə edirdi. Dedim ki, mən sənin qardaşın deyiləm, get qardaşını evində axtar. Bu sözü necə başa düşdüyünü, necə anladığını bilmirəm\”.

Hadisənin davamında bu sözləri işlədən polis mayoruna Əli Həsənov başla zərbə endirib.

Əli Həsənov isə məhkəmədə deyib ki, Namiq Abdullayevin polis olduğunu bilməyib: \”Mən qardaşım deyə müraciət etdim. Dedi ki, \”qardaşının kim olduğunu evdəkilərindən soruş\”. Davamını da demək istəmirəm\”.

Davaya polis mayorunun dostu Kamil müdaxilə edərək Əli Həsənovu tutub.

Polis mayoru sonra baş verənlər haqda danışarkən qeyd edib ki, mübahisənin davamında Əli Həsənov əlini bıçağa atıb: \”Əli polisin işinə müdaxilə etdi. Dostu Əhmədyarı əlimdən almaq istəyirdi. Mübahisə olanda hiss etdim ki, məni kimsə vurdu. Amma görmədim. Mən kafeyə qayıdıb telefonumu götürmək istəyirdim ki, \”102\”yə məlumat verim. Çünki o artıq polis əməkdaşına əl də qaldırmışdı. Qapıda qarşıma dostum Arif çıxdı. Mənə dedi ki, \”səndən qan axır\”. Ona qədər hiss etmirdim ki, bıçaqlanmışam. Gördüm ki, üstüm qandı. Köynəyi qaldıranda baxdım ki, qarnımdan qan axır. Qolumu qaldıranda isə dəhşətli qan axdığını gördüm. Yenə də özümü itirmədim. Geri döndüm. Baxanda gördüm ki, Əli Həsənovun əlində bıçaq var və qandır. Kamil də baxdı ki, ayağı qandı. Sonra yenə dava olub. Orada Arif də bıçaqlanıb. Biz tez xəstəxanaya getmək istədik. Mənim qolumu bağladılar ki, qan axmasın. Ətrafda olan bir nəfər yaxınlaşdı ki, maşını sürsün. Artıq məndən xeyli qan axmışdı\”.

Daha sonra dövlət ittihamçısı Orxan Kəngərli polis mayoruna sual verib.

Dövlət ittihamçısı davanın videogörüntülərinin olduğunu və təqsirləndirilən Əlimərdan Məhərrəmovun döyülərək kafedən çıxarıldığını bildirib. Bu haqda zərərçəkmiş polis mayoru Namiq Abdullayev suala cavab verərkən deyib ki, Ə.Məhərrəmova fiziki güc tətbiq etməyiblər: \”Mən ona fənd işlədib telefonumu aldım. Əlavə heç bir fiziki güc tətbiq etməmişəm\”.

Polis mayoru onu da qeyd edib ki, ölümdən dönsə də təqsirləndirilən hər iki şəxsi bağışlayıb: \”Mən əməliyyatlarda iki dəfə yaralanmışam. Bu dəfə qolumdan dəyən bıçaqdan sonra 2,5 litrdən artıq qan itirmişdim. Mən bədənimdə olan qanın yarısını itirmişdim və özümdə deyildim. \”Semoşka\”ya ağır vəziyyətdə çatdırıldım. Məni Allah qurtardı. İndi şükür edirəm ki, sağam. Bu şəxslərdən şikayətim yoxdur. Hadisədir olub. Hər iki şəxs qanuna uyğun olaraq cəzalarını alacaqlar. Bir də mən şikayət edib onların cəzasını artırmaq istəmirəm. Bununla heçnə əldə etməyəcəm\”.

Sonda polis mayoru məhkəmədən xahiş edərək növbəti dəfə prosesə gəlmək istəmədiyini deyib: \”Mən şikayətçi deyiləm. Qanunverciliyə uyğun olaraq nə cəza olacaqsa, olsun. Məhkəçənin mülahizəsinə buraxıram. Sizdən xahiş edirəm ki, bir daha məhkəmə gəlməyim. 37 yaşım var. Hər dəfə bu hadisəni xatırlayanda psixoloji sarsıntı keçirirəm. 2 dəqiqədə 37 illik həyatım gözlərimin qarşısına gəldi. 70 yaşlı anamım göz yaşlarını xatırlayıram, 3 övladımı xatırlayıram. Bir daha bunları xatırlamaq istəmirəm. Hadisədir oldu. İndi şükür edirəm ki, sağam\”.

Hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib.

Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.

Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içkili olub. Məhərrəmovla kafeni işlədən Kamil Məsimobla aralarında mübahisə olub. Polis mayoru N.Abdullayev yanında olan şəxslərıə Ə.Məhərrəmovu obyektin qarşısına çıxarıb.

Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov mübahisəyə qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Məhərrəmov və Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə bıçaq xəsarətləri yetirərək ərazidən qaçıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir.

Növbəti məhkəmə prosesi aprelin 11-nə təyin edilib. (musavat)

İnterpress.az