Peterburq terroru: Kimlər edib, məqsəd nədir?backend

Peterburq terroru: Kimlər edib, məqsəd nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xüsusi xidmət orqanları Sankt-Peterburq metrosunda qanlı olayı törətməkdə şübhəli bilinən şəxsin 1995-ci ildə Qırğızıstanda anadan olmuş, Rusiya vətəndaşı Ekbercan Cəlilov olduğunu təsdiqləyib.
Məlumata əsasən metroda partlayıcı qurğunu Suriya silahlıları ilə əlaqəsi olan kamikadze-terrorçu işə salıb. Onun qurğunu ya bel çantasında saxladığı, ya da əlində tutduğu ehtimal olunur.

Rusiyadakı terror dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Terror aktının hansı məqsədlə törədilməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Birinci versiya, terror aktını Rusiyanı cəzalandırmaq istəyən bəzi dairələr törədib. İkinci versiya isə hadisənin Rusiya rəhbərliyi tərəfindən törədilməsi haqdadir. Qərb ekspertlərinin irəli sürdüyü ikinci versiya bir o qədərə də inandırıcı və real görünmür.

Azərbaycanlı siyasi ekspertlər bu barədə nə düşünürlər?

Politoloq Qabil Hüseynli hesab edir ki, terror Rusiyaya göz dağı vermək istəyən qüvvələrin işidir: “Şübhə etmirəm ki, İŞİD bəyanat verəcək ki, bu, bizim işimizdir. Rusiya Suriyada çox böyük səhvlərə yol verib. Hələb və İdlib şəhərlərinə hava bombardımanları nəticəsidə xeyli insan qırılıb. Ola bilsin ki, terrorçular bunun qisasını almaq istəyiblər. Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib”.

Q.Hüseynlinin fikrincə, Rusiyada ölkəboyu mitinqlərin başlaması və ardınca terror aktının törədilməsi göstərir ki, siyasi rəhbərlikdən əhalinin böyük qismi narazıdır: “Narazılıqlarla yanaşı, Rusiyanı qarışdırmaq istəyən müəyyən dairələr var. Bunların kim olduğunu söyləmək çətindir. Amma, bu terror Rusiya üçün bir siqnaldır. Qonşu Rusiya nəticə çıxarıb, başqa yerlərdə müxtəlif avantüralara getməməlidir”.

Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, metroda terror törətməkdə məqsəd əhalini və hökuməti qorxutmaq, sabitliyi pozmaqdır: “Bunu Rusiyanın düşmənləri edə bilər. Amma, hələlik kim edib, bilinmir. İstintaq yekunlaşdıqdan sonra terror aktını kimin törətdiyi bəlli olacaq.

Doğrudur, bəzi axmaq fikirlər səsləndirilir ki, cəza tədbirlərini sərtləşdirmək üçün guya hadisəni Putin özü törətdirib. Bu baltanı götürüb şüurlu şəkildə ayağına vurmağa bənzəyir. Mənasız, cəfəng yanaşmalardır. Çünki, bu hadisə birbaşa Putinin şəxsinə qarşı yönəlib. Hesab edirəm ki, bu terroru Rusiyanın düşmənləri edib”.

Rusiya hakimiyyətinə yaxın olan ekspertlər isə hesab edirlər ki, metrodakı terror Qərb güclərinin sifarişi ilə törədilib. Digər versiya ilə İŞİD-lə bağlıdır. (azvision.az)

İnterpress.az