“Akif Çovdarov məni döyüb, 300 min manat pul tələb etdi”backend

“Akif Çovdarov məni döyüb, 300 min manat pul tələb etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tofiq Rəcəbov digər zərərçəkmiş Elçin Hacıyevin epizodu üzrə ifadə verib.

Jurnalistlərə açıqlqma verən A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, T.Rəcəbov hadisə günü saat 13:00 radələrində MTN əməkdaşları tərəfindən Nizami küçəsində saxlanılıb, 2 saatdan sonra isə azadlığa buraxıldığını söyləyib: \”Tofiq Rəcəbov ifadəsində qeyd etdi ki, o, Elçinlə Həsən adlı şəxsə brilliant göstərməyə gedib. Oradan qayıdandan sonra isə saxlanılaraq, nazirliyin inzibati binasına aparılıblar. Tofiqin sözlərinə görə, o, hadisənin axşamı Elçin Hacıyevlə görüşüb. Elçin ona deyib ki, MTN əməkdaşlarına pul verib. Lakin o, Elçinin 80 min manat pul verdiyini görmədiyini bildirib. O, Elçinlə münasibətinin pozulduğunu deyib.

Vəkil qeyd edib ki, zərərçəkmişin istintaqla məhkəmə ifadəsi arasında ziddiyyətlər var. Həmin ziddiyətə aydınlıq gətirən T.Rəcəbov istintaq zamanı ifadəsini oxumadan imzaladığını bildirib: \”O, nazirlikdə hər hansı təzyiqə məruz qalmadığını, brilliantı Azərbaycana Arda adlı şəxsin gətirdiyini, özünün vasitəçi olduğunu söylədi. Hətta Tofiq Rəcəbov iclasda heç bir tələbinin olmaması barədə ərizə yazıb məhkəməyə təqdim etdi\”.

Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş qismində Qədim Ədilov dindirilib. O, MTN əməkdaşlarından S.Məmmədova 300 min manat pul verdiyini söyləyib. S.Rəsulov bildirib ki, Q.Ədilovun istintaq və məhkəmə zamanı ifadələri arasında ziddiyyət olub. Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib. Q.Ədilov istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb. Q.Ədilov bildirib ki, S.Məmmədovla 2014-cü il sentyabr ayının 7-də saat 18-19 radələrində görüşüb. Daha sonra S.Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu məhkəməyə təqdim edib. Həmin sorğuda göstərilib ki, S.Məmmədovun qeyd edilən saatda işdə olub. Q.Əbilov istintaqa verdiyi ifadəsində MTN-də A.Çovdarovun onu döyüb təhqir etdiyini bildirib: “3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Akif Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif Əliyev sağında, Səlim Məmmədov solunda oturmuşdu. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Akif Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

Məhkəmənin növəti iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət
sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

İnterpress.az