“Mən özüm də bilmirəm ki, Mehmanam, ya yox”backend

“Mən özüm də bilmirəm ki, Mehmanam, ya yox”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmədə anket məlumatlarının dəqiq olub-olmaması yoxlanılarkən M.Hüseynov hakimə bildirib ki, o özü də anket məlumatlarda yazılanların doğru olub-olmamasından xəbərsizdir.

“2014-cü ildən mənə şəxsiyyət vəsiqəsi verilmir. Ona görə də mənim şəxsiyyətimi təsdiq edən sənədim yoxdur. Mən özüm də bilmirəm ki, həqiqətən də Mehman Hüseynovam, ya yox. Mənə şəxsiyyət vəsiqəsi verilməsini təmin edin. Mən də bu məlumatlara şübhə ilə yanaşıram”- deyə M.Hüseynov hakimə cavabında bildirib.

Mehman Hüseynovun vəkili Fuad Ağayev isə çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin polisə qarşı qərəzli olması haqda hökmdə yazılanlar doğru deyil. Vəkil deyib ki, polisin Mehmana qarşı qərəzli olmasını sübut edən faktlardan biri onun ölkədən çıxışına qadağa qoyulması və şəxsiyyət vəsiqəsi verilməməsi ilə bağlıdır.

“Mehmanın 10 yanvarda məhkəmənin önündə məlum açıqlama ilə çıxış etməsinin səbəbi budur ki, o, yanvarın 9-da saxlanılan zaman şəxsi ləyaqətini alçaldan münasibət görüb. Oxşar ssenari Mehmana qarşı 2016-cı ilin dekabr ayında da planlaşdırılmışdı. Tanımadığı bir nəfər ona qarşı qəsdən əl-qol hərəkəti edərək, təxribata çəkməyə çalışsa da, Mehman qaçıb oradan uzaqlaşmaqla, təxribatın qarşısını ala bilmişdi. Mehman feysbuq səhifəsini 100 min nəfər izləyir. Onun idarəçisi olduğu “Sancaq Production” səhifəsinin isə 326 min izləyicisi var. Bu, kifayət qədər ciddi göstəricidir. Məhkəmə bu cür tanınmış şəxsə belə münasibət göstərirsə, görün, fəqir-füqəra ilə necə davranırlar?”- deyə vəkil müdafiə çıxşına əlavə edib.

Vəkil F.Ağayev bir neçə vəsatətlə də çıxış edib. O, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını və idarədəki kameraların yaddaşına baxış keçirilməsi haqda vəsatətlər qaldırıb. Vəkil deyib ki, Bakı Şəhər Prokurorluğunda Mehman Hüseynovun işgəncəyə məruz qalması haqda şikayətinə obyektiv baxılmayıb.

F.Ağayev çıxışında deyib ki, M.Hüseynovdan şikayətçi olan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin məhkəmədə CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırmaq hüququ yoxdur.

Vəkil bu çıxışını belə izah edib: “Məhkəmə polis rəisinin iddiasını qəbul edərək Mehmana iki il həbs cəzası da verib. Böhtan bir şəxsin başqası haqda yalan məlumat verməsidir. Burada söhbət hüquqi şəxsdən, hansısa qurumdan, polis idarəsindən getmir. Mehman isə həmin müsahibəsində nəinki Musa Musayevin adını çəkib, onu, ümumiyyətlə tanımayıb. Belə olan halda, ona necə böhtan ata bilər?”.

Hakim Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası müşavirədən sonra vəsatətlərin heç birinin təmin edilmədiyini açıqlayıblar.

Bundan sonra M.Hüseynovun vəkilləri hakimlərə etiraz ediblər. Vəkillər məhkəmə tərkibinin qərəzli olduğunu əsas gətirib, apellyasiya şikayətinə onların baxmasına etiraz veriblər. Amma məhkəmə təxirə salınıb.

Buna iş gününün başa çatması olub.

Növbəti məhkəmə prosesi aprelin 11-nə təyin edilib. ( musavat.com )

İnterpress.az