İqbal Ağazadədən müxalif birliklərə mesajbackend

İqbal Ağazadədən müxalif birliklərə mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən aktivliyi ilə seçilən partiyalardan və siyasi liderlərdən olan Ümid Partiyası və onun sədri İqbal Ağazadənin əvvəlki dinamikliyi bir qədər səngimiş kimi görünməkdədir. Ümid Partiyasının hazırda fəaliyyətinin nədən ibarət olduğu və digər məsələlərlə bağlı İqbal Ağazadəyə suallar ünvanladıq.

İqbal Ağazadə bildirdi ki, 2018-ci ilin birinci yarısında partiyanın qurultayını keçirmək nəzərdə tutulub. Ona görə də indi partiyanın strukturları qurultayla bağlı konfranslara hazırlaşır. Bununla bağlı partiyanın mərkəzi qərargahında mütəmadi müşavirələr keçirilir. O cümlədən rayonlara səfərlər olur. Partiyaya yeni üzvlərin cəlb olunması prosesi də gedir.
Partiyanın əvvəlki aktivliyinin azalmasına gəldikdə, İ.Ağazadə qeyd etdi ki, ölkədə ictimai-siyasi proseslər bir qədər süst olduğundan buna görə də ümumən müxalifətin səsi möhkəm çıxmır. Proseslər bir əvvəl devalvasiyanın ilk dönəmindəki kimi dinamik deyil.

Digər müxalif qüvvələrlə Ümid Partiyasının əlaqələrinin, əməkdaşlığının nə yerdə olduğuna gəlincə, İqbal Ağazadə açıqlama verdi ki, bir sıra partiyalarla bu və ya digər şəkildə əlaqələri olur, amma Ümid Partiyası heç bir birlikdə deyil: “O birliklərin də hesab etmirəm ki, bugünkü gündə cəmiyyətin ümumi əhval-ruhiyyəsinə də, baş verən proseslərə də təsir imkanları geniş olsun. Buna görə də həmin birliklərdə təmsil olunmuruq”.

“Təkbaşına fəaliyyət nə zamana qədər davam edəcək” sualına isə Ümid sədri belə cavab verdi: “Ümid Partiyası hakimiyyətə gələnədək davam edə bilər. Eyni zamanda qarşıdakı dönəmlərdə ictimai-siyasi vəziyyətə baxacağıq və situasiyaya uyğun qərar vermək mümkündür. Hələlik hansısa partiya və birliklərlə bir yerdə təmsilçiliklə bağlı qəti qərarımız yoxdur”.

“Ümid Partiyasının yürütdüyü siyasi xətti, strategiya və taktikanı daha çox ölkədəki hansı partiyaların siyasi xəttinə və taktikasına yaxın hesab etmək olar” sualını isə İ.Ağazadə belə cavablandırdı: “Azərbaycanda vəziyyət belədir ki, ənənəvi partiya bölgüləri, strategiyası yoxdur. Azərbaycanda hamı baş verən problemlərin, hadisələrin arxasınca qaçmağa çalışır. Bundan istifadə edib seçiciyə səslənmək istəyir. Çünki KİV-lə və digər yollarla seçiciyə bilavasitə müraciət ünvanlamaq və seçici ilə görüş imkanları məhduddur. Ona görə də hamı cari hadisələrdən yapışır, hamı eyni məsələləri deyir, bəzən hətta eyni cür ifadə edir. Ona görə də bu gün oxşarlıqlar və ya fərqliliklər axtarmağa dəyməz”.

İqbal Ağazadə bugünlərdə aktuallaşan partiyaların MSK-ya illik maliyyə hesabatı verməsi məsələsindən də danışdı və bildirdi ki, Ümid Partiyası hesabatı təqdim edib. Açıqlanan siyahıda Ümid Partiyasının adının nə üçün olmadığına isə cavabdeh qurum olan MSK aydınlıq gətirməlidir: “Mən niyə belə olduğu ilə maraqlanmıram. Onlar maraqlanmalıdırlar ki, hesabat təqdim edən partiyaların adları nə üçün siyahıda yer almayıb. Biz hesabatımızı vermişik və kifayət qədər ciddi, professional hesabatdır”.

“Keçmiş müttəfiqiniz Sərdar Cəlaloğlu bildirib ki, MSK-nın partiyalardan maliyyə hesabatı tələb etməsi məntiqsizlikdir, eyni zamanda dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb edilməsi düzgün deyil. Sizin bu məsələyə münasibətiniz necədir” sualına isə İqbal Ağazadə belə cavab verdi: “Hüquqi şəxsin hər biri haradan maliyyələşməyindən asılı olmayaraq hesabat verməlidir. Hüquqi şəxs status alıbsa, onun maliyyə hesabatı da olmalıdır, boş olsa belə xətt çəkib hesabatı təhvil verməlidir. Orada nə yazılması önəmli deyil, önəmlisi sənəd təhvil verilməlidir və bu, hüququn prosedurudur. Amma qeydiyyatdan keçmiş siyasi partiyaların maliyyə hesabatı verdiyi qurum Mərkəzi Seçki Komissiyası olmamalıdır. Mən bunu parlamentdə də dəfələrlə demişəm ki, MSK hansı əsasla siyasi partiyalardan illik maliyyə hesabatı götürməlidir?! Maliyyə qurumudur, vergi qurumudur MSK?! MSK-nın siyasi partiyalardan maliyyə hesabatı götürməyə ixtiyarı yoxdur, ona belə bir səlahiyyət verilməməlidir”. (musavat)

İnterpress.az