Roma Papası mafiozun ayağını yudubackend

Roma Papası mafiozun ayağını yudu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katoliklərin lideri Papa Fransisk Pasxa yortusu ayinlərindən öncə, Palinao şəhərində bir həbsxanaya baş çəkib. O, ayaq yuma ənənəsi çərçivəsində həbsxanadakı 12 məhkumun ayağını yuyub və daha sonra qurulayıb. Daha sonra Papa məhbusların ayaqlarını öpüb. Roma Papası Fransisk bu hərəkətləri İlə İsa Peyğəmbərə sadiqliyini nümayiş etdirdiyini deyib: “Biz hamımız günahkarlarıq. Biz özümüzü heç vaxt müqəddəs kimi aparmamalıyıq. Alçalan, təhqir olunan və rədd edilənlərin yanında olmaq lazımdır. Necə ki, İsa Peyğəmbər həmişə qulların yanında idi. Kilsənin müqəddəs borcudur ki, alçalanların yanında olsun. Hamımız rəhmli olmalıyıq. Yadda saxlamaq lazımdır ki, biz hamımız səhv edə bilərik”.

Məhbuslardan üçü qadın, biri isə müsəlman kişi olub. Romadan təxminən 60 kilometr uzaqlıqda olan bu həbsxanadakı məhkumların çoxunu İtalyan mühakiməsi ilə əməkdaşlıq edərək cəza endirimi alan mafiya mənsubları təşkil edir. Papa Fransisk ayağını yuduğu məhkumlar arasında bir mafiya üzvünün də olduğu bildirilir. Papa Fransiskdən əvvəlki papalar ayaq yuma mərasimini John Lateran Kilsəsində təşkil edirdi. 12 həvariləri təmsil etmələri üçün də rahiblər arasından seçim edilirdi. Ancaq 2013-cü ildə vəzifəyə gələn Papa Fransisk ayaq yuma mərasimini fərqli yerlərdə reallaşdırmağa başladı. 2013-cü ildə bir türməyə baş çəkən papa, aralarında bir müsəlmanın da olduğu 12 məhkumun ayağını yumuşdu. Papa, bu ənənə üçün 2014-cü ildə 12 əlili, 2015-ci ildə 12 məhbus və bir kiçik uşağı, keçən il isə 12 qaçqını seçmişdi.

Papa bu günə qədər neçə dəfə ayaq yuyub və niyə?

İnterpress.az-ın məlumatına görə, “Yeni Müsavat” isə bu günə qədər bu ənənənin tarixi barədə maraqlı fakt və detalları bir araya yığıb. Öncə ondan başlayaq ki, özündən mənsəbcə aşağı səviyyəli adamların ayağını yumaq xristianlıqda itaət və sadəlik rəmzidir. Bundan əvvəlki papalar ayaq yuma ritualını müqəddəs Con Lateran kafedralında keçirib. Papa Fransisk bir ay bundan əvvəl ali dini vəzifəyə seçilib. Əslən argentinalı sabiq kardinal Horhe Berqoqlio daim kasıblara yardım edən xeyirxah Müqəddəs Fransisin adını özünə papa titulu kimi seçib.

Ayaq yumaq xristianlıqda “xidmətinizdəyəm” mənasını verir. Papa Fransisk deyib ki, “bir-birinizə yardım edin, İsa bizə belə buyurub. Mənim bu gün etdiyim də onun buyruğunu yerinə yetirməkdir. Bunu ürəkdən edirəm. Çünki bir rahib və piskopos olaraq vəzifəm sizə xidmət etməkdir”.

Bir neçə il öncə də Fransisk “Müqəddəs Cümə axşamı ayini” üçün Rebbibia həbsxanasında 12 məhbusun ayağını yuyub. Onlardan 6-sı qadın, 6-ı kişi olub. Məhbuslar arasında həm italiyalılar, həm də fərqli ölkələrin vətəndaşları olub. Ruhani lider məhkum qadınlardan birinin azyaşlı uşağının da ayaqlarını yuyub.

