Deputatlar ÜAK-la bağlı problemə görə Moskvaya getmək istəyirlərbackend

Deputatlar ÜAK-la bağlı problemə görə Moskvaya getmək istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Rusiya Ali Məhkəməsinin qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.

Xatırladaq ki, ÜAK mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və konfransda Rusiya prezidenti Vladimir Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın bütün qurultaylarına təbrik məktubları göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.

Ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər orqanlarına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib. Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Qurumun vitse-prezidentləri sırasında da kifayət qədər tanınmış şəxslər yer alıb. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir. Qeyd edək ki, son qurultayda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi də iştirak edib.

Siyasi ekspertlər bildirir ki, Rusiyadan son zamanlar Azərbaycana müxtəlif yollarla psixoloji təzyiq göstərildiyi sezilir. İndi də ÜAK-ın qeydiyyatı məsələsinin ortaya atılması təzyiqin daha bir forması sayıla bilər. Burada Rusiyada güc sahibi olan ermənilərin də rolu var. Ermənilər bu istiqamətdə ruslara təsir göstərir və ruslarda bu təşkilatın guya Rusiya xeyrinə olmayan əməllərdə bulunduğu rəyini yaratmağa çalışırlar. Görünür, Rusiyanın müəyyən rəsmi dairələri də bu təbliğatın təsiri altına düşürlər.

İnterpress.az xəbər verir ki, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü deputat Fazil Mustafa məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. F.Mustafanın sözlərinə görə, ÜAK Azərbaycanın güclü diaspora təşkilatıdır. Belə bir təşkilatın qeydiyyatının ləğvi məsələsinin gündəmə gətirilməsi xoş niyyətlərin olmamasından xəbər verir və narahatlıq yaratmaya bilməz. Azərbaycanda rus icmaları ilə bağlı heç bir problem yaradılmır. Əslində ən çox dəstək verdiyimiz qurumlar sırasında Azərbaycandakı rus icması və rusların digər qurumları yer alır. Azərbaycanda rus icmasının rəhbəri parlamentin deputatıdır. Halbuki Rusiya parlamentində bir nəfər də olsun azərbaycanlı yoxdur.

İndi ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin gündəmə gətirilməsi bizim dostluq jestlərimizə qarşı Rusiya tərəfindən atılan müəyyən narahatedici addımlardır. Hakimiyyət səviyyəsində bu məsələnin həllinə çalışmaq lazımdır. Ən azı məhkəmədə qeydiyyatın ləğvi iddiasının əsaslı olmadığını ortaya qoymaq və diaspora təşkilatlarımızı canlandırmaq lazımdır ki, yaradılan problemə etirazlar ortaya qoyulsun. Əks halda, bir pis presedentin əsası qoyulacaq, istənilən vaxt azərbaycanlıların təşkilatlanmasına imkan verilməyəcək müəyyən maneələrin yaradılması mümkündür.

Odur ki, bu məsələyə barmaqarası, sadə məsələ kimi baxmaq tamamilə yanlış və zərərimizə olardı. İstər Diaspora Komitəsi, istər Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı çox sərt mövqe bildirməlidir və ciddi aparılmalıdır. Rusiya səfirinin və Moskvanın diqqətinə çatdırılmalıdır ki, bu, gələcəkdə yaxşı tendensiyanın əsasını qoymur, Azərbaycandakı rus icmasına münasibətə göstərilən münasibətə adekvat addım deyil. Bəlkə bu yolla müəyyən təsir göstərmək mümkün oldu\”.

F.Mustafa onu da qeyd etdi ki, Rusiya parlamenti ilə dostluq qrupunun üzvlərinin spikerin müavinlərindən birinin rəhbərliyi ilə Moskvaya ezam olunması təklifləri müsbət təklifdir: “Bu addımın atılması da faydalı ola bilər. Ən azı bunu etmək lazımdır. Ümumiyyətlə, bütün mümkün vasitələrdən istifadə edilməlidir. Rusiya parlamentariləri ilə iş aparmaq lazımdır, ən azı Rusiya parlamentində məsələyə etiraz bildirən mövqelər səslənməlidir. Orada görüşlər keçirib ÜAK-ın qeydiyyatının ləğvinin mənasız və iki ölkənin münasibətlərinə soyuqluq gətirəcək bir addım olduğunu diqqətə çatdırmaq lazımdır. Bu vacibdir”.

İnterpress.az