“Bütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsi vacibdir”backend

“Bütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsi vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırki durumundan məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Bildirilib ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur və bu müddət ərzində tərəflər arasında 35 sənəd imzalanıb və 12 sənəd layihəsi baxılmaqdadır.

Nazirlər iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün Hökumətlərarası Komissiya və Azərbaycan-Polşa parlamentlərarası dostluq qrupunun fəaliyyətini, eləcə də mütəmadi əsasda keçirilən XİN-lərarası siyasi məsləhətləşmələri təqdir ediblər.

XİN başçıları Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açıb və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb.
Vitold Vaşçıkovski ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib və adıçəkilən nəqliyyat dəhlizlərinin cəlbedici olduğunu vurğulayıb.

Görüşdə həmçinin iki ölkə arasında müdafiə sənayesi və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün aidiyyəti nazirlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi və danışıqların aparılması məsələsi müzakirə olunub.

Görüş əsnasında Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib və rəsmi Bakının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib. Nazir bütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsinin vacibliyini də xüsusi vurğuladı.

Tərəflər iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi və turizmin inkişafı məsələlərini nəzərdən keçirdilər.
Vitold Vaşçıkovski beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd etdi.

Nazirlər Azərbaycan və Avropa İttifaqı münasibətlərində toxundular. Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edildi. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

İnterpress.az