Xristianların inanclarına görə, bu ayin Həzrəti İsanın çarmıxa çəkilmədən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuması ilə bağlıdır. Sonradan bu ayin Roma Papaları tərəfindən davam etdirilib.

Həbsxanaya ilk ziyarət 1983-cü ildə olub. O zaman Papa olan İkinci İohana ona sui-qəsd hazırlayan Mehmet Əli Ağcanı ziyarət edərək, onu qucaqlamışdı. İkinci ziyarəti 2011-ci ildə Papa 16-cı Benedikt edib.

Ondan bir neçə il öncə isə katolik lider Roma yaxınlığındakı “Don Gnocchi” qocalar evini ziyarət edib və burada biri müsəlman olmaqla, 12 nəfərin ayağını yumuşdu.

O bildirmişdi ki, bu sevgi və sayqının göstəricisidir: “İsa Məsihin irsi odur ki, insanlar bir-birlərinə xidmət etməlidirlər. İndi ayaqları yuyacağam. Amma qəlblərimizdə başqa işləri düşünməli, İsanın vəsiyyətinin bir-birimizi sevməyimiz və sayğı bəsləməyimiz olmasını anlamalıyıq”.

Müsəlman din xadimləri isə zaman-zaman Roma papasının bu davranışını tənqid ediblər. Çünki İslamda belə bir ənənə yoxdur. Əvəzində böyüklərin əlini öpmək, onların qarşısında baş əymək və bunun kimi müxtəlif hörmət əlamətləri var. Üstəgəl, yanaşmalardan biri də odur ki, cinayətkarın ayağının hansı cinayəti törətməsi bəlli deyil, ona görə də onu öpmək dinə uyğun deyil. Dediyimiz kimi, bu, sadəcə yanaşmadır.

Məşhurlar da, sıravilər də ərlərinin ayağını yuyurlar

Amma bu xəbər geniş ictimaiyyətə məlum olandan etibarən müzakirələrə də start verildi. Daha çox “başqasına ayağını yudurtmaq doğrudurmu” deyə suallar səslənərkən, müsəlman aləmində də bu hala rast gəlindiyi bildirildi. Xüsusən qadınların öz ərlərinin ayaqlarını yuması bizim ailə institutunda da yer alır deyə fikirlər yer almağa başladı. Kənd yerlərində bu hələ də norma kimi qəbul olunur. Bu haqda bir qədər sonra.

Hələliksə “ayaq yuma” qalmaqallarını yada salaq. Cəmi iki il əvvəl Türkiyənin Əskişəhər adlı şəhərində 45 yaşlı A.T. adlı kişinin öz həyat yoldaşını məhz ayağını yumadığı bəhanəsi ilə boşadığını bilirdiz? Bu barədə məlumata “Hürriyet” qəzetinin arxivlərində axtarış verməklə tanış olmaq mümkündür. Belə ki, inşaatda çalışan kişi hər gün işdən evə qayıdandan sonra həyat yoldaşından ayağını yumasını tələb etsə də, sonuncu bunun adət halını almasından şikayətlənib və ayaq yumayıb. Buna qarşılıq olaraq başlanan dava-dalaşlar isə öz yerini boşanmaya verib. A.T. məhkəməyə ifadəsində deyib ki, “ərinə qulluq etməyən qadının mənim evimdə yeri ola bilməz”.

