“Hacı Cavad” məscidinin icma sədri danışdı:  “…Hər şey əladır”backend

“Hacı Cavad” məscidinin icma sədri danışdı: “…Hər şey əladır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 12-də Bakının “Sovetski” kimi tanınan ərazisində yerləşən “Hacı Cavad” məscidinin sökülməsinə cəhd edilməsi orada ibadət edən bir qrup dindarların kəskin etirazına səbəb oldu.

Rəsmi şəxslərin sözlərinə görə, məscidin binasının yerləşdiyi ərazi genişmiqyaslı yenidənqurma və yolların tikintisi üçün nəzərdə tutulan hissəyə daxildir. Bu baxımdan ilk olaraq qərara alınıb ki, memarlıq əhəmiyyəti olmayan bu bina da ərazidə olan digər tikililər kimi sökülməlidir. Buna etiraz edən şəxslər eyni zamanda vurğulayırdılar ki, məscid tarixi abidədir. Dindarların etirazlarını ölkə mətbuatının işıqlandırması nəticəsində məsələ ictimailəşdi.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, prezident İlham Əliyev məscidin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub: “Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”.
Nəticədə məscidin söküntüsü dayandırıldı.

Prezidentdən 4 gün sonra isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, biz dövlətimizi, onun qəbul etdiyi qərarı dəstəkləyirik: “Prezident İlham Əliyev məscidin sökülməsinin dayandırılması və vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına dair tapşırıq verib. Dindarlarımız dövlətimizin başçısının bu qərarını minnətdarlıqla qarşıladılar.

Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr dindən istifadə edərək dövlətçiliyimizə zərər vurmaq istəyirlər. Həmin üzdəniraq qüvvələr İslam dininin adına da xələl gətirirlər. Əsl dindarlarımız prezident İlham Əliyev tərəfindən atılan addımları dəstəkləyir və onun siyasətini bəyənirlər. Onlar bu cür şəxslərin öz sıralarına daxil olmasına imkan verməməlidirlər\”.

Hazırda vəziyyətin necə olduğunu öyrənmək üçün “Hacı Cavad” məscidinə yollandıq. Müşahidə etdik ki, məscidin yaxın ətrafında yerləşən bütün tikililər demək olar ki, sökülüb. Məscidin binası kənardan qəzalı görünsə də, içəridə hər şey qaydasındadır. Bildirdilər ki, məscidin çöl divarına bitişik evlər olub. Evlər hazırda söküldüyü üçün bina kənardan bu cür görünür. Bəzi saytlarda məscidin binasının tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmadığı yazılsa da, lakin binanın üzərində olan xüsusi lövhədə bunun əksi yazılıb. Lövhədə qeyd olunub ki, abidə dövlət tərəfindən qorunur.

Ərazidə artıq qazma işləri aparılır və fəhlələrin sözlərinə görə, burada kanalizasiya, su xətləri tamamilə dəyişdirilir. Lakin məscidin söküntüsü istiqamətində heç bir fəaliyyət müşahidə etmədik. Biz orada olduğumuz zaman dindarlar məscidə rahatlıqla daxil olub, ibadətlərini edirdilər. Onlarla söhbətimiz zamanı bildirdilər ki, söküntü ilə bağlı artıq problem həll olunub. Heç bir rəsmi qurum onları bununla bağlı narahat etmir. Dindarlar, prezidentin işə qarışmasından məmnun olduqlarını bildirdilər.

Məscidin icma sədri Kənan Əzizov orada olmasa da, onunla telefon danışığımız baş tutdu. İcma sədri “Yeni Müsavat”a bildirdi ki, onlar prezidentin tapşırığı əsasında yaradılan komissiyanın verəcəyi qərarı gözləyirlər: “Heç bir söküntü, heç bir narahatçılıq yoxdur. Prezidentin tapşırığından sonra hər şey əladır. Biz də həmişəki qaydada fəaliyyətimizə davam edirik. İnsanlara müraciət edərək, onları səbirli olmağa çağırıram. Kimliyindən asılı olmayaraq, hər kəs gərək səbirli olsun. Dövlətimiz ədalətli qərar çıxarıb. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

“Hacı Cavad” məscidi 1912-ci ildə inşa edilib. Bir neçə ildən sonra isə Azərbaycanda sovet işğalı başlayıb və məscid fəaliyyətini dayandırıb. Uzun illər – Sovet illəri ərzində bu məscid təyinatı üzrə istifadə edilməyib.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra isə məscidin fəaliyyəti bərpa edilib və bir müddətdir dindarların ixtiyarındadır. Burada eyni anda 350-400 nəfərin namaz qıla bilməsinə şəraitin olduğu qeyd olunur. Məscidin minarəsi mövcud deyil.

Onu da qeyd edək ki, “Sovetski”də aparılan bərpa işləri, hələ köçürülməyən əhalinin kommunal problemlərlə üzləşməsinə səbəb olub. Ərazidə reportaj hazırlayan zaman sakinlər söylədilər ki, bir neçə gündür su problemi yaşayırlar. Su xətləri köhnə olduğu üçün qazma işləri zamanı sıradan çıxır. Sakinlər söylədilər ki, artıq “Azərsu” ASC tərəfindən mənzillərə gedən su xətləri dəyişdirilir və yeni plastik borular çəkilir. Elə orada olduğumuz zaman biz də bunun şahidi olduq.

İnterpress.az