“Piter Elçin”in qardaşını güllələdən Vüsal Əsgərov məhkəmədə yaxalandıbackend

“Piter Elçin”in qardaşını güllələdən Vüsal Əsgərov məhkəmədə yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, o, ötən ilin avqustunda Sankt-Peterburqun “Sofiysk” meyvə-tərəvəz bazasında törədilmiş sifarişli qətlin təşkilində ittiham olunur.

Maraqlıdır ki, Vüsal Əsgərov məhkəməyə “zərərçəkmiş” statusunda gəlib. O, 2012-ci ildə “Sofiysk” bazasının alverçilərini qorxu altında saxlayan, Novruz Məmmədovun başçılıq etdiyi reket və adam oğruları bandasının işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, həmin il Novruz Məmmədovun bandası Vüsal Əsgərovu oğurlayıb, onu zirzəmidə saxlayıb və qohumlarından 1 milyon rubl alandan sonra buraxıb.

“Piter Elçin”in qardaşını güllələdən Vüsal Əsgərov məhkəmədə yaxalandı

Vüsal Əsgərov həmin bandanın işi üzrə məhkəmədə aprelin 10-da ifadə verib. Lakin hansısa məqamda ifadəsini yarımçıq qoyub və özünü pis hiss etdiyini deyib. Aprelin 11-də isə onun özünü qətl işi üzrə məhkəmə zalında həbs ediblər. Hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, ötən ilin avqustunda “Sofiysk” meyvə-tərəvəz bazasında “Piter Elçin” ləqəbi ilə tanınan kriminal avtoritet Elçin İsmayılovun qardaşı, “Məşədi” ləqəbli Maarif İsmayılov güllələnib. Onun qatili hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb və İsmayılovun adamları tərəfindən döyülüb.

“Killer istintaqa ifadəsində deyib ki, bu qətli törətmək üçün sifarişi Vüsal Əsgərovdan alıb. Əsgərov bu iş üzrə digər fiqurant Əfqan Əliyevə messencer üzərindən “Məşədi”nin harada olduğunu və əlamətlərini yazıb, o da məlumatları killerə ötürüb. Əsgərov artıq qətli təşkil etdiyini boynuna alıb. Deyib ki, “Məşədi”nin öldürülməsi üçün sifarişi kriminal avtoritetdən (ad çəkməyib) alıb və Əfqandan bu işi təşkil etməyi xahiş edib. O isə öz növbəsində killer tapıb”-mənbə deyib.

Maraqlıdır ki, Vüsal Əkbərov məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsinə etiraz etməyib. Belə ki, indi azadlıqda onun üçün daha təhlükəlidir, nəinki kamerada.

Xatırladaq ki, Sankt-Peterburqdakı bu qanqster müharibələrinin bir ucu da Azərbaycana çatıb. Ötən ilin avqustunda Masallı rayonunun Türkoba kəndində “Piter Elçin”in digər qardaşı, 1979-cu ildə anadan olmuş Fariz İsmayılov öz avtomobilində güllələnib. Killerlər ona “Uzi” avtomatından atəş açıblar. Qətli törədən Lənkəran sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə könüllü olaraq polisə təslim olub. O, cinayəti törətdiyi İsrail istehsalı olan \”UZİ\” markalı avtomat tapançanı və 7 ədəd gülləni polisə təhvil verib.

“Piter Elçin”in yaxınlarının bildirdiyinə görə hər iki qardaşın öldürülməsi əslində kriminal avtoritetdən qisas almaq məqsədi daşıyıb və öldürülən qardaşlar kriminal aləmə bağlı deyildilər. Fariz İsmayılov 2012-ci ildən Azərbaycana qayıtmışdı və Lənkəranda yaşayırdı.

“Piter Elçin”in kriminal aləmdə əsas düşməni ötən ilin avqustunda İstanbulda güllələnən “Rövşən Lənkəranski” olub. Bu baxımdan ehtimal edilir ki, “Məşədi”nin qətlinin təşkilatçısı sifarişi ondan alıb. Mətbuat “Piter Elçin”in hazırda kriminal aləmin faktiki liderinə çevrilən “Lotu Quli” ilə yaxşı münasibətlərinin olduğu haqda danışılır.

“Piter Elçin”in adı “Amil Lənkəranski” kimi tanınan kriminal avtoritetin qətlində keçir. Deyilənlərə görə “Piter Elçin” onu şəxsən güllələyib. “Piter Elçin”in qardaşının Masallıda güllələndiyi gün onun özü Peterburqda bu qətl üzrə məhkəmədə ifadə verirdi. Bu səbədən mətbuat Masallıdakı qətlin “Amil Lənkəranski”yə görə qisas olduğunu yazmışdı.

İnterpress.az