“Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki…”backend

“Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilməsi mərasimində söyləyib.

Prezident bir daha qeyd edib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib: “Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.

Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Eyni zamanda, bizim digər şəhərlərdə 40-dan çox müasir Olimpiya İdman kompleksi fəaliyyət göstərir və bu, özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Biz görkəmli idmançılarımızla fəxr edirik. Bizim artıq bir çox Olimpiya çempionumuz var. Azərbaycan mötəbər beynəlxalq idman yarışlarında daim yüksək nəticələr göstərir. İki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Təsəvvür edin, bütün Avropa ölkələrinin iştirakı ilə keçirilmiş Oyunlarda Azərbaycan komandası ikinci yerə layiq görülmüşdür. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Baxın, cəmi 25 il müstəqil ölkə kimi yaşayan Azərbaycan medalların sayına görə iki yüz ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz yeddinci yerə layiq görüldük. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi. Bu, bizi sevindirir və ruhlandırır. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda qaldırılanda hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir”.

İnterpress.az