ANS-lə bağlı daha bir müəmmabackend

ANS-lə bağlı daha bir müəmma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. AzadlıqRadiosunun yaydığı məlumatda qeyd olunur ki, şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib.

Eyni zamanda ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.

Onu da qeyd edək ki, son günlər ANS-in rəhbərliyi arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yaymışdı. Bəyanatda bildirilirdi ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur.

Yayılan xəbərə münasibət öyrənmək və məlumatı dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri olmuş Mais Məmmədovla əlaqə saxladıq. İnterpress.az-ın məlumatına görə, M. Məmmədov “Yeni Müsavat”a bildirdi ki, məsələdən xəbərsizdir: “Mən yayılan xəbərdən məlumatsızam. Avropa Məhkəməsinə müraciət məsələsinə gəlincə isə bu barədə də heç bir fikrim yoxdur. Ümumiyyətlə, ANS-lə bağlı hansı işlərin görülməsindən xəbərim yoxdur”.

ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru olmuş Sevda Həsənova ilə də əlaqə saxladıq. S. Həsənova da oxşar fikirlər səsləndirdi: “Bu barədə məndə məlumat yoxdur. Xəbərin AzadlıqRadiosunda yayıldığını deyirlər. Radionun saytına isə daxil olmaq mümkün deyil”.

ANS-in digər rəhbər şəxsləri ilə əlaqə cəhdimiz baş tutmadı.

Sosial şəbəkələrdə də bu məsələ istifadəçilər tərəfindən müzakirəyə çıxarılıb. Bəzi istifadəçilər yazırlar ki, hər zaman vətənpərvərlikdən danışan ANS-in rəhbərləri indi Avropa Məhkəməsinə müraciət edir. Digər bir qisim isə hesab edir ki, bu addım hökuməti daha da qıcıqlandıracaq.

Telejurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a mövzu ilə bağlı bildirib ki, bu məsələdə ANS-in rəhbərliyini qınamaq doğru deyil: “Ümumilikdə, bu proses çox mürəkkəb bir prosesdir. Əlbəttə ki, Azərbaycanda heç kim qəzetin və ya televiziyanın bağlanmasını istəməz. Avropa Məhkəməsinə müraciət etmək isə hesab edirəm ki, vətənə xəyanət anlamına gəlmir. Çünki insanlar belə hesab edirlər ki, əgər pozulmuş hüquqları yerli məhkəmə bərpa edə bilmirsə, bunu Avropa Məhkəməsi həll edə bilər. Məncə, bu, sadəcə olaraq, bir prosedurdur. Şəxsən bu prosedurun bir faydasını görməsəm də, heç kimi də Avropa Məhkəməsinə müraciət etməsinə görə qınamaq olmaz. Belə hesab edirəm ki, ANS-in bağlanması hüquq məsələsi deyil. Ona görə də problemin hüquqi yolla da həll olunması bir qədər çətin məsələdir. Hər kəsə məlumdur ki, ANS hansı səbəbdən bağlanıb. Bu baxımdan, hüquq yolu ilə kanalın açılmasına nail olmaq cəhdi hüququn nə dərəcədə təsirli olmasını yoxlamaqla əlaqədar ola bilər. Məsələ ilə bağlı insanların da fikirlərinin birmənalı olmaması onunla əlaqəlidir ki, əvvəldən hüquq yolu ilə həll kursu götürülməyib. Azərbaycanda məhkəmələrin durumu, qərarların necə qəbul olunması da çoxlarına bəllidir. Digər tərəfdən də ANS-çiləri də anlamaq olar ki, onlar kanalın açılmasını istəyirlər və bu yolu götürüblər. Bunun sonu necə olacaqsa, indidən söyləmək çətindir”.

Q.Məhərrəmli bildirib ki, bu addım hökuməti, eləcə də bəzi şəxsləri qıcıqlandıra bilər: “Əlbəttə ki, bu addım hökuməti, müəyyən adamları, ANS əleyhdarlarını qıcıqlandıra bilər. Yaxşı, bəs bu qıcıq nə verəcək? ANS onsuz da efir məkanından məhrum olub, arxivlərinə də yaxın düşə bilmirlər. Ona görə də məhkəməyə müraciət edirlər. Qıcıqlandırma məsələsi bir qədər hissi məsələdir. Yəni bu addım qıcıqlandırıb daha pis nəticələrə səbəb olur, yaxud da indiki halda nə əldə olunur, deyə bunları götür-qoy etmək lazımdır. Götür-qoy etdikdə problemin həllinin daha da mürəkkəb bir mərhələyə qədəm qoyduğunu görürük”.

Yada salaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə ötən il 15 iyul hadisələrindən sonra ANS-in efirində Fətullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.

Teleradio Şurası ANS-ÇM radiosunun da lisenziyasını ləğv edib. ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

İnterpress.az