Amma heç də bütün qadınlar A.T-nin xanımı kimi asi deyil. Həyat yoldaşının, sevgilisinin ayağını yumaqdan məmnunluq duyan qadınlar barədə də zaman-zaman mediadan xəbərdar oluruq. Xüsusən bu, türkiyəli sənətçilərin təqdimatında özünü tez-tez göstərir. Bu günədək “kocamın ayaqlarını yumaqdan məmnunam” deyən bir neçə qadın sənətçi olub. Bunlardan biri Seda Sayan, digəri isə Songül Karlı olub. Onların hər ikisi deyib ki, həyat yoldaşlarını çox sevdikləri üçün onun hər cür qayğısını çəkməyə hazırdılar. Amma onların bu açıqlaması Türkiyə Feministlər Dərnəyi tərəfindən ciddi etiraza səbəb olub. Dərnək fəalları sözügedən müsahibələrdən sonra onlara etiraz edərək, bu durumu qadın hüquqlarının pozulması, bunun türk qadınlar arasında təbliği kimi qiymətləndirib.

Müğənninin ayaq yuma qalmaqalı, nazirin öz seçicilərinin ayağını yuması…

Amma ayaq yuma deyib, keçməyin. Buna görə az qala “diplomatik” savaşlar da yaşanır. Məsələn, Türkiyədə yaşayan Brilyant Dadaşovanın şoumen Mehmet Ali Ərbilin yarışma verilişində “bizim qadınlar ərlərinin ayaqlarını da yuyurlar” deməsi az qala azərbaycanlı qadınların aşağılanması, millətin qürur və heysiyyatının tapdanması kimi qiymətləndirilmişdi. Baxmayaraq ki, B.Dadaşova özü bu vəziyyəti belə açıqlamışdı: “Verilişin aparıcısı Mehmet Əlinin həyatı düz gətirməyib və 4 dəfə onun ailəsi dağılıb. Hər dəfə də Türkiyənin bölgələrindən zəng edirlər, ona evlilik təklif olunur. O da tərəddüd edir və bəzən də zarafatla ”bəlkə sizin bölgədən evlənim\” deyir. Belə bir məqamda da mən dedim ki, bu dəfə də bizim bölgədən evlən, gör bəxtin necə gətirəcək. Çünki bizim qızlar ən gözəl həyat yoldaşıdır, hətta bizim zəmanəmizdə ərinin ayağını da yuyar. Mən demədim ki, qızlarımız gəlib Mehmet Əli Ərbilin ayağını yusun. Dedim ki, öz ərinin ayağını yuyar. Məgər bu, təhqirdir?\”

Amma tarix siyasətçilərin də ayaq yumasına şahidlik edib. 2010-cu ilin fevral ayında Filippində nazir seçkilərində namizəd olan rahib Eddie Villanueva xalqın dəstəyini qazanmaq üçün ilginc bir yoldan istifadə edib. Paytaxt Manilada bir tərəfdarının ayaqlarını yuyan Villanueva onu izləyən qələbəliyi də şoka salıb. Amma tarix göstərdi ki, filippinlilər ayaq yuyan nazirliyə namizədi o qədər də yüksək qiymətləndirmədi.

Ayağınızı heç kimə yuduzdurmayın, bunun üçün xüsusi vannalar var

Amma müasir texnika və tibbin imkanları o qədər genişlənib ki, ayaq yuyan xüsusi vannalar, çəkələklər belə icad edilib. Axtarış zamanı hətta ayağı yuyub, masaj edən özəl vannaların belə satışda olduğunu öyrəndik. Belə vannaların qiyməti özəlliklərindən, xüsusi funksiyalarından asılı olaraq 100-150 manat arasındadır. Yəni texnika da insanların işini asanlaşdırıb. Ayağını hər gün yuduzdurmaq istəyən şəxs artıq bunu öz pulu hesabına da edə bilər.

Amma qədim adətlərimizdə hətta evə qonaq gələn şəxsin ayaqlarını belə evin qızı, gəlini yuyur. Bu, qonağa ehtiramın əlamətlərindən biridir. Müasir günümüzdə bu ənənə qalmasa da, insanlar evinə qonaq gələn yaxın adamın ayaqqabısını silməklə ona olan hörmətlərini göstərməyə çalışırlar.

Roma Papası mafiozun ayağını yudu

İnterpress